İlham Əliyev Mikail Müşfiqin abidəsini sökənlərin cəzalandırılmasını tapşırıb

İlham Əliyev Mikail Müşfiqin abidəsini sökənlərin cəzalandırılmasını tapşırıb
28 Fevral 2017
Mətni dəyiş
“Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib”.
Bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya açıqlamasında deyib.
Əli Həsənov bildirib ki, İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb: “Cənab prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalanacaq”.
Qeyd edək ki, dünən Mükayıl Müşfiqin adını daşıyan parkda yerləşən büstün “Azəravtoyol” ASC tərəfindən götürüldüyü barədə məlumat yayılıb. “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”ndən bildiriblər ki, “Azəravtoyol” məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb.
“Azəravtoyol” ASC-dən isə bildirilib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil. Qeyd olunub ki, keçmiş Sovetski küçəsində yenidənqurma və genişləndirmə işləri aparıldığından büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun