17 Fevral 2017
Mətni dəyiş
"The Guardian" yazır ki, kökü 4 min il bundan əvvəl kəsilmiş mamontlar alimlərin səyi nəticəsində həyata qayıda bilər.
Məqalədə deyilir ki, bu ideya alimlərin çox cəsarətli gen mühəndisliyi sayəsində gerçəkləşək.
Amerika Elmi Tərəqqi Assosiasiyasının bu həftə Bostonda keçirilən illik konfransında təcrübələrə başçılıq edən alim deyib ki, Harvard Universitetinin komandası hibrid rüşeymin yaradılması hədəfinə yaxınlaşıb.
İşlər bu şəkildə davam edərsə, mamontların Asiya filindən alınmış genlərin köməyi ilə yaradılması iki il müddətində həyata keçirilə bilər.
"Bizim komandamız fil-mamont rüşeyni yaratmaq vəzifəsini yerinə yetirməkdədir, - deyib professor George Church, - Əslində bu, bir sıra mamont xüsusiyyətləti olan fil kimi bir canlı olacaq. Məncə biz bu məqsədə iki ilə yetişə biləcəyik".
Bu üsulla yaradılacaq yeni heyvanın qulaqları balaca, dərialtı piyi qalın, pırtlaşıq tükləri uzun və qanı soyuğa davamlı olacaq.
Mamont genləri fillərin DNT-sinə gen mühəndisliyi vasitəsilə birləşdiriləcək.
Komanda indiyədək hüceyrə səviyyəsində işləyirdi, lakin indi toxuma və rüşeym mərhələsinə keçə bilib.
Xəbər verilir ki, alimlər 2015-ci ildən bir neçə mamont DNT-si nüsxəsi yarada biliblər.
Professor Church deyir ki, bu araşdırma həm də Asiya filinin formalarını dəyişməklə onun kökünün kəsilməsinin qarşısını ala bilər.
Lakin Manchester Universitetinin professoru Matthew Cobb mamont yaradılmasına o qədər də müsbət baxmır. O deyir ki, bu, sadəcə olaraq genlərin birləşdirilməsi yox, fillər kimi yeni bir sosial heyvanın yaradılmasıdır.
"Görəsən bu yeni fili köhnə fillər necə salamlayacaqlar?" - deyib alim.
Lakin doktor Church deyib ki, yeni heyvanın yetişdirilməsi prosesi başqa bir filin bətnində yox, tamamilə süni mühitdə həyata keçiriləcək.
Bir çox alimlər belə olduqda prosesin ən azı 10 il uzanacağını düşünürlər.
Amma doktor Church bildirir ki, onun qrupu artıq bətndən kənarda siçan dölünü yetişdirə bilib və bu işə 10 gün vaxt sərf olunub. Bu siçan balasının təbii yolla dünyaya gəlməsi üçün lazım olan vaxtdan iki dəfə azdır.