11 Fevral 2017
Mətni dəyiş
"Azərbaycan dilinə dublyaj olunan filmlər gözləntiləri doğrultmur. Tərcüməni istəyən tamaşaçı filmə öz dogma dilində baxmağa gəlmir".
“Report” xəbər verir ki, bunu “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə bildirib.
“Son illər ərzində çəkilən Azərbaycan filmləri kinoteatrlara tamaşaçı axınını çoxaltdı. Azərbaycan kinoindustriyası üçün, bu, böyük addım, rejissorlar üçün motivasiya oldu. Lakin çoxları xarici filmlərin yalnız rus dilində nümayiş olunmasından narazı idi. Azərbaycan tamaşaçısının xarici filmlərdən zövq alması üçün biz həmin filmləri Azərbaycan dilinə dublyaj etməyə qərar verdik. Məhz bu səbəbdən 2016-cı ildə "CinemaPlus" kinoteatrlar şəbəkəsi nəzdində “Cinemazadeh” dublyaj studiyası yaradıldı. Qısa zamanda xarici peşəkar distribüterlər tərəfindən sertifikatlar alındı, məşhur və istedadlı insanlar, aktyorlar studiyaya dəvət olunaraq bu filmlərin dublyajına başladılar. Təəssüf ki, bir neçə filmlərin dublyajından sonra çoxsaylı neqativ rəylərlə rastlaşdım. Həmin rəylərdə əsas ifadə filmlərin rus dilində niyə yayımlanmaması idi”, - Z.Darabzadə bildirib.
O qeyd edib ki, “CinemaPlus” Azərbaycan dilində təqdim edilən filmlərə tamaşaçı axınını gözləyir: "Hazırda Azərbaycan dilində yeni dublyaj olunan məhsulumuz məşhur prodüser Martin Skorsezenin "Pazman Şeytanı" (“Qan bahasına”) filmidir. Film real hadisələr əsasında çəkilib, hansı ki, inanılmaz uğur əhvalatından, inadkarlıq və arzuya çatmaq istəyindən bəhs edir. Lakin, çox təəssüflənirəm ki, dublyaj olunan filmlər bizim gözləntiləri doğrultmur. Tərcüməni istəyən tamaşaçı filmə öz dogma dilində baxmağa gəlmir. Hər birinizi anlayıram. Risk edib hər hansı bir xarici filmi tərcümədə izləməkdən çəkinirsiz, amma inanın ki, bu tərcümələr çox peşəkar olunub, səslər sizə dogma və sevdiyiniz məşhur azərbaycanlıların səsidir”, - “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru bildirib.