Milyardları olan analoqsuz hakimiyyət N!DAdan niyə qorxur? - Samir Əsədli

Milyardları olan analoqsuz hakimiyyət N!DAdan niyə qorxur?  - Samir Əsədli
4 Fevral 2017
Mətni dəyiş
Samir Əsədli
Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy deyirdi ki, bir mübarizənin önündə gənclər və qadınlar gedirsə, o mübarizə qələbəyə məhkumdur. Azərbaycanda avtoritar rejimə qarşı mübarizə bir an olsun belə səngimədən davam edir. Bu mübarizənin önündə gedən qüvvələrdən biri də GƏNCLİKdir. Gəncliyin önündə gedən təşkilatlardan biri isə NİDA-dır. NİDA gənclərimizin mübarizəsi timsalında bu gün xalqımızın əzmkarlıq simvoludur. Bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq sınmamaq, rejimə qarşı duruş gətirmək, döyüş əzmidir. Bu gün bunu heç də hamı dərk etmir, ancaq məhz gənc və güclü olan sizlər XXI əsr Azərbaycanın tarixini yazırsınız.
Yalana, yaltaqlığa, şər-böhtana, korrupsiyaya, hüquqsuzluğa son qoymaq istədikləri üçün NİDA-çı gəncləri həbs etdilər. Cinayət qarşısında susmayanlara cinayətkar damğası vuruldu. Uzun məhkəmə proseslərindən sonra heç bir ittiham sübuta yetirilmədi. Elə buna görə də dövlət ittihamçısı NİDA-çılara üst-üstə 63 il iş istədi. Əzəmətli hüquq mühafizə orqanlarımız “cinayət işi”nin üstünü açdı. Görəsən 600 mindən çox üzvü olan, seçkidə səslərin 80-90 faizin qazanan, ölkəyə analoqsuz inkişaf bəxş edən bir rejim gənclərdən niyə qorxur? NİDA-çılara qarşı bu qədər nifrət, qəzəb hardan doğur? Axı, bu gənclər rejimin heç bir oliqarxının obyektini əlindən almayıb, yaxud onların biznesinə əl uzatmayıb. Bəs elə isə bu nə həyəcandır?
Bildiyiniz kimi NİDA həm də köməkçi nitq hissəsidir. Hiss və həyəcan bildirir. Görünür, bu ölkəni talan edib, sərvətlərini mənimsəyib sonra NÖQTƏ qoymaq istəyənlər üçün NİDA-çı gənclər həyəcan yaradır. Bu səbəbdən də hakimiyyət çətin suallarla qarşılaşmamaq üçün NİDA-ları susdurmaq yolunu seçmişdir. Pulun, vəzifənin hesabına şirə dönənlərin NİDA-lar qarşısında həyəcanlanması təbiidir. NİDA-lar sübut edir ki, özlərini şir kimi göstərənlərin əslində quzu cəsarəti də yoxdur. Siz elə bir cəsarət və mənəvi güc göstərdiniz, rejimi elə bir vahiməyə saldınız ki, onlar sərt hökm çıxarandan sonra da cavan uşaqlara təzyiq etməkdə davam edir. Onlar cəmiyyətə, gənclərə “əyilmək” nümunəsini nümayiş etdirməklə göstərmək istəyir ki, kameraya salınmış gəncə də tiranın şərəfinə mahnı oxutdura bilərlər. Amma buna nail ola bilmədilər.
Bu qədər təzyiq qarşısında çox az adam, çox az təşkilat duruş gətirə bilərdi. Özü də çox vaxt kamerada, işgəncə altında, uzun müddət həbs altında yox, sadəcə komfort şəraitə təhlükə hiss edəndə, kömək təklifi alanda – “simalarını” hətta mövqelərini saxlamaq, ancaq daha konstruktiv olmaq, dialoqa və hakimiyyətlə əməkdaşlığa razılıq verəndə əyilirlər. Ətrafda belə əyilmiş belləri, oynayan gözləri görəndə sizin başınızı uca tutmaqla sarsılmaz mövqeyiniz və haqlı olmağınıza əmin baxışınız qürur hissi doğurur. Sizin valideynləriniz, analarınız gözəl oğullar böyüdüblər! Total yaltaqlıq şəraitində onlar vicdanlı və ləyaqətli adam tərbiyə ediblər...
Hər qaranlıq gecənin bir gündüzü olduğu kimi hər əsarətin, zindan həyatının da sonunda bir AZADLIQ var. Bu gün NİDA-çılar Azərbaycan xalqının döyüş ruhudur, mübarizə əzmidir. Bu gün həmin ruh, mübarizə əzmi zindanlara atılsa da, onun sabah pərvaz edib xalqla birgə azadlığa qovuşacağı şəksizdir. Dünyada hələ heç bir zülm, zalım duruş gətirib dayana bilməyib. Yalan ayaq tutub yeriməyib. Kələklə gələnlər küləklə gedib. Xalqın coşub daşan səbr kasası, sahib olduğu bitib tükənməyən sərvəti müqabilində ac-yalavac yaşamaq istəyi, beynəlxalq birliyin rejimə tədricən artan xətt üzrə göstərdiyi dirəniş ölkəmizdə çox yaxın zamanlarda AZADLIQ və DEMOKRATİYA günəşinin doğacağından xəbər verir. NİDA həmin günəşin kiçik işartıları, böyük alovun qığılcımlarıdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun