7 Fevral 2017
Mətni dəyiş
Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni sazişə dair danışıqlar başlayacaq.
Turan-ın məlumatına görə, bunu prezident İlham Əliyev fevralın 6-da Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirmədən sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər”, - İ.Əliyev vurğulayıb.
Dövlət başçısı diqqəti ona yönəldib ki, Azərbaycanın Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlığa dair imzalanmış sazişləri var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır.
İ.Əliyev əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib: “Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik”.
Enerji əməkdaşlığına toxunan İ.Əliyev deyib ki, tərəflər hazırda Avropada reallaşdırılan ən iri infrastruktur layihələrdən biri olan “Cənub” qaz dəhlizinin irəliləməsi üzərində işləyir. Layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir.
İ.Əliyevin sözlərinə görə, Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir.
O qeyd edib ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
“Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib, bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozub”, - İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul etdiyi və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir.
İ.Əliyev Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Tuska təşəkkürünü bildirib.
Onun sözlərinə görə, tərəflər nəqliyyat sahəsində potensial əməkdaşlığı müzakirə ediblər.
“Azərbaycan bölgədə yeni dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır. Asiyanı Avropa ilə birləşdirən yeni marşrut ümid edirik ki, bu il artıq istifadəyə veriləcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq”, - İ.Əliyev bildirib.