20 Fevral 2017
Mətni dəyiş
Avropa Məhkəməsi daha 4 nəfərin işi üzrə Azərbaycana qarşı kommunikasiya başladıb. Məlumatı vəkil Fariz Namazlı yayıb.
Vəkil bildirib ki, bu işlər Ruslan Nəsirli (2 şikayəti üzrə), Rafiq Cəlilov, Türkel Əlisoy, Saqif Qurbanovun şikayətləri ilə bağlıdır:
“Bu, həmin şəxslərin İnzibati Xətalar Məcəlləsin 310-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlıdır. Onlar barəsində müxtəlif müddətə inzibati həbs cəzası, Rafiq Cəlilov barəsində 200 manat inzibati cərimə tətbiq edilib. Həmin şəxslər müxtəlif vaxtlarda keçirilməsi nəzərdə tutulan mitinqlərdə iştirak etmək istəyirdilər, lakin mitinq öncəsi həbs olunmuşdular”.
Fariz Namazlı deyir ki, bu şəxslər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri olub. R. Cəlilov isə etnikcə talışdır. O, ANS TV-da talışlar haqqında deyilən xoşagəlməz sözlərə görə keçirilməsi nəzərdə tutulan aksiyada iştirak etmək niyyətində olub:
“Avropa Məhkəməsi Konvensiyasının 5.1 (qanunsuz həbs edilmə), 6.1 və 6.3 (əsaslandırılmış məhkəmə qərarının verilməməsi, müdafiəyə hazırlaşmaq üçün ağlabatan müddətin olmaması, 11.2 (sərbəst toplaşmaq azadlığı) maddələrinin pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb. Bu işlər üzrə ərizəçilərin nümayəndələri Əsabəli Mustafayev, Ruslan Mustafazadə və Xalid Bağırovdur”.