12 Fevral 2017
Mətni dəyiş
Azərbaycan əhalisinin 21 faizi Şimali Atlantika Alyansını (NATO) özləri üçün müdafiə təşkilatı hesab edir.
“Report” bu xəbəri Amerikanın “Gallup” şirkətinin sorğusuna istinadən yayıb.
Xəbərə görə, sorğu 2016-cı ildə telefon vasitəsilə aparılıb, sorğuda hər ölkədən 15 yaşından yuxarı min nəfər iştirak edib.
Sorğunun nəticələrinə görə, rusların 67 faizi NATO-nu özləri üçün təhlükə sayır, yalnız 3 faizi ona müdafiə təşkilatı kimi baxır.
Gürcüstan əhalisinin 37, Ermənistanın 8, Tacikistanın 8, Qırğızıstanın 19, Qazaxıstanın isə 25 faiz əhalisi NATO-nu müdafiə qurumu kimi qəbul edir.
NATO 1949-cu il aprelin 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaqdır, hazırda 28 üzvü var.
NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
Azərbaycanın xarici siyasətində də əsas vəzifələrdən biri Avroatlantik məkana inteqrasiyadır.
Ölkə 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2004-cü ildən isə "Fərdi tərəfdaşlıq" proqramlarına qoşulub,1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib.
Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində iştirak edir.