2020-ci ilə qədər boykot konsepsiyası

2020-ci ilə qədər boykot konsepsiyası
17 Fevral 2017
Mətni dəyiş
Fevralın 16-da “Azərbaycan 2020: Gələcəyə baxış” strateji inkişaf üzrə dövlət konsepsiyasının – 2012-ci ildə təsdiq edilmiş və ölkənin ortamüddətli gələcəkdə inkişafına əsas baxış olan sənədin ictimai monitorinqinin yekunları təqdim edilib.
Monitorinq dörd QHT tərəfindən İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə keçirilən “Azərbaycanda inkişafı təşviq etmək üçün müzakirə platforması” layihəsi çərçivəsində həyata keçirilib.
8 istiqamət üzrə monitorinqin keçirilməsində 15 ekspert iştirak edib, bu barədə layihənin koordinatoru, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Dəstək Fondunun rəhbəri Sabit Bağırov bildirib. O qeyd edib ki, görülmüş işlər strategiyanın həyata keçirilməsində həm mənfi, həm də müsbət məqamlar üzə çıxarıb.
Təqdimatda həmçinin hökumətə strategiyaya düzəlişlər və iqtisadi böhran fonunda yeni elementlərin daxil edilməsi üzrə tövsiyələr səslənib.
2016-cı il ölkə üçün mürəkkəb il olub və 2017-ci ildə bu təmayül davam edəcək, deyən parlamentin deputatı Vahid Əhmədov qeyd edib ki, 2016-cı ilin payızında təsdiq edilmiş İslahatların Yol Xəritəsi böhranın aradan qaldırılmasına ümid yaradır.
İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder də Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı nikbin fikir bildirib, Doing Business-2017 reytinqində ölkənin yaxşı mövqeyinə əsasən, ölkənin sabit inkişafını qeyd edib.
Strateji yol xəritəsi də təqdimatda iştirak edənlərin müzakirə predmeti olub. Onlar arasında ekspertlər birliyinin, icra qurumlarının nümayəndələri, deputatlar olub. Ümumiyyətlə, çıxış edənlər bu sənədi ölkəni yeni postneft inkişaf dövrünə çıxara biləcək bir lokomotiv kimi qeyd ediblər.
Turan Agentliyinin Analitika Xidməti “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının təqdimatından bir gün sonra, 7 may 2012-ci il tarixli “Şübhəli “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası” adlı məqalədə onun həyata keçirilməsini şübhə altına almış, hətta uğursuz olacağını proqnozlaşdırmışdı.
Bu şübhə iki səbəbə əsaslanırdı: keçmiş konsepsiyanın qiymətləndirilməsi yanlış idi, bu da gələcək konsepsiya üçün yanlış istiqamətlər yaradırdı və qarşıya qoyulmuş məqsəd və vəzifələr Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmasını təmin etmirdi.
İkinci, “Azərbaycan 2020: keçmişə baxış” inkişaf konsepsiyası məqaləsi bu sənədin həyata keçirildiyi 3 ilin nəticələrinə əsasən onun tamamilə uğursuz olduğunu üzə çıxardı. İqtisadi böhran strategiyaya əlavə zərbə oldu, onun bəyan edildiyi şəkildə icrası üçün heç bir şans buraxmadı.
Turan 13 dekabr 2016-cı il tarixli “Əliyev Administrasiyası keçmiş və gələcək arasında” məqaləsində yenə yalan keçmişin və dumanlı gələcəyin prinsipləri əsasında qurulmuş Strateji Yol Xəritəsi ilə bağlı da belə hökm çıxarıb: “Rejimin yol xəritəsində məzmunu dolduran durğunluq istisna olmaqla, bu günün dinamikası yoxdur”.
Böhranlı son iki il Əliyevin köhnə komandasının anaxronik siyasi və iqtisadi dövlət sistemini, ölkənin idarəetməsini yenidən qurmaq istəyinin və qabiliyyətinin olmadığını göstərdi. Böhranlı iki il ərzində bankrot olmuş sistemin vətəndaşların hesabına xilas olunması: manatın iki devalvasiyası, iş yerlərinin ixtisarı, enerji daşıyıcılarının tarifərinin artırılması, yüksək qiymət artımı və əhalinin həyat səviyyəsinin düşməsi fonunda əmək haqqı və pensiyaların dondurulması istisna olmaqla, heç bir operativ antiböhran tədbirləri planı qəbul edilməyib.
“Azərbaycan 2020: Gələcəyə baxış” dövlət inkişaf konsepsiyasının ictimai monitorinqinin nəticələrinin təqdimatı mərasimi özü də hakimiyyətin işləmək qabiliyyəti haqqında bədbinliyi artırdı. Strategiyaya cəlb olunmuş dövlət qurumlarının demək olar ki, böyük əksəriyyəti, o cümlədən hökumət KİV-ləri və hökumətyönlü KİV-lər, ilk növbədə bu sənədin birbaşa əlaqəsi olduğu Prezident Administrasiyası tədbiri boykot edib. Buradan belə bir nəticə çıxır ki, hakimiyyət özü üçün İnkişaf Konsepsiyasını dəfn edib və onun reanimasiyasına ehtiyacı görmür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun