13 Fevral 2017
Mətni dəyiş
Ruslan Qara
Gürcüstanda iki günlük səfərdən sonra, doğma vətənimizə qayıdırdıq - maşınla. Sərhədi Qazax rayonunun "Qırmızı körpü" adlı ərazidən keçmək çətin olduğuna görə, Lagodex-Balakən istiqamətindən yola düşməyi qərara aldıq. Birinci yoldan fərqli olaraq, bu istiqamətdə yol yarıya qədər çox narahatdır. Müsbət tərəfi isə odur ki, şəxsi avtomobillər üçün növbə problemi yoxdur. Bu sərhəd məntəqəsində uzun-uzadı növbə yalnız TIR-lar üçündür.
10 dəqiqəyə Lagodexidən Azərbaycanın səfalı guşələrindən biri olan Balakənə yol aldıq. Nə deyim, həqiqətən gözəl yerlərdir. Ölkəmizin bu guşəsinə yolum ilk dəfə düşdüyündən, diqqətim ancaq yol qırağındakı işarələrdə və kəndlərin adında idi. Bir tərəfdən də Google Map programını izləyirdim ki, qaranlıqda azmayaq. Adları dəqiq yadımda qalmasa da, Balakənə girəndən sonra düz üç kəndin adının Azərbaycan leksikonuna aid olmayan sözlərlə yazılması, məni çox məyus etdi.
Bir anlıq elə düşündüm ki, hələ də Gürcüstan ərazisindəyik. Fərq etməz, uzun və ya qısa müddətə, harda olursan ol, vətənə qayıdan kimi yurdunu-yuvanı andıran kiçik bir işarət belə sənə özgüvən, rahatlıq, əminlik verir. Bəlkə də vətən həsrəti deyilən nisgilin kökü bundadır. Anlatmaq çətindir.
Yanlış anlamayın, məqsədim etnik-milliyətçilik deyil. Sadecə, ilk gördüyümdə məndə yaranan təəssüratı izah etməyə çalışıram.
Azərbaycan ərazisində ən azı 3-4 kəndin adının Azərbaycan dilində yazılmaması ağırıma gəldi. Gəl indi bu gürcü soydaşlarımıza sübut et ki, bu kəndlər Azərbaycana məxsusdur. Uzun bir məsafədə gözüm doğma dilimizə aid adlar axtara-axtara gəldik. Nəhayət, öz ana dilimizdə yazılmış kənd adını oxumaq şərəfinə nail oldum.
İçimdən bir səs “Bura dəqiq Azərbaycandır" deyə bildi. Budur, Balakənin Azərbaycan dilində yazılmış ilk kəndi - Qullar. Açıq deyim ki, bu kəndin adı da heç sinəmə yatmadı.
Avropaya vizasız gedən gürcülərin havasını görüb, bir də gəlib ilk nəfəsdə “qullar”ın arasına düşmək bir az boğur adamı, doğrusu. Kəndlərin adını dəqiq yazmaq üçün yenidən "Google Map"da axtarış verdim. Həmin kəndi ("Qullar"ı) xəritədə tapa bilmədiyimdən, axtarış hissəsinə "Qullar" yazdım və məlum oldu ki, nəinki Balakəndə, Qusar sərhədində də ilk Azərbaycan kəndinin adı “Qullar”dır!
Bircə o məşhur Spartakın yeri əskikdir. Qorxuram ki, Spartak da bu halından məmnun olan qulları görüb, döyüşmək əvəzinə intihar edə. Onsuz da, intihar quldarlıq dövrünə doğru geri sürüşən ölkənin gündəminə möhkəmcə oturub.
Spartak demişkən düşünməyin ki, belə şəxsiyyətlər yalnızca başqa ölkələrdə ya da başqa tarixlərdə var. Azərbaycanda da məhz köləliyə vurduğu o dəhşətli zərbəyə görə adı tarix kitalarından silinməyəcək Qiyas və Bayram kimi azadlığın qulları var.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.