FED: "Bu il 3 dəfə faiz artırmaq məntiqlidir"

FED: "Bu il 3 dəfə faiz artırmaq məntiqlidir"
10 Fevral 2017
Mətni dəyiş
ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FED) Çikaqo şöbəsinin sədri Charles Evans bildirib ki, bu il üç dəfə faiz artırmaq məntiqlidir.
Ch.Evans Çikaqoda mediaya verdiyi açıqlamada vurğulayıb ki, hələ bəzi məsələlər tam aydın deyil və indi geniş danışmaq çox tezdir.
"Azadlıq Radiosu"-nun məlumatına görə, ABŞ iqtisadiyyatının tam məşğulluğa yaxın olduğunu qeyd edən Ch.Evans deyib ki, işsizliyin nisbətinin aşağı düşəcəyini düşünür. "İnflyasiyanın bir az aşağı olduğu barədə hələ də narahatam. Ancaq doğru istiqamətdə hərəkət edir",- deyə əlavə edib.
Ch.Evans 2017-ci ildə Federal Açıq Bazar Komitəsi (FOMC) yığıncaqlarında səs vermək hüququna malik olacaq.
FED fevralın 1-də keçirilən son iclasında uçot dərəcəsini dəyişmədi. Uçot dərəcəsini 0.5-0.75 səviyyəsində saxladı. Bu ilin yanvarında FED rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.
"FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0.5-0.75 faiz səviyyəsindədir. 2019-cu ilədək uçot dərəcəsinin 3 faizədək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq", - deyə J.Yellen bildirmişdi.
Son dəfə, ötən il dekabrın 14-də FED uçot dərəcəsini artırmışdı. Bundan əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun