14 Fevral 2017
Mətni dəyiş
Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına qatılmaqda maddi çətilik çəkdiyi iddia edilən ölkələr Özbəkistan, Misir, Livan və Küveytdir, BBC Azərbaycancaya araşdırma zamanı məlum olub.
Dünya Bankının 2016-cı ildə açıqladığı hesablamalara əsasən bu ölkələr aşağı və yuxarı-orta gəlirli, həmçinin yüksək gəlirli dövlətlərdir.
Hazırda rəsmi olaraq 53 ölkə oyunlara qatılması ilə bağlı rəsmi qeydiyyatdan keçib və ümumilikdə yarışlarda 3000-3500 atletin iştirakı gözlənilir, oyunların Əməliyyat Komitəsinin BBC Azərbaycancaya verdiyi məlumatda deyilir.
Nazir, Azad Rəhimov yerli mediaya ilk açıqlamasında Azərbaycanın güzəşt edəcəyi ölkələrin sayının 7 olduğunu dedikdən sonra qeydiyyatdan keçən 3 ölkənin güzəştli əsaslarla keçib-keçmədiyi də məlum deyil.
Digər dörd ölkə - Misir, Küveyt və Livan 2005 və 2013-cü illərdə keçirilən birinci və üçüncü İslam Həmrəylik Oyunlarının hər ikisinə qatılıb. Özbəkistan bugünə qədər İslam Həmrəylik Oyunlarının heç birinə qatılmayıb.
Yüksək gəlir və maliyyə çətinliyi
Dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək Azərbaycan, oyunlara qatılmaqla bağlı maliyyə çətinliyi olan ölkələrə dəstək olaraq gündəlik 50 dollarlıq xərcdə müəyyən güzəştlər etməyi düşündüyünü açıqlayıb. Güzəştin məbləği açıqlanmır.
Dünya Bankının ölkələrin gəlirlərinə əsasən 2016-cı ilin sonunda yaydığı hesablamada Özbəkistan və Misir aşağı-orta gəlirli, Livan yüksək-orta gəlirli, Küveyt isə yüksək gəlirli ölkə hesab olunur. Azərbaycan cədvəldə yüksək-orta gəlirli ölkələr sırasına daxildir.
İqtisadi təhlilçi Rəşad Həsənov deyir ki, Özbəkistan adambaşına düşən büdcə xərcləməsi (720 dollar) və ÜDM (6800 dollar) həcminə görə Azərbaycandan geridə qalsa da gəlirlərin bölüşdürülməsi indeksinə görə irəlidədir.
"Azərbaycan vətəndaşı ilə Özbəkistan vətəndaşının rifahı arasında fərq adambaşına düşən ÜDM-in rəqəmlərindəki kimi 2,5 dəfə fərqlənmir, orda cuzi fərq var. Statistika isə göstərir ki, Azərbaycan bu ölkədən kifayət qədər varlıdır", cənab Həsənov bunun səbəbi kimi "Özbəkistanda gəlirlərin bölüşdürülməsində təbəqələşmə daha azdır" deyə izah edir.
Misirdə də təbəqələşmənin daha az hiss olunduğunu deyən təhlilçi əlavə edir ki, ötən il ölkənin adambaşına büdcə xərcləməsi 976 dollar, ÜDM-in həcmi isə 12 min 100 dollar olub. Azərbaycanda bu rəqəmlər müvafiq olaraq 1233 və 17 min 700 dollar civarnda qiymətləndirilib.
Korrupsiya və sui-istifadə
İqtisadçı Natiq Cəfərli düşünür ki, Azərbaycanın bu oyunlarda imicə hesablanmış addımlar ata biləcəyindən agah olan ölkələr "bundan sui-istifadə edə bilər".
İqtisadi təhlilçi Qubad İbadoğlu yüksək orta gəlirli ölkə kimi yüksək gəlirli ölkənin xərcini çəkməsini "absurd" adlandırır və burda "korrupsiya marağının ortaya çıxması" ehtimalını irəli sürür.
