Hökümət Rəsul Cəfərovun kompensasiyasını ödəmir

Hökümət Rəsul Cəfərovun kompensasiyasını ödəmir
7 Fevral 2017
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsinin hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında qərarının qəbulundan bir ilə yaxın vaxt keçsə də, qərar hələ icra olunmayıb.
Məhkəmənin müəyyənləşdirdiyi 32 min 500 avroluq kompensasiyanı hökumət hüquq müdafiəçisinə ödəmir. AzadlıqRadiosu-nun xəbərinə görə, bu haqda Rəsul Cəfərov özü məlumat yayıb.
SORĞUYA DA CAVAB VERİLMİR
Rəsul Cəfərovun Prezidentin əfv sərəncamıyla azadlığa çıxmasıyla Avropa Məhkəməsinin onun həbsiylə bağlı qərarı eyni günə təsadüf etmişdi - 17 mart 2016-cı il.
Hüquq müdafiəçisi deyir ki, qərarın icrası, o cümlədən kompensasiyanın verilməməsilə əlaqədar Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsinə informasiya sorğusu ilə müraciət edib. Amma hələ ki, cavab yoxdur. Hüquq müdafiəçisi bir müddət də cavabı gözləyəndən sonra məhkəməyə müraciət etmək niyyətindədir.
R.Cəfərov özü 11 aydır həbsdən çıxsa da, bank hesabı üzərindəki həbs hələ də qalır. Dediyinə görə, Baş Prokurorluq bu məsələ ilə əlaqədar müraciətlərinə cavab vermədiyindən məhkəməyə üz tutub. Amma, hələlik, məhkəmənin vaxtı bəlli deyil.
Ölkəyə giriş-çıxış zamanı yoxlamaya, bəzən də axtarışa məruz qaldığını deyən hüquq müdafiəçisi buna görə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsini də məhkəməyə verib.
R.Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı daha bir işi hazırda Ali Məhkəmənin icraatındadır. Çünki Yasamal rayon Məhkəməsi onun bu məsələyə dair müraciətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.
Hüquq müdafiəçisi eyni zamanda, təşkilatının – İnsan Haqları Klubunun Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmaması ilə əlaqədar Avropa Məhkəməsinin qərarını gözləyir.
XATIRLATMA
Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əməllərdə suçlanan hüquq müdafiəçisinə Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il 6 aylıq həbs cəzası kəsib. Hökmdə müəyyən edilən vergini ödədiyinə görə sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.
Beynəlxalq təşkilatların «vicdan məhbusu» elan etdiyi Rəsul Cəfərov 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb. Elə həmin gün Avropa Məhkəməsi onun həbsiylə bağlı qərarını açıqlayıb. Hüquq müdafiəçisinin azadlıq hüququnun pozulduğu təsdiqlənib və buna görə 32 min 448 avro kompensasiya müəyyənləşdirilib.
Ötən ilin martında 10-dan çox siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılsa da, yerli və beynəlxalq hüquq müdafiəçiləri 100-dən artıq məhbusun siyasi motivlərlə cəza çəkdiyini bildirir. Hakimiyyət təmsilçiləri isə bu ittihamları rədd edir, vətəndaşların yalnız konkret cinayətlərə görə həbs olunduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun