"30 gün ərzində Əliyevlərdən biri vəzifəsindən istefa verməlidir"
22 Fevral 2017
Mətni dəyiş
"Korrupsiyaya Qarşı Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə görə, Seçkili orqanlar istisna olmaqla, yaxın qohumların bir-birinin tabeçiliyində olan vəzifələrdə olması yolverilməzdir. Belə bir təyinatın olması qanun pozuntusudur. İndiki halda 30 gün ərzində tərəflərdən biri könüllü olaraq vəzifəsindən çəkilməlidir, əks halda qanunun tələblərini pozmuş olacaqlar"
Bu sözləri Abzas.net-ə açıqlamasında hüquqşünas Ələsgər Məmmədli bildirib. Onun sözlərinə görə Korrupsiyaya Qarşı Azərbaycan Respublikasının qanununa görə yaxın qohumların bir-birinin tabeçiliyində olan vəzifədə işləməsi yolverilməzdir.
Hüquqşünas deyir ki, bu günə qədər olan praktika göstərir ki, Azərbaycan hakimiyyəti qanunvericiliyi dəyişməklə bu problemi aradan qaldırmağa çalışacaq.
"Təəssüf ki, Azərbaycan praktikasında qanunları insanlara uydurmaq daha rahat şəkildir və bu baxımdan da mən düşünürəm ki, Azərbaycan hökuməti qanunvericiliyə dəyişikliklər etməklə problemi aradan qaldırmağa çalışacaq" - deyə hüquqşünas bildirib.
"Əgər bir ölkədə konsititusiya vaxtaşırı bir ailənin hakimiyyətə gəlməsi, hakimiyyəti əlində saxlaması və hakimiyyəti istədiyi kimi ötürməsindən ötrü 3 dəfə dəyişdirilirsə, belə bir ölkədə hansısa qanunların pozulması qətiyyən təəccüblü deyil".
Bu sözləri isə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, hadisələrin bu yöndə gedəcəyi öncədən gözlənilirdir.
"Azərbaycan Respublikasının qanunvericiliyi tələb edir ki, pezidentlər, prezidentliyə namizədlər öz varidatları ilə əlaqədar bəyannamə verməlidirlər. Biz nə zaman bunun şahidi olmuşuq? Ona görə də, hər hansısa bir qanunun bir müddəasının pozulması heç də təəccüblü deyil. Bütövlükdə Azərbaycanın dövlət quruluşu alt-üst edilib", - deyə partiya sədri bildirib.
Əli Kərimli bildirib ki, nə monarxiyayla, nə talançılıqla barışmaq fikirləri yoxdur, ona görə də, sentyabrda Referenduma etiraz olaraq 2 mitinq keçirdilər:
"Mitinqdə çoxlu sayda insan iştirak etsə də, bu monarxiyanın durdurulması üçün yetərli olmadı. Bundan sonra da sosial sifarişlər olduqca biz etriaz mitinqləri keçirəcəyik. Nə monarxiyayla, nə də talançılıqla barışmaq fikrimiz yoxdur".
Müsavat başqanı Arif Hacılı da düşünür ki, bu təyinata zəmin yaradan saxta Referendum idi.
"Bu referendum xalqın iradəsini ifadə etmirdi. Bütövlükdə ölkədə ailə hakimiyyətini qurulması istiqamətində atılan addımlar, 100 il bundan əvvəl cümhuriyyət yaratmağa nail olmuş bir ölkədə indi ailə hakimiyyətinin qurulması istiqmətində atılan addımlarla, təyinatlarla müqayisədə hansısa qanunun pozulması əslində həlledici məsələ deyil. Həlledici məsələ ondan ibarətdir ki, bu addımla İlham Əliyev Azərbaycan cəmiyyətinə hörmətsizliyini və sayqısızlığını nümayiş etdirib. Bu addımla o əslində öncədən bəlli olan bir həqiqəti etiraf etmiş olub" - deyə A.Hacılı bildirib.
Fevralın 21-də prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.
Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat yoldaşıdır.