AXCP Şəki şöbəsinin sədri saxlanılıb

AXCP Şəki şöbəsinin sədri saxlanılıb
7 Fevral 2017
Mətni dəyiş
"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon şöbəsinin sədri İslam Həsənov fevralın 6-sı günortadan sonra Şəki rayon Polis Şöbəsinə aparılıb".
Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun deməsinə görə, bu saxlanmadan iki gün öncə də İ.Həsənov izlənməsi haqda partiya rəhbərliyinə informasiya verib: "İndi İ.Həsənovun saxlanmasına səbəb kimi guya Yol polisi ilə mübahisə etməsini göstərirlər. Amma bu sözdür. Səbəb şöbənin fəallaşması idi".
G.Bayramlı İ.Həsənov barəsində məlumat ala bilmədiklərini söyləyib və ehtimallarını dilə gətirib: "Yəqin ki, İslam Həsənovu məhkəmə önünə çıxararaq İnzibati Xətalar Məcəlləsinə istinadən 25-30 sutka həbs etmək istəyirlər".
Şəki rayon Polis Şöbəsindən İ.Həsənovun saxlanması haqda məlumatları təsdiq etməyiblər. Növbətçi hissədən onlarda belə bir informasiyanın olmadığını söyləyiblər.
Şəkidə daha bir cəbhəçinin saxlandığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir üzvünün Şəkidə saxlandığı bildirilir.
Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun deməsinə görə, saxlanan şəxs rayon təşkilatının gənclər özəyinin rəhbəri Samir Şəkidir.
"Onun Yol polisi ilə mübahisə bəhanəsi ilə saxlanan şöbə sədri İslam Həsənova yemək apararkən tutublar", - G.Bayramlı bildirib.
O, AXCP Şəki şöbəsinin fevralın 5-də keçirilən məclisindən sonra bu rayonda fəallara basqıların başladığını bildirib.
AXCP-nin bəyanatında Şəki rayon şöbəsinin fəaliyyətinə polis müdaxiləsinin dayandırılması tələb edilir.
Şəki rayon Polis Şöbəsindən AXCP nümayəndələrinin saxlanması ilə bağlı bilgi almaq mümkün olmayıb.
Polis şöbəsinin növbətçisi deyib ki, onlarda belə informasiya yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun