İnternet nəhəngi Google, "Dünyanın ən dəyərli markaları" siyahısında iPhone və MacBook cihazları istehsalçısı "Apple"-ı geridə qoyaraq zirvəyə yüksəldi.
"Brand Finance" şirkətinin nəşr etdiyi 2017-ci il Global 500 adlı hesabatda, "Google"-un marka dəyəri keçən ilə nisbətdə 24% artaraq, 109,5 milyard dollara yüksəlib. Keçən ilki hesabatda "Google"-un marka dəyəri 88,2 milyard dollar olaraq təyin edilmişdi. Beləcə "Google", "Apple"-ı keçərək dünyanın ən qiymətli markası oldu.
"Aljazeera" xəbər verir ki, hesabatda dünyanın ən böyük markalarının müştərilərinə çatmasını təmin edən "Google"-un axtarış mühərrikinin müvəffəqiyyətinə diqqət çəkilərkən, şirkətin bu xidmətdən təmin etdiyi reklam gəlirlərinin də keçən il ildən bu ilə 20 % artdığı vurğulanıb.
Hesabatda "Apple"-ın marka dəyərinin keçən ilə müqayisədə 27 % azalaraq 107,1 milyard dollara düşdüyü ifadə edilib. Şirkətin keçən ilki marka dəyəri 145,9 milyard dollar olaraq təyin olunmuşdu.
2011-ci ildən bəri 6 il ardıcıl dünyanın ən qiymətli markaları siyahısının zirvəsində olan "Apple", bu il 2-ci sıraya geriləyib.
Hesabatda "Apple"-ın sadiq müştərilərinin firmaya olan inancını itirməyə başladığı qeyd edilərkən, "Apple, müştərilərinin yaxşı niyyətini həddindən artıq dərəcədə istismar edib. "Apple Watch" kimi yeni məhsullar əhəmiyyətli gəlir yaratmaqda müvəffəqiyyətsiz oldu və şirkət istehlakçılarının arzuladığı yenilikçi texnologiyaları ortaya qoya bilmədi", ifadəsinə yer verilib.
Bu qiymətləndirməyə qarşı olaraq Apple, son rübdə rekord qırdığını açıqlayıb. Şirkət, 78,4 milyard dollar gəlir və 17,89 milyard dollar mənfəət əldə etdiyini vurğulayıb.
Dünyanın ən qiymətli markaları siyahısında ABŞ-da yerləşən e-ticarət nəhəngi "Amazon" bu il üçüncü sıradakı yerini qoruyub. "Amazon"un marka dəyərinin keçən ilə müqayisədə 53 % artaraq bu il 106,4 milyard dollara çatdığı bildirilib.
Amazonun gələcək 18 ay içində ABŞ-da 100 min nəfərlik yeni məşğulluq yaratmağı vəd etdiyinə diqqət çəkilən hesabatda, şirkətin gələcək il dünyanın ən qiymətli markaları siyahısında zirvədə iştirak edə biləcəyi məlumatına də yer verilib.
Siyahıda dördüncü sırada ABŞ-ın telekommunikasiya nəhəngi "AT & T", beşinci sırada "Microsoft" və altıncı sırada "Samsung" yer alarkən, bir digər amerikan telekommunikasiya şirkəti "Verizon" yeddinci, pərakəndə şəbəkəsi "Walmart" səkkizinci, "Facebook" doqquzuncu və Çinə aid "ICBC" onuncu oldu.
"Brand Finance" dünyanın ən qiymətli markaları siyahısını yaradarkən, istehlakçıların şirkətə olan duyğusal bağı, şirkətlərin maliyyə performansı, keçmişdə olan və nəzərdə tutulan gəlir miqdarları ilə bərabər, firmaların əsas fəaliyyətləri, lisenziya razılaşmaları və portfel rəhbərlikləri kimi faktorların göz önünə alındığı məlumatı da paylaşılıb.