23 Fevral 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, alimlər Balıqlar bürcündə ölçücə Yer planetinə bənzəyən birdən-birə 7 yeni planet kəşf ediblər.
Bu planetlər sönməkdə olan cırtdan ulduzun ətrafında fırlanırlar. Ulduzun işığı zəif olsa da planetlər ona o qədər yaxındırlar ki, alimlərin fikrincə bu planetlərdən bəzilərində həyatın mövcud olması tamamilə mümkündür.
Məqalədə deyilir ki, kainatda "zəka qardaşlarımızı" axtaran alimlər ilk dəfədir ki, məqsədə bu qədər yaxınlaşıblar.
Alimlər ümid edirlər ki, teleskopların yeni nəsli Günəş sistemindən kənarda olan bu planetlərdə həyatın olub-olmamasının dəqiqləşdirilməsi işində aparıcı rol oynayacaq.
Bu ilk dəfədir ki, təxminən Yer planetinin ölçüsündə olan bu qədər planet bir bir-birinə bu qədər yaxınlıqda aşkar edilib.
Yeni aşkar edilmiş planetlər Trappist-1 adlı cırtdan ulduzu əhatələyiblər və Yerdən 39 işıq ili aralıdadırlar. Bu cırtdan ulduzun işığı Günəşdən 200 dəfə azdır.
Belçikadakı Liege Universitetindən astrofizik Michael Gillon deyib ki, bu planetlərdən bəzilərində maye halında su ola bilər.
Alimlərin fikrincə, ulduzdan sayca 5-ci aralı planetdə həyatın olması daha həqiqətəuyğundur.
Lakin buradakı həyat formalarının necə ola biləcəyini söyləmək çətindir, çünki bu planetlərə düşən "günəş işığının" rəngi Yerdəki kimi sarı yox, çəhrayıdır.
5-ci planetin səmasındakı günəş, bizim günəşdən 10 dəfə böyük görünməlidir.
Alimlər deyirlər ki, bu planetlərin hər birinin səthindən digər planetlər bizim Ay boyda görünməlidirlər.
Astronomlar Trappist-1 ulduzu və onun ətrafılndakı planetlərdən 3-nü ötən il Çilidəki Atakama səhrasında yerləşən teleskopla kəşf etmişdilər. Teleskop planetləri birbaşa görməsə də, onlar bir-birinin qarşısından keçərkən saldıqları kölgəni qeydə alırdı.
Bundan sonra isə Çilidəki rəsədxananın məlumatları NASA-nın Spitzer fəza teleskopuna göndərilib. Kosmosda olan bu teleskop nəzərlərini tam 21 gün sözü gedən ulduz sisteminə "zilləyib" və daha dörd planeti görə bilib.
Planetlər bir-birlərinə o qədər sıx orbitlərə malikdirlər ki, bəziləri ulduzu bir günə, bəziləri 13 günə dövrələyə bilir.
Bu sistemdə ulduza yaxın olan planetlər cazibə qüvvəsi tərəfindən "kilidlənib". Yəni bizim Ay kimi onlar da öz oxları ətrafında fırlanmırlar və yalnız bir tərəfləri görünür.
Bu axtarışda iştirak etməmiş alimlərdən Leyden rəsədxanasının astrofiziki Ignas Snellen deyib ki, bu planetlərin tapılması onu heyrətə gətirib.
"Onlar bir neçə il əvvəl bu axtarışa başlayanda, mən ürəyimdə demişdim ki, bu, havayı vaxt itkisidir - deyir alim, İndi isə görürəm ki, səhv etmişəm".
Bundan sonra alimlərin diqqəti bu planetlərin atmosferinin olub-olmamasına yönələcək. Bu atmosferdəki qazların öyrənilməsi sözü gedən planetlərdə həyatın olub-olmaması sualına cavab üçün çox mühümdür.
Əgər o planetlərin də atmosferlərindəki qazlar Yerdəki kimidirsə, deməli oralarda da həyat var.