İran səfirliyi: Bizim ünvanımıza ittihamlar yalandır

İran səfirliyi: Bizim ünvanımıza ittihamlar yalandır
2 Fevral 2017
Mətni dəyiş
İranın Bakıdakı səfirliyi fevralın 2-də REAL hərəkatının fəallarına pul verdiyi barədə ittihamları təkzib edən bəyanat yayıb.
“Bir daha Azərbaycan Respublikasının bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq. Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar”.
Səfirlik iddia edir ki, bu dəfə İran İslam Respublikasının Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib.
“Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib”, deyə bəyantda qeyd edilir.
Xatırladaq ki, söhbət İranlı diplomatın yanvarın 27-də REAL hərəkatının ofisinə getməsindən və onun rəhbərliyi ilə söhbətindən gedir.
Bir neçə gün sonra Eynulla Fətullayev öz saytında bildirib ki, İran diplomatı REAL-a pul verib.
Bu, Azərbaycan Baş Prokurorluğunun araşdırmaya başlayaraq, REAL üzvlərini hər gün dindirməyə çağırması üçün əsas olub.
Maraqlıdır ki, Fətullayevin özünü sorğuya çəkib belə bir məlumatı haradan əldə etdiyini öyrənmək prokurorluğun ağlına gəlməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun