Azərbaycanda kino niyə yoxdur? - Aydan Məmmədova

Azərbaycanda kino niyə yoxdur? - Aydan Məmmədova
21 Fevral 2017
Mətni dəyiş
Aydan Məmmədova
Bu günlərdə bir qrup resjissor Rejissorlar Gildiyasının Facebook səhifəsində Azərbaycanın  kinosunun problemlərini müzakirə etdilər. Doğrudan da, Azərbaycan kinosunun indiki vəziyyəti tək rejissorların və kino sənayesinə aid insanların yox, cəmiyyətin bütün mədəni və intellekual kəsiminin də sorğulamalı olduğu məsələdir. Niyə bu gün Azərbaycan kinosu yoxdur? Nədir Azərbaycan kinosunun problemi? Niyə biz kino kimi əhəmiyyətli bir mədəni silahdan mərhumuq?
Sonradan mətbuata daşınan rejissorların müzakirəsi bu sualların hamısına deyil, kiçik bir qisminə bəzi ip ucu cavablar verdi. Bu müzakirə və müsahibələrdən belə çıxdı ki, hazırda Azərbaycan kinosunun əsas problemi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyası və onun rəhbəri Muşfiq Hətəmovdur. Rejissorların sözlərinə görə, Muşfiq Hətəmovun rəhbəri olduğu qurum kinoda monopoliya və inhisarçılıq yaradıb, yaradıcı azadlığı boğur, rejissorların işi və ssenarilərini daim senzuraya məruz qoyur. Ona görə də, bu studiyada indi heç kim film çəkmək istəmir, nə vaxtsa orada film çəkənlər də onu dəhşətli yuxu kimi xatırlayır.
Şərif Ağayar isə Kulis.az saytında yayımlanan məqaləsində yazmışdı ki, məsələdə günahkar təkcə ona görə Azərbaycanfilm studiyası deyil ki, kinoya pul mədəniyyət nazirliyindən ayrılır və deməli məsələnin kökü kiçik bir idarədə yox, o idarəni maliyyələşdirən daha böyük idarədə, məhz mədəniyyət nazirliyindədir.
Şərifin məsələnin müzakirəsindəki müəyyənləşdirdiyi doğru istiqaməti əsas tutaraq yola çıxanda isə, məntiq bizi mədəniyyət nazirliyindən də yan keçirir. Çünki əgər biz günahı Azərbaycanfilm studiyasında yox onun asılı olduğu mədəniyyət nazirliyində görürüksə, deməli mədəniyyət nazirliyinin də müstəqil qurum yox, iş prinsiplərini hökümət siyasətinin müəyyənləşdirdiyi dövlət orqanı olduğunu nəzərə alaraq onu da bu məsələdə ən axırıncı instansiya görə bilmərik. Deməli günah ən axırıncı instansiya kimi dövlət siyasətini müəyyənləşdirən hakimiyyətin boynuna düşür.
Çünki sadə şəkildə desək, kinoda hökm sürən vəziyyət hazırki hökümət siyasətinin digər sahələrdə yaratdığı problemlərin eynisidir. İqtisadi-siyasi monopoliya və inhisarçılıq, işbilməzlik eynilə kino sənayesində də təqbiq edilir. Kino sənayesindəki acınacaqlı vəziyyət də məhz Mədəniyyət nazirliyinin mədəniyyət sahəsində tətbiq etdiyi kontrol, monopoliya və inhisarçılığın nəticələridir. Bu mənada mədəniyyətə nəzarəti pula və siyasətə nəzarətdən az önəmli hesab eləmirlər.
Özü də bunun üçün nələrsə etməkdənsə heçnə etməmək daha uyğun variant hesab olunur. Nəticədə hər ikisi məqsədlənən yaradıcı mühiti, mədəniyyəti öldürməyə xidmət edir. Ona görə  şəffaf, təəssübkeş, sorğulana bilən konkret iş yerinə hökümət sadəcə sovet dövrünə xas şişirdilmiş, real olmayan planlarla baş aldadır. Reallıqda isə niyə kino yoxdu sualının cavabında biz hər şey eşidirik bircə suala konkretdən başqa.
Misal olaraq Mədəniyyət nazirliyinin hesabatında yazılır: “Azərbaycan kinosunun son illərdə yüksəldiyi zirvəni, keyfiyyət və kəmiyyət fərqlərini bu rəqəmlər daha aydın göstərmək gücündədir. Belə ki, 2006-2015-ci illər ərzində 39 tammetrajlı bədii film çəkilmişdir… Filmlərimiz beş qitəni əhatə edən 40-dan artıq ölkədə 100-dən çox festivalda iştirak etmişdir. Bunlardan “A” kateqoriyalı Kann, Venesiya, Karlovı Varı, Berlin festivallarını xüsusilə vurğulamaq olar...”
Heç kimin nə adını eşitdiyi, nə də izləyicisi olduğu filmlər. Lap qəribə film adı kimi səslənir. Hansısa festivalların ikinci üçüncü dərəcəli proqramlarında iştirakı kino uğurları kimi qələmə verən nazirlik özü kinonun vəziyyəti haqqında ən böyük həqiqəti ortaya qoymuş olur.
Əslində tək bircə fakt - Azərbaycanda yerli kino tamaşaçısının olmaması göstərir ki, bizdə kino yoxdur. Kino olsa onun tamaşaçısı da olar. Bu qədər pullar ayrılan, bu boyda dövlət qurumlarının cavabdeh olduğu böyük bir mədəniyyət sahəsi batılır, kimsə də narahat deyil. Tək-tək kiminsə yaxasından yapışmaq və onların məmur cavabları ilə kinonun problemlərini və onların həll yolunu tapmaq çətin məsələdi.
Mədəniyyət və yaradıcılıq dövlət siyasətinin tərkib hissəsi kimi canlandırılmalı, təşviq edilməli, diqqət və qayğı görməli və nəticələr alınmalıdı. Ən azı idman ölkəsi olmaq üçün qoyulan siyasi iradənin yarısı kino və ümumilikdə mədəniyyət üçün də olmalıydı. Bu isə heç vaxt baş verməyib. Hətta prezidentin kino sənətinin inkişaf etdirilməsi haqqında 2007-ci il, 23 fevral tarixli sərəncamından sonra da.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun