"Siyasətçilərin zəhərli və insanı alçaldan tərzləri parçalanmış, təhlükəli dünyanın yaranmasıyla sonuclanıb". "Amnesty International" beynəlxalq insan haqları təşkilatının fevralın 22-də açıqladığı hesabatda belə deyilir.
1930-CU İLLƏRDƏN BƏRİ ƏN YÜKSƏK HƏDD
Hesabatda dünyada, daha doğrusu, 159 ölkədə insan haqlarının durumu qiymətləndirilib. Sənəd müəllifləri bu il durumun özəlliklə ciddi olduğunu bildirir, siyasətçilərin "biz və onlar" ritorikasının hər yerdə, o cümlədən Avropa və ABŞ-da xoşagəlməz nəticələr verdiyini, insan haqlarına qarşı qlobal gücün yarandığını, dünyanın qəddarlıq qarşısında zəiflədiyini vurğulayırlar.
"2016-cı ilin çıxışlarında… ittiham, nifrət və qorxu 1930-cu illərdən bəri ən yüksək həddə çatıb", – bunu "Amnesty International"ın baş katibi Salil Shetty söyləyir. Onun sözlərinə görə, bugünkü siyasətçilərin çoxu səsləri qazanmaqdan ötrü manipulyasiyaya əl atır, şəxsiyyətlərini önə çəkirlər: "Qorxu yaratmaq bütün dünyada təhlükəli tendensiyaya çevrilib. İstər Trump, istər Orban, Erdoğan, istərsə də Duterte –günü-gündən daha çox siyasətçi bünövrələrə qarşı çıxır, zəhərli silahından məharətlə yararlanaraq bütöv qrupları təqib, ya da qapazaltı edir, insanların ləyaqətini alçaldırlar".
"2016-cı il dünyanın müharibə cinayətlərinə göz yummasıyla, qaçqınların sığınacaq əldə etmək haqqını əlindən alan razılaşmalarla yadda qaldı. İnsanları ifadə azadlığından məhrum edən qanunlar qəbul edildi, kimlərsə yalnız narkotikdən istifadəyə görə edam olundu, bəzi ölkələrdə işgəncə və kütləvi nəzarətlərə bəraət qazandırdılar, bəzilərində polisin səlahiyyətləri artırıldı…". "Amnesty International"ın builki hesabatında dünya belə təsvir olunur.
VƏTƏNDAŞ CƏMİYYƏTƏ VƏ MEDİAYA BASQI
Hesabatın Azərbaycan haqda bölməsində də xoş söz yoxdur. Hər şeydən öncə Tacikistan və Türkmənistan kimi, Azərbaycanda da konstitusiyaya dəyişiklik edildiyi, prezidentin səlahiyyətlərinin və fəaliyyət müddətinin artırıldığı vurğulanır.
Üstəlik, Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qaldığı, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olduğu, beynəlxalq qurumların müşahidəçilərinin isə ölkəyə buraxılmadığı qeyd edilir.
"Amnesty International" Azərbaycan hökumətinin siyasi fəalları müxtəlif bəhanələrlə həbsə atdığını, 12 fəal azad edilsə də, çoxlarının, o cümlədən "ReAL" siyasi hərəkatının lideri İlqar Məmmədovun bütün beynəlxalq çağırışlara baxmayaraq, içəridə qaldığını bildirir. Azad edilən fəalların – jurnalist Xədicə İsmayılovanın, hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxmasına icazə verilmədiyi, bəzilərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldığı xatırladılır. Yerli hüquq müdafiəçilərinin hesablamalarına görə, 100-dən çox adamın –gənclərin, jurnalistlərin siyasi baxışları ucbatından barmaqlıqlar arxasına salındığını yazır.
DEVALVASİYA ETİRAZLARI
Hesabatda Azərbaycanda mətbuatın repressiyalardan özəlliklə əziyyət çəkdiyi vurğulanır. Hökumətə qarşı yazan jurnalistlərin təqiblərlə, hədə-qorxuyla, hətta fiziki zorakılıqla üzləşdiyi deyilir.
Neftin dəyərdən düşməsi iqtisadiyyatı neftdən asılı olan digər ölkələr kimi, Azərbaycana da böyük zərər vurub. "Amnesty International"ın hesabatında bu problem də qeyd olunub. Hesabat müəllifləri manatın devalvasiyasına etiraz edənlərin ölkənin müxtəlif yerlərində dinc aksiyalar keçirdiyini, ancaq polisin və təhlükəsizlik qüvvələrinin bu etirazları güclə boğduğunu vurğulayırlar. "Ölkənin hər yerində siyasi fəalları dindirməyə çağırıb, ya da aksiyaları təşkil etməkdə günahlandıraraq tutublar", – sənəddə oxuyuruq.
"Amnesty International" Azərbaycanın hüquq-mühafizə orqanlarında tutulanlarla sərt rəftar edildiyini, çox adamın işgəncələrə məruz qaldığını da qeyd edir. Nardaran hadisələri zamanı tutulanların, eləcə də "heykəl məhbusları"nın başına gələnləri sadalayır.
ÖZBƏKİSTAN VƏ TÜRKMƏNİSTANLA EYNİLİK
""Amnesty International"ın ölkəyə buraxılmaması isə Azərbaycanı Özbəkistan və Türkmənistanla eyniləşdirib", – hesabatın Azərbaycan haqda bölməsində belə deyilir.
Sənəd müəllifləri aprel döyüşlərindən də söz açırlar. Qarabağda münaqişənin qızışmasının təhlükəsizliklə bağlı əndişələri artırdığını bildirirlər.
Ötən il aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində 4-günlük toqquşmalar baş verib. Hər iki tərəf xeyli itki verib. Azərbaycan tərəfi həmin döyüşlər zamanı 2 min hektar ərazini işğaldan azad etdiyini bildirib.
Bu hesabata Azərbaycan rəsmiləri, hələlik, reaksiya verməyib. Amma indiyədək beynəlxalq insan haqları qurumlarının tənqidlərini hakimiyyət təmsilçiləri rədd edib, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.
İRANDA VƏ DÜNYADAKI DURUM
"Amnesty International"ın builki hesabatında İran ərazisində yaşayan azərbaycanlıların da problemlərindən danışılır. İrandakı digər etnik qruplar kimi, azərbaycanlıların da ayrıseçkiliyə məruz qaldığı, mədəni, mülki və siyasi hüquqlardan məhrum edildiyi, öz dillərində təhsil ala bilmədikləri deyilir.
Ötən il İranda da təhlükəsizlik qüvvələrinin etirazçılara basqılarıyla yadda qalıb. Yayda İranın "Tarheh No" qəzetində dərc olunan məqalə azərbaycanlıların etirazını yaratmış, təhqir olunduğunu düşünənlər ölkənin bir neçə şəhərində dinc aksiyalar keçirmişdilər. Polis iştirakçıları döymüş, onlarla fəalı həbs etmişdi.
"Amnesty International" bütün dünyadan əndişəlidir, böhranın 2017-ci ildə bütün dünyada davam edəcəyini, dünyanın insan haqlarıyla bağlı "lidersizlikdən" əziyyət çəkəcəyini proqnozlaşdırır. Sənədin müəllifləri hamını dirəniş göstərməyə, inkişaf və təhlükəsizlik vədləri verən liderlərin insan haqları məsələsini gözlərdən yayındırmasına imkan verməməyə çağırır. "Hökumətlərin iqtisadi inkişafa, təhlükəsizliyə əngəl hesab etdiyi, əslində isə insan haqlarını müdafiə edərək hakimiyyətdəkilərə qarşı çıxanların qorunması üçün qlobal həmrəylik indi həmişəkindən daha vacibdir", – hesabatda belə deyilir.