İlqar Məmmədova məktub kampaniyası keçirilib [Foto-Video]
5 Fevral 2017
Mətni dəyiş
Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədovun həbs edilməsinin 4-cü ildönümündə "Məktub günü" kampaniyası keçirilib.
Fevralın 4-də REAL Hərəkatının qərargahında İlqar Məmmədovun həbs edilməsinin 4-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Hərəkatın üzvləri, dəstəkçiləri və ictimaiyyət nümayəndələri həbsdə 4-cü ilini qeyd edək İlqar Məmmədova dəstək məktubları yazıblar.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apelyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apelyasiya Məhkəməsinə göndərmişdi.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Beynəlxalq "Amnesty International" təşkilatı İlqar Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb və onun azadlığa buraxılmasını israrla tələb edib.