28 Fevral 2017
Mətni dəyiş
Fevralın 20-də həbs edilərək Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilən D18 Hərəkatının üzvü Qadir Ağakişiyevin həbsinin təfərrüatları məlum olub.
Qadir Ağakişiyev bu barədə nəhayət ki, görüşünə icazə verilən vəkili Fariz Namazlıya danışıb.
Fariz Namazlı bildirir ki, Sumqayıt İcra Hakimiyyətindən Qadir Ağakişiyevə zəng ediblər ki, Sumqayıt şəhər İcra hakimiyyətinə gəl, qaldığınız yataqxana plana düşüb. O da gedib. Burada 4 nəfər mülki geyimli şəxs onu tutub Sumqayıt şəhər Polis İdarəsinə aparıb.
Polis İdarəsində 5-6 nəfər Qadir Ağakişiyevi şillə, təpik, yumruqla döyüb, ayaqlarına və böyrəklərinə zərbələr endirərək guya küçədə gedərkən ucadan söyüş söydüyü, polisin qanuni tələbinə məhəl qoymadığı məzmunlu izahata qol çəkməyə məcbur ediblər. O da məcburən çəkib.
Daha sonra onu Sumqayıt şəhər 3-cü Polis Bölməsinə aparıblar. Burada Qadir Ağakişiyevə qarşı təzyiqlər olmayıb. Onu bir neçə kağıza imza atdırıb daha sonra məhkəməyə aparıblar və 30 gün müddətinə inzibati həbs verilib. O məhkəmədə döyüldüyünü və hər hansı inzibati xətaya yol vermədiyini bildirsə də, məhkəmə buna məhəl qoymayıb.
Qadir. A Hazırda Sumqayıt şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılır. Burada ona qarşı münasibət normaldır, saxlanma şəraitindən şikayəti yoxdur. Sadəcə olaraq döyülmə nəticəsində topuğu şişib, ayağında kapilyar damarları partlayıb, böyrəkləri aldığı zərbələrə görə ağrıyır.
Ombudsman nümayəndələri ötən həftə Sumqayıt ŞPİ-də olarkən kamerada ayaqüstü söhbət ediblər, onlara da döyülməsi barədə məlumat versə də heç bir müsbət nəticə yoxdur.
Vəkil Qadir Ağakişiyevin döyülməsi ilə bağlı Ombudsmana müraciət edəcək.