17 Fevral 2017
Mətni dəyiş
Fevralın 16-da “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov və qəzetin əməkdaşı Xəyal Babayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
S.Şərifov bildirib ki, onlardan qəzetin maliyyə direktoru Faiq Əmirliyə açılan cinayət işi ilə bağlı yenidən ayrı-ayrılıqda ifadə alınıb.
S. Şərifovdan müstəntiq Aqil Ələkbərov, Xəyal Babayevdən isə Anar Dəmirçiyev ifadə alıb.
Hər iki əməkdaş bundan əvvəl də sözugedən cinayət işi ilə baglı dindirilib.
F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.
O bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, digər imzanı qəbul etmirlər.
Faiq Əmirliyə qarşı vergi ittihamı irəli sürülməsə də istintaq orqanının təklifi ilə “Azadlıq” qəzetinin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzet qanunvericiliyi əsas tutaraq səyyar vergi yoxlamasının fəaliyyətin yalnız son üç ilini əhatə edə bilməsi ilə bağlı məhkəməyə şikayət edib. Məhkəmə qəzetin şikayətini təmin etməyib.