14 Fevral 2017
Mətni dəyiş
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək".
APA xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər naziri Mikheil Janelidze fevralın 13-ü azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Gürcüstan regionda energetika və nəqliyyat layihələrinə önəm verir. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryol layihəsi istifadəyə veriləcək.
M.Janelidze bəyan edib ki, Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir: "Əməkdaşlığımız Avropa Birliyinin «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində də davam edir. Azərbaycanı Avropa Birliyi ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik".
Elmar Məmmədyarov isə deyib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb.
O qeyd edib ki, Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
E.Məmmədyarov vurğulayıb ki, M.Janelidze ilə görüşdə hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb: "GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksəksəviyyəli görüş nəzərdə tutulur".
Qeyd edək ki, 1997-ci ildə yaradılan GUAM Regional Birliyinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.
E.Məmmədyarov mətbuat konfransında onu da deyib ki, bu ilin birinci yarısında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.