21 Fevral 2017
Mətni dəyiş
Bu gün Azərbaycan Ali Məhkəməsi AXCP Naxçıvan regional bölməsinin fəalı Zeynal Bağırzadənin şikayətini təmin etməyərək onun hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək ittihamı ilə 8 il azadlıqdan məhrum edilməsi barədə aşağı məhkəmə instansiyalarının qərarlarını qüvvədə saxlayıb.
Şikayətə Gülzar Rzayevanın sədrliyilə baxılıb.
Z.Bağırzadənin hüquqlarını vəkil Fəxrəddin Mehdiyev müdafiə edib.
“Məhkəmə formal keçirilib və hökm qüvvədə saxlanılıb”, - AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Vəkil bildirib ki, müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
Z.Bağırzadə 2015-ci il noyabrın 16-da hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmək ittihamı (CM-in 315.1-ci maddəsi) ilə həbs edilib.
İstintaq zamanı ittiham hakimiyyət nümayəndəsinə həyat üçün təhlükəli olan zorakılıq tətbiq etmək maddəsilə (315.2) sərtləşdirilib. Z.Bağırzadə 4 il azadlıqdan məhrum edilib. 2012-ci ildə başqa bir iş üzrə çıxarılmış cinayət cəzasının müddəti də bu buna əlavə edilib.
Z.Bağırzadə ittihamları qəbul etməyərək öz həbsini siyasi motivli sayır. Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ona qarşı təxribat törədiblər. Həbsdən bir neçə gün öncə Fondun əməkdaşları onun evinə gələrək Fonda ödəniş etməsini tələb ediblər. Həmin vaxt Z.Bağırzadə evdə olmayıb. Faiq İsmayılov adlı məmur ev sahibinin ünvanına təhqiramiz ifadələr işlədib.
Sonradan Z.Bağırzadə Fonda gedərək məmurun hərəkətindən narazılıq edib və prokurorluğa şikayət verib. Ancaq onun şikayəti ləğv edilib və özünə qarşı ittiham irəli sürülüb. 2016-cı il fevralın 2-də Babək Rayon Məhkəməsi onu 8 il həbs edib. NMR Ali Məhkəməsi bu qərarı qüvvədə saxlayaraq Z.Bağırzadənin apellyasiya şikayətini təmin etməyib.