Gülağa Aslanlı: "Ora toplaşanlar hakimiyyətin səviyyəsini ifadə ediblər "
2 Fevral 2017
Mətni dəyiş
Fevralın 2-də 50 nəfərə yaxın adam Müsavat Partiyasının qərargahı önündə etiraz aksiyası keçirib. Bunu Turan-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, aksiyaya səbəb Müsavat Partiyası rəhbərliyinin və partiyanın keçmiş başqanı İsa Qəmbərin hakimiyyətin ünvanına tənqidlər səsləndirməsidir. “Yanvarın 31-də 1918-20-ci illər Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı Novxanı kəndində keçirilən tədbirdə mövcud hakimiyyətin ünvanına ciddi tənqidlər səsləndi, hakimiyyət avtoritarlıqda, qeyri-demokratiklikdə suçlandı”, -G.Aslanlı bildirib.
G.Aslanlının fikrincə, bugünkü etiraza toplaşanlar öz aləmlərində Novxanıdakı tənqidlərə cavab reaksiyası nümayiş etdiriblər.
Müsavat rəsmisi hesab edir ki, ora toplaşanlar öz mövqelərini yox, hakimiyyətin mövqeyini, səviyyəsini ifadə ediblər və belə ssenarilər Müsavat Partiyasına tanışdır.
G.Aslanlı bildirib ki, Müsavat Partiyası qərargahı önünə toplaşanlar “Yaşasın Heydər Əliyev, yaşasın İlham Əliyev, rədd olsun İsa Qəmbər, rədd olsun Arif Hacılı, rədd olsun Müsavat Partiyası!” şüarlarını səsləndiriblər.
G.Aslanlı bildirib ki, Müsavat Partiyası önünə toplaşanlar ora polisin müşayətilə gəliblər, aralarında mülki geyimli polis nəfərləri də olub.
G.Aslanli bu hadisənin partiya rəhbərliyində müzakirə olunacağını və dəyərləndiriləcəyini də bildirib