10 Fevral 2017
Mətni dəyiş
Azərbaycanda "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna dəyişiklik edilə bilər.
Bu haqda QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud məlumat verib.
O, AZƏRTAC-a açıqlamasında 2000-ci ildə qəbul edilmiş "Qeyri-hökumət təşkilatları haqqında" Qanuna müəyyən əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşəbbüslərin olduğunu bildirib.
"Hazırda qanuna təklif olunan dəyişiklikləri QHT-lərə Dövlət Dəstəyi Şurası öyrənir. Ölkəmizdə davamlı olaraq müxtəlif sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına da aiddir", - o, qeyd edib.
Ancaq Elməddin Behbud təkliflərin detallarını açıqlamayıb.
Azərbaycanda tez-tez vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların, xüsusilə də QHT-lər haqqında qanunun dəyişdirilməsi zərurətinin olması barədə təkliflər səsləndirilir. Bu məsələ ardıcıl olaraq beynəlxalq qurumların açıqlamalarında da dilə gətirilir.
Bu yaxınlarda Açıq Hökumət Təşəbbüsü, Mədən Sənayesində Şəffaflığın Artırılması (EITI) kimi koalisiyaların belə çağırışları olub.