Qərargah başçılarının görüşü üçün Bakını kim seçdi?

Qərargah başçılarının görüşü üçün Bakını kim seçdi?
22 Fevral 2017
Mətni dəyiş
TƏBLİĞAT ÜÇÜN DAHA BİR FÜRSƏT...
ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin Bakıdakı görüşündən bir neçə gün keçsə də bu mövzuda təhlillər, araşdırmalar və yeni-yeni yozumlar davam etməkdədir.
Sözsüz, hadisə sıradan bir olay deyildi və bir çox aspektlərdən diqqətəlayiq idi. Ən azı ona görə ki, yeni ABŞ administrasiyası ilə Rusiya arasındakı “isti münasibətlər” haqda söhbətlər başlayandan iki ölkə arasında ilk rəsmi təmaslardan biri idi.
Amma Azərbaycanda həmin bu görüşə maraq yalnız bununlami şərtlənirdi? Güman etmirəm. Ən azı ona görə ki, onun hələ də davam edən işıqlandırılması prosesindədə rəsmi Bakının hakimiyyət maraqlarının izlərini görmək üçün elə bir fəhm sahibi olmaq gərək deyil.
Hakimiyyətin ideoloji ruporları (bu isə yazılı və elektron medianın ən azı 95 faizi deməkdir!) indiyədək hər şeyi özünün “uğurlu siyasət”inin təntənəsi kimi qələmə verməyə alışdığından, bu dəfə də fürsəti buraxmadı: artıq neçə gündür ki, təbliğat maşını heç usanmaq bilmir və elə hey rəsmi Bakının apardığı uğurlu “balanslaşdırma siyasətinin təntənəsi”ndən, Azərbaycanda necə bir uğurlu xarici siyasət aparılmasından və ölkədə bərqərar olmuş sabitlikdən və inkişafdan dəm vurmaqdan yorulmurlar...
Nə demək olar? Rəsmi eyforiyanı bölüşməsəm də bir daha deyirəm ki, hadisə diqqətəlayiq idi. Hakimiyyətin yozumlarını və şərhlərini qətiyyən nəzərə almadan mən də özümə bir sual verirəm: görüş üçün Bakını kim, hansı ölkə seçmişdi?..
BELÇİKA VƏ İSVEÇRƏ OLMAQ ÜÇÜN
Bəri başdan deyim ki, bəzi seyrək şərhlərə rəğmən burada pis heç nə yoxdur. Böyük dövlətlər bir çox hallarda böyük görüşlər üçün kiçik və bir çox hallarda da neytral ölkələri seçirlər. Məsələn, kiçik Belçika və yaxud da İsveçrə demək olar ki, dünyanın bütün tədbirlərinə ev sahibliyi edir.
Burada əsas məqam odur ki, regionun siyasi, iqtisadi və ya mədəni mərkəzi olmaq uğrunda iki şəhər – Bakı ilə Tbilisi arasında əsl rəqabət gedir. Bu və ya digər tədbir üçün bir də görürsən ya Bakı seçilir, ya da Tbilisi. Bu baxımdan yanaşanda demək olar ki, Bakı öz aktivinə daha bir xal yaza bildi.
Amma uzağagedən nəticələrin də tərəfdarı deyilik. Ən azı yaxın vaxtlarda Azərbaycan nə Belçika olandır, nə də İsveçrə... Bunun kimi Azərbaycan həm də həmin ölkələr kimi azad bir diyar olmalıdır. Üstəlik, görüşün bütün təfərrüatları bəlli olmasa da, daha çox yayılan və ya daha çox ehtimal olunan fərziyyə budur ki, qərargah rəisləri Bakıda elə də böyük məsələləri müzakirə etmədi. Bu sadəcə, azca əvvəldə dediyim kimi iki böyük ölkə arasında ilk təmaslardan biri idi.
TRUMP ÖZÜ DƏ BAKINI PİS TANIMIR
O ki qaldı görüş üçün Bakının seçilməsinin kimin təşəbbüsdə bulunmasına, bununla bağlı bir neçə ehtimal söyləmək mümkündür. Ən əvvəl onu deyim ki, indiki ABŞ prezidenti üçün Bakı elə də uzaq, ekzotik bir şəhər deyil. Hətta vaxtilə Azərbaycan sözünü çox çətinliklə tələffüz etməyi öyrəndiyini deyən respublikaçı həmkarı kiçik Corc Buşdan fərqli olaraq Donald Trump ölkə haqda da, onun paytaxtı və bəlkə də siyasi özəlliklərilə bağlı yetərincə məlumatlıdır.
Amma deyə bilmərəm ki, təşəbbüs bilavasitə ABŞ-dan gəlmişdi. Bəs onda kim?
