6 Fevral 2017
Mətni dəyiş
Xəbər saytının bağlanmasına səbəb kimi krizis göstərilib.
Abzas.net-in məlumatına görə, ANN.az saytı bağlanır. Yanvar ayının sonuna 10 gün qalmış redaktorluq işçilərə saytın bağlanacağı barədə məlumat veriblər. Onlar bunu krizislə əlaqələndiriblər.
"Ayın sonuna 10 gün qalmış redaktorluq məlumat verdi ki, saytın Azərbaycan, Rus və İngilis versiyaları bağlanır. Bunu maliyyənin olmaması ilə əlaqələndirdilər. Bizi son günə kimi işlətdilər. Fevralın 6-sı maaşımızı almağa gəldik. Maaşımızın 50%-ni verib, qalan 50%-ni vermək üçün maliyyələrinin olmadığını dedilər. Bizi işə götürəndə nə əmək müqaviləsi, nə də xidmət müqaviləsi bağlamadıqlarına görə, indi məhkəməyə müraciət edib maşımızın qalan hissəsini ala bilmirik" - deyə işçilərdən biri bildirib.
Onun sözlərinə görə, saytın bağlanmasına səbəb kimi biznesmenlərin krizisə görə maliyyə ayırmamasını göstəriblər. Ancaq mənbə iddia edir ki, bu günə qədər sayta maliyyə Heydər Əliyev Fondundan ayrılırdı, indi artıq fond malliyə ayrılmır.
"Dedilər ki, sponsorlar artıq maliyyə ayırmırlar. Biznesmenlər maliyyə ayrımaqdan imtina ediblər. Ancaq məndə olan məlumata görə, sayta maliyyə Heydər Əliyev Fondundan ayrılırdı. İndi malliyəni kəsiblər. Fonddan maliyyə ANN.az üçün ayrılsa da, bu pul həm də saytın rəhbəri olan millət vəkili Asim Mollazadənin rəhbərlik etdiyi "Demokratik İslahatlar Partiyası"na da xərclənirdi. Saytın maliyyəsi kəsildikdən sonra, Asim Mollazadə məcburiyyətdən partiyanın üçmərtəbəli qərərgahından da çıxmalı olub. Saytın redaksiyasının da yerləşdiyi Demokratik İslahatlar Partiyasının üçmərtəbəli qərərgahı boşaldılaraq iki otaqlı bir ofisə köçrülüb" - deyə mənbə bildirib.
Məsələylə bağlı millət vəkili Asim Mollazadədən münasibət öyrənməyə çalışdıq.
A.Mollazadə əvvəlcə bu məlumatın yanlış olduğunu, işçilərin maaşının verildiyini desə də, sonradan ümumiyyətlə saytla əlaqəsinin olmadığını bildirdi.
"İşçilərin maaşının tam verilməmisə ilə bağlı məlumat qeyri-dəqiqdir. Ümumiyyətlə, mənim saytla heç bir əlaqəm yoxdur. Saytın rəhbərlərinə zəng edin" - deyə millət vəkili bildirib.
Sayt hal-hazırda bir nəfər işçi ilə fəaliyyətini davam etdirir. Mənbə söyləyib ki, saytın yenidən açılmağına az da olsa ümid olduğu üçün, 1 ay ərzində bir nəfər saytla məşğul olacaq. Müsbətə doğru bir dəyişiklik olmasa, sayt ümumiyyətlə fəaliyyətini dayandıracaq.