17 Fevral 2017
Mətni dəyiş
ABŞ Dəniz Piyadaları Korpusunun generalı, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Joseph Dunford və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı Valery Gerasimov fevralın 16-da Bakıda keçirilən görüşlərində geniş müzakirələr aparıblar.
"Turan" agentliyinin Ağ evə istinadən həmin görüşün detalları barədə xəbərində belə deyilir.
Agentlik bildirir ki, onlar Amerika-Rusiya hərbi əməliyyatları, Avropa, Yaxın Şərq və digər mühüm regionlarda təhlükəsizlik sahəsində beynəlxalq vəziyyət haqqında fikir mübadiləsi aparıblar.
ABŞ və Rusiya hərbiçiləri qərəzsiz insidentlər riskini azaltmaq məqsədilə hərbi əməliyyatların təhlükəsizliyinin artırılması üzrə səy göstəriblər.
ƏLAQƏLƏRİ GÜCLƏNDİRMƏK BARƏDƏ RAZILIQ
Onların həmçinin, sabitləşdirici tədbirləri təmin etmək məqsədilə əlaqələri gücləndirmək barədə razılığa gəldikləri bildirilir.
Bu, iki hərbi rəhbərin ilk üzbəüz görüşü idi, daha əvvəl onlar telefonla danışmışdı.
"Söhbət etdiyin insanın üzünü görmək vacibdir", - deyə görüş iştirakçısı, dəniz piyadaları generalı Frank McKenzie bildirib.
O əlavə edib ki, telefonla əlaqə saxlamaq heç vaxt çətin deyil. Ancaq masa arxasında oturub həmsöhbətinə baxmağın müəyyən üstünlüyü var.
Bu, 2014-cü ilin yanvarında V.Gerasimov-un Brüsseldə Birləşmiş Qərargah Rəisləri Komitəsinin ovaxtkı sədri general Martin Dempsey ilə görüşündən sonra bu səviyyədə ilk görüş olub.
İKİ GENERAL SİYASİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMƏYİB
O görüşdən sonra dünyada ciddi hadisələr baş verib: "Rusiya qanunsuz olaraq Krımı ilhaq edib. Şərqi Ukraynada münaqişəyə müdaxilə edib, Bashar al-Assad rejiminə dəstək üçün Suriyaya qoşunlarını, təyyarələrini və gəmilərini göndərib. Bundan başqa, Rusiya gəmiləri, təyyarələri Qara dənizdə, Baltik dənizində təxribatçı və təhlükəli hərəkətlər edib", - Pentaqonun məlumatında qeyd edilir.
F.McKenzie görüşlə bağlı sonra da deyib: "Buna görə iki hərbi liderin Bakı görüşü iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələri təmin etmək məqsədilə atılan addımdır. İki general siyasi məsələləri müzakirə etməyib. Bu, bir-birini başa düşmək və hiss etmək, əlaqə qurmaq üçün keçirilən görüş idi ki, telefonla bunu etmək çox çətindir".
"Görüş bir neçə aya hazırlanıb",- deyə o, əlavə edib.