Bəzi siyasi təhlilçilər bu günlərdə ABŞ-da səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunun da adını çəkirlər.
Netanyahu görüş ərəfəsində ABŞ-da səfərdə idi. Üstəlik, İsraillə Azərbaycan arasında əməkdaşlıq, xüsusən də hərbi-texniki əməkdaşlıq indi ən yüksək səviyyədədir. Amma bunlar da birmənalı nəticələr üçün əsas ola bilmir...
ÇOX ÇƏTİNLİKLƏ “HƏZM” ETSƏ DƏ
Daha çox bu fikirdəyəm ki, təşəbbüskar elə Rusiya özü də ola bilərdi. Bir neçə il əvvəl Rusiya prezidenti daha bir maraqlı təkliflə çıxış etmişdi – o, ABŞ-a Qəbələ RLS-ni birgə istismar etməyi təklif etmişdi.
Düzdür, o vaxt ABŞ prezidenti Barak Obama bu təklifə elə də diqqət yetirmədi, üstəlik, artıq heç Qəbələ RLS-in özü də yoxdur, əvəzində bir kurort şəhəri olan və daha çox Qəbələ musiqi festivalı ilə tanınmağa başlayan bir Azərbaycan bölgəsi var. Amma fakt faktdır və əgər Rusiya o vaxt ABŞ-a Azərbaycanda daha dərin hərbi əməkdaşlıq üçün müraciət etmişdisə, niyə hər iki ölkənin hərbi məmurlarının Bakıda görüşməsini təklif etməsin?
Bilirsiniz, Rusiya çox mürəkkəb ölkədir, bölgədə böyük imperiya ambisiyaları var. Bir də görürsən ki, bu ölkənin hansısa siyasətçisi Azərbaycanı quberniyalara böləcəklərini deyir, başqa birisi, hətta Duma üzvü Rusiya parlamentinin növbəti iclasını Azərbaycanda keçirməyi təklif edir...
Amma daha üstün rəsmi tendensiya budur ki, Kreml çox çətinliklə olsa da Bakının apardığı siyasətə – neytrallıq və hərbi bloklara qoşulmamaq siyasətinə razılıqla yanaşır.
Azərbaycanı öz hərbi-siyasi orbitinə cəlb edə bilməyən Moskva onun NATO-dan da məsafə saxlamasını bir növ kafi hesab edir və ya bununla hesablaşmaq zorundadır...
ÖLKƏLƏR KİMİ ÜMİDLƏR DƏ MÜXTƏLİFDİR
Görüşün məğzinə gəldikdə isə, bunu hələ bir müddət sonra bilmək mümkün olacaq. Bəli, ümumi sözlər demək mümkündür – Suriyada birgə hərbi əməliyyatlar, İŞİD-ə və beynəlxalq terrorizmə qarşı mübarizə.
Amma bütün bunlar hələ də konkret nəticələr üçün yetərli deyil, çünki iki böyük ölkə arasındakı münasibətlərin ən yeni arxitekturası indi-indi formalaşmaqdadır.
Rusiya siyasətçiləri çox ümidlidir. Bu ümidlərin əsassız olmadığını deməyə əsas verən detallar da var. Donald Tramp Rusiya ilə ilk təmaslara cəhd edir – hərbçilər, xarici işlər nazirləri görüşürlər...
Amma bir ciddi nüans da var. ABŞ-ın yeni prezidentinin Rusiya ilə bağlı siyasəti nəinki ölkə mediasının və ictimaiyyətin, hətta Trampın Konqresdəki respublikaçı həmkarlarının, ən əsası da ölkənin kəşfiyyat strukturlarının ciddi nəzarəti altındadır.
Artıq yeni administrasiyanın bu müstəvidə ilk “yanma”ları da olub – yaxınlarda prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi bu dalğada “yandı”.
Amma Tramp Rusiya ilə yeni münasibətlər qurmağa çox israrlı görünür. Ən başlıcası Rusiyada çox böyük ümidlər var. Düşünürlər ki, ən azı ölkələrinə keçmiş SSRİ ərazisində “təkbaşına siyasət yürütmək üçün mandat” veriləcəkdir. Bəlkə də ürəklərində başqa niyyətləri də var...
Nə demək olar? Bir daha deyirəm ki, Rusiyanın da “ümidlər spektri”ni tam təsəvvür etmirik. Amma heç bir halda istəməzdim ki, onların hamısı çin olsun, çünki Rusiya hər şeydən irəli bir məsələni həll etməlidir – sübut etməlidir ki, o, dünya və eləcə də bölgə üçün təhlükəli deyil...

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun