12 Fevral 2017
Mətni dəyiş
Ukrayna şairi Sergey Zhadan Belarusdan çıxarılıb.
Minskə poeziya festivalında iştirak etməyə gələn yazarı oteldə saxlayıb milisə aparıblar, bir gecə kamerada saxlayandan sonra ölkədən qovublar.
Bu barədə Zhadan sosial şəbəkədə məlumat yayıb. Bildirib ki, onun pasportuna qeyri-müəyyən müddətə Belarus ərazisinə girməsinə qadağa qoyan ştamp vurulub.
"Azadlıq Radiosu"-nun məlumatına görə, Sergey Zhadan Ukrayna xarici işlər nazirliyini Belarusla diplomatik əlaqələri qırmağa çağırıb. Minskdəki Ukrayna səfirliyi məsələyə aydınlıq gətirməsi üçün Belarus XİN-ə nota yollayıb. Belarus tərəfi hələ ki, insidentlə bağlı mövqeyini bildirməyib.
Amma yazara deyilib ki, onun Rusiya ərazisinə daxil olmasına bir müddətdir ki, "terrorçuluq fəaliyyətinə görə" qadağa qoyulub. Belarusla Rusiya arasında razılaşma var ki, birinin ərazisinə buraxılmayan şəxs o birisinin də ərazisinə girə bilməz. Bu vizasız zonaya Rusiya, Belarus, Qazaxıstan daxildir.
Zhadan Ukraynadakı qərbyönümlü inqilabın qatı tərəfdarlarından olub. Ukrayna ordusunun rusiyameylli separatçılara qarşı "anti-terror əməliyyatı"nı dəstəkləyir.
Nobel mükafatlı Belarus yazıçısı Svetlana Aleksiyeviç Zhadan-ın ölkədən çıxarılmasına münasibət bildirir
Son illər Rusiya və Ukrayna qarşılqlı olaraq xeyli şəxsi bu cür "qara siyahı"ya salıblar. Ukrayna da Krımın Rusiya tərəfindən ilhaq olunmasını dəstəkləyən rus sənətçilərini və siyasətçilərini ərazisinə buraxmır.
Ötən ilin mayında Belarusa Ukrayna Ali Radasının vitse-spikeri İrina Gerashenko-nun girişinə də icazə verilməmişdi. O da Rusiyanın öz ərazisinə buraxmadığı şəxslər siyahında imiş.
Sonradan Gerashenko-ya Bearusa qısa müddətə girməyə icazə verilmişdi. Amma onun adı hələ də Rusiyanın "qara siyası"nda qalır.
TƏSADÜFMÜ?
Bir neçə gün əvvəl Belarus beynəlxalq razılaşma ilə əsaslandırdığı daha bir addım atmışdı.
Belarus tərəfi Minskdə saxladığı rusiyalı-israilli blogger Aleksandr Lapshin-i Rusiya onun vətəndaşının üçüncü ölkəyə təhvil verilməsinin yolverilməz olduğunu desə də, Azərbaycana təhvil vermişdi.
Belarus prezidenti Aleksandr Lukashenko demişdi ki, Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etmiş Lapshin-in həbsi üçün Azərbaycan İnterpola müraciət edib, Belarus hüquq-mühafizə orqanları da onu həbs ediblər.
Lapshin Azərbaycana gətirilib və mühakimə olunacaq.
Son dövrlər Rusiya ilə Belarus arasında gərginlik yaranıb, Moskva ilə Minsk Belarusa satılan neftin qiymətində razılğa gələ bilmirlər. Rusiya Belarusa satdığı neftin həcmini azaldıb. Lukashenko beynəlxalq məhkəməyə üz tutacağını deyib.