"Daha çox ölkə qatılanda, daha çox vəsait ayrılıb xərc olanda, hesabatlılıq, şəffaflıq, ictimai nəzarət yoxdursa və mətbuat bu prosedə iştirak etmirsə, bunu daha çox mənimsəmək də mümkündür", cənab İbadoğlu öz ehtimalından danışır.
Bu iddialarla bağlı Gənclər və İdman nazirliyindən rəy almaq mümkün olmayıb.
Əlavə xərc olacaq?
Ötən ilin dövlət büdcəsindən fərqli olaraq, 2017-ci ilin dövlət büdcəsində beynəlxalq tədbirlərə ayrılacaq vəsait haqda hər hansı məlumat yoxdur.
Dövlət büdcəsində prezidentin və dövlətin ehtiyat fondunun, o cümlədən əsas bölmələrə aid edilməyən əlavə xərclər ümumilikdə 1.2 milyard manata yaxın olsa da, vəsaitin xərclənmə istiqamətlərinin təsnifatı verilməyib.
Cənab İbadoğlu deyir ki, ötən illlərdə keçirilən idman yarışlarına xərclənən rəqəmlər növbəti il hökumətə təqdim olunan hesabatda nə detallı, nə də ümumi şəkildə hansısa konkret tədbirlər üzrə verilib.
"Demək olar ki, eyni şeydir davam edir", iqtisadçı bu ilki dövlət büdcəsində beynəlxalq idman yarışlarına ayrılan vəsaitlərin ayrıca göstərirlməməsinin səbəbini izah edərkən deyir.
Gənclər və İdman naziri ötən il yerli mediaya açıqlamasında deyib ki, İslam Həmrəylik Oyunlarının keçirilməsi üçün 100 milyon dollar nəzərdə tutulub. Onlardan 60 milyon dolları 2016-cı il, qalan hissəsi 2017-ci il xərclənəcək.
Azərbaycanın bəzi ölkələrə güzəştə getməyə hazırlaşması büdcədə əlavə xərcin yaranıb-yaranmaması haqda nazirlikdən məlumat almaq mümkün olmayıb.
İqtisadi təhlilçi Qubad İbadoğlu güzəştin səbəb ola biləcəyi əlavə xərcin həcmini deməkdə çətinlik çəkir.
"Ayrı-ayrı xərc maddələri üzrə smeta tutulmalıdır, amma təəssüf ki, nə smeta var, nə də büdcədə məlumatları", deyə iqtisadçı onların idman yarışlarına xərclənən vəsaitin detallı xərcləmə sənədlərinə çıxış imkanlarının olmadığını qeyd edir.
İqtisadçı Natiq Cəfərlinin hesablamalarına görə, bu məbləğ "böyük deyil".
"Ölkənin hazırki iqtisadi vəziyyəti fonunda belə bir addımın atılması sadəcə neqativ reaksiya doğurur", o deyir.
İslam Həmrəylik Oyunları ilk dəfə 2005-ci ildə, Səudiyyə Ərəbistanda keçirilib.
2010-cu ildə oyunların ikinci dəfə İranda keçirilməsi haqda razılıq əldə olunsa da, Səudiyyə Ərəbistanla aralarında yaranan mübahisə səbəbindən oyunun keçirilməsi ləğv olunub. Üç ildən sonra beynəlxalq idman yarışının ev sahibi İndoneziya olub.
Nazir bir müddət əvvəl əsas məqsədin 57 İslam ölkəsinin hamısının Bakıdakı yarışda iştirakını təmin edərək rekord vurmaq olduğunu deyib.
Buna qədər ən çox ölkə Birinci İslam Həmrəylik Oyunlarına qatılıb, 55 dövlət. Üçüncü yarışda 41 ölkə təmsil olunub.