25 Fevral 2017
Mətni dəyiş
Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb.
G.Aslanlı Turan-a bildirib ki, o, “saxta sənədlərlə mühacir statusu almaq istəylənlərin işi” üzrə şahid kimi dindirilib.
“Prokuroluq iddia edir ki, kimlərsə saxta sənədlərlə mühacir ststusu alır və buna görə Müsavat Partiyasını da təqsirləndirmək istəyirlər”, - o qeyd edib.
“Mən xatırlatdım ki, hələ 2015-ci ildə bu məsələ qaldırılanda, bizə qarşı ittihamlar olanda məhkəməyə müraciət etdik və məhkəmə də bizim xeyrimzə qərar çıxardı”, - o vurğulayıb.
Söhbət İsveçrədə yaşayan Elbəy Həsənlidən gedir. O, G.Aslanlını Müsavat Partiyasına məxsus saxta üzvlük sənədlərin verilməsində ittiham edib.
“O zaman Nizami Rayon Məhkəməsi E.Həsənlinin yalan danışdığını müəyyən edib və təkzib verərək üzr istəməsini tələb edib. Bununla belə, prokurorluq bu işi davam etdirir”, - G.Aslanlı bildirib.
“Ancaq bu, prokurorluğa çağırmaq üçün bəhanədir. Əslində hakimiyyət Müsavat Avropa Koordinasiya Mərkəzinin (MAKM) yaradılmasından və Almaniyada qeydiyyatdan keçməsindən, aksiya keçirməsindən narahatdır”, - G.Aslanlı bildirib.
“Bu qurumun adında Müsavat sözü olsa da həmin qurumun partiyaya aidiyyatı yoxdur.
Odur ki, hakimiyyət Müsavat Partiyasına və Müsavat Avropa Koordinasiya Mərkəzinə təzyiq etmək üçün vasitələr axtarır”, - G.Aslanlı qeyd edib.
Mərkəz 2015-ci ildə yaradılıb və 2016-cı ildə qeydiyyatdan keçib.
Xatırladaq ki, fevralın 27-də Müsavat Partiyasının keçmiş və indiki rəhbərləri İsa Qəmbər və Arif Hacılı da prokurorluğa çağırılıblar.