Demokratiya indeksi: Müxalifət nə düşünür?

Demokratiya indeksi: Müxalifət nə düşünür?
1 Fevral 2017
Mətni dəyiş
"The Economist Intelligence Unit" beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb.
Abzas.net müxalifət düşərgəsindən məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.
"Çox təəssüf ki, bu həm sivil toplumla bağlıdır, həm də mediaya basqılar olduğuna görədir. Dəfələrlə bununla bağlı Beynəlxalq Təşkilatlardan da təpkilər olub. Azərbaycanda siyasi məhbus problemi bu günə qədər həll olunmayıb. Hətta REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları olsa da, hakimiyyət hələ də bunu icra etmir. Elə bunun özü də Demokratiya indeksində Azərbaycanın son sıralarda yer almasına gətirib çıxardan amillərdən biridir."
Bu sözləri Abzas.net-ə açıqlamasında REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, REAL Hərəkatına basqılar hər zaman olub.
"Hərəkatın İdarə Heyətinin iki üzvü xaricdədir. Barələrində cinayət işi açıldığı üçün hələ də Azərbaycana gələ bilmirlər. Hərəkatın sədri 4 ilə yaxındır həbsdədir. Avqustun 12-si məni həbs etmişdilər 1 aya yaxın həbsdə yatdım, sonradan müəyyən beynəlxalq təzyiqlərdən sonra azadlığa buraxıldım. Elə həmin ərəfədə 2 məclis üzvümüz də Referendumla bağlı təbliğata görə 7 sutka həbs olundular. Həm regionlarda, həm Bakı şəhərində polisə çağrılmalar, müxtəlif təzyiqlər olur. Biz bu halları qeyr-adi bir hal kimi qəbul etmirik. Hər kəs bilir ki, Azərbaycan reallığında fəaliyyət göstərən bir siyasi təşkilata bu basqılar normaldır. Regionlarda təfərdarlarımızla görüşmək istəyirik, ancaq müəyyən maneələr yaradırlar. Və bütün bunlar da, Azərbaycanın qeyri-demokratik olmasına dəlalət edən faktlardır." - deyə N.Cəfərli bildirib.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Bəhruz Səmədov isə bildirib ki, 2016-cı ilə qədər də Azərbaycanda siyasi məhbus problemləri, Ədliyyə ilə bağlı problemlər, hökumətin telekanallar üzərində qurduğu monopolya problemi, hökumətin alternativ fikirlərə dözümsüzlük problemləri var idi. 2016-cı ildə də bu problemlər artdı. Siyasi məhbusların sayı artdı. Fəallara olan münasibət də buna daxildir." - deyə B.Səmədov bildirib.
Bəhruz Səmədov qeyd edib ki, NİDA Vətəndaş Hərəkatı da ənnəvi olaraq hökumətin əsas hədəflərindən biridir.
"Keçən il də baş verən proseslər bunun əyani sübutudur. Qiyas İbrahim və Bayram Məmmədova qarşı məhkəmə prosesi və onlara verilən qeyri-adekvat hökm sadəcə bunlardan biridir. Demək olar ki, Azərbaycanın bu Demokratiya İndeksində 148-ci yer tutmasının əsas səbəblərindən biri də bu işdir." - deyə NİDA İH-nin üzvü bildirib.
Müasavat Partiyası başqanının müavini Səxavət Soltanlı isə deyir ki, Avtoritar hakimiyyətlərin xarakteridir ki, bütün siyasətlərini qorxu və xof üzərində qururlar.
"Hətta sosial problemlərlə də bağlı insanlar etiraz edəndə diktatorun və yaxud dikatorun ailə üzvlərinin şəkilləri ilə çıxırlar etiraz etməyə. O plakatlar, fotolor özlərini həmən o diktatorun zorundan qorumaq üçün düşünülmüş ən son texnologiyadır. Xalq tərəfindən müəyyənləşdirilmiş bir texnologiyadır" - deyə S.Soltanlı bildirib.
Onun qeyd edib ki, hətta sonuncu amnistiya zamanı Müsavat başqanının müavini Fərəc Kərimli amnistiyaya düşüb. Amnistiya 4 ay müddətindən icra olunur, Fərəc Kərimli isə ən axırıncı günlərdə azad olunub.
"Bu, Azərbaycan hakimiyyətinin Müsavat Partiyasına olan münasibətinin göstəricisidir. Mümkün qədər çox, mümkün qədər daha zərərli təzyiqlərlə Müsavat partiyasının üstünə gəlirlər." - deyə başqan müavini bildirib.
AXCP Rəyasət Heyyətinin üzvü İlham Hüseyn isə bildirir ki, hər dəfə Azərbaycanla bağlı belə hesabatlar ortaya çıxanda, Azərbaycan reytinq cədvəllərində sonuncu yerləri tutanda hökumət bunu Azərbaycana qarşı qərəz, ikili standartlar kimi qiymətləndirir.
Onun sözlərinə görə, hətta Amerikanın özünü belə bu hesabatda qüsurlu demokratiya kimi göstəriblər.
"Demokratiya indeksində 160-dan çox ölkənin adı göstərilir və bu ölkələr arasında araşdırmalar aparılıbdır. Sadəcə olaraq bu siyahıda Azərbaycan Afrika ölkələri ilə eyni siyahıya düşübdür" - deyə İ.Hüseyn bildirib.
AXCP Rəyasət Heyəti üzvünün sözlərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərərgahı yoxdur. Partiyanın rəhbərliyində təmsil olunan 10 nəfərə yaxın şəxs qondarma ittihamlarla həbs olunubdur. Ölkədə fəaliyyət göstərmək üçün, partiyanın təbliğatını aparmaq üçün bütün imkanlar məhdudlaşdırılıbdır. Tez-tez cəbhəçi fəalların həbsi xəbəri yayılır, müxtəlif ittihamlarla adamalar həbs olunur. Mübarizədən yayındırmağa çalışırlar. Təbii ki bütün bunlar sosial şəbəkələrdə yazılır, paylaşılır və bütün dünya görür.
Sonda ölkə müxalifəti Azərbaycan hökumətin qeyri-şərtsiz reforumlara başlamağa, həbs olunmuş bütün siyasi fəalları azad etməyə və hökuməti alternativ fikirlərə tolerant yanaşmağa çağırıb.
[embed]https://www.youtube.com/watch?v=Eb4qM58Z8d4[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun