"Azərbaycan Dəmir Yolları"nın tabeliyindəki 10 tibbi müəssisə bağlanıb

"Azərbaycan Dəmir Yolları"nın tabeliyindəki 10 tibbi müəssisə bağlanıb
15 Fevral 2017
Mətni dəyiş
"Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyində fəaliyyət göstərən bir neçə təşkilatın ləğv olunduğu bildirilir.
Bunu qurumun mətbuat xidmətindən də təsdiq ediblər.
"Azadlıq Radiosu" xəbər verir ki, mətbuat xidmətinin bildirdiyinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax və Kürdəmir Dəmir Yolu ambulatoriyaları ləğv olunub.
Bundan əlavə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Taun Əleyhinə Stansiya da eyni aqibətlə üzləşib.
Bu proses Lənkəran, Ucar, dəmiryol ambulatoriyalarını, Mincivan, Hacıqabul, Salyan dəmiryol xəstəxanalarını, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzini də əhatə edib.
Mətbuat Xidmətinin rəhbəri Sevinc Qədirli deyib ki, bu, maliyyə problemi ilə bağlıdır: "Məlum olduğu kimi, bu il büdcədən bu qurumlara maliyyə vəsaiti ayrılmayıb. Bundan irəli gələrək bu qurumlara təsərrüfat hesabına keçmək təklif edilib. Hansı qurumlar bunun öhdəsindən gələ biləcəksə, keçəcək. Gələ bilməyənlər isə ləğv olunur".
İşçilərin gələcək taleyinin də necə olacağı, hələlik, bilinmir.
Hələ, yanvar ayından etibarən dəmiryol sistemindəki bir sıra tibb müəssisələrin bağlanacağı haqda xəbərlər yayılmışdı. Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri də aksiya keçirərək şəhərin mərkəzi küçəsini bağlamağa çalışmışdılar. Onlar xəstəxana bağlanarsa, faciəli duruma düşəcəklərini bildirirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun