Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçiriləcək
Foto: The European Parliament
3 Fevral 2017
Mətni dəyiş
Fevralın 6-da Avropa Parlamentində Azərbaycanda vəziyyətlə bağlı dinləmələrin keçirilməsi gözlənir.
Debatlar prezident İlham Əliyevin Brüsselə gözlənən səfərinə həsr edilib.
“Turan” Agentliyinin xəbərinə görə, tədbirlə bağlı bilgidə qeyd edilir ki, Avropa Parlamentinin üzvləri Azərbaycanda insan hüquqlarının pozulması, fəalların və jurnalistlərin təqib edilməsi məsələlərini qaldırmaq niyyətindədir.
Həmçinin, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə əngəl törədən qanunverici məhdudiyyətlərin müzakirələrdə əsas yerdə olacağı vurğulanır.
İştirakçılar qeyd olunan məsələləri İlham Əliyevlə görüşəcək olan Avropa Birliyi rəhbərliyi qarşısında qaldırmaq niyyətindədir.
Müzakirələrdə məruzəçilər arasında azərbaycanlı ekspertlərdən “Meydan” TV İnternet kanalının rəhbəri Emin Milli və internet üzərindən araşdırmaçı jurnalist Xədicə İsmayılova da olmalıdır.
Dinləmələrdə Avropa Parlamentinin dörd üzvü - Kati Piri (Hollandiya), Aleksandr Lambsdorf (Almaniya), Ulrike Lunarçik (Avstriya) və Yaromir Stertina (Çexiya) Azərbaycandakı durumla bağlı məruzə ilə çıxış etməlidirlər.