14 Fevral 2017
Mətni dəyiş
Həzi Bəy
Saat 09:30 olardı, 20 yanvar dairəsində elə ehmalca siqareti yandırıb damağıma qoymuşdum ki, əmimoğlunu gördüm - Seymur Həzini.
Seymur iki barmağı ilə qəzəbli, biraz da hövsələsiz şəkildə məni yanına çağırırdı. Əlimdəki siqareti görmədiyini ümid edib gözləyirdim ki, fikri məndən yayınsın, ona çatmamış siqareti atım. Onun yanına çatanda əlimdə siqaret yox idi artıq. Mənə şübhəli, biraz da kinayəli baxışlarla baxıb "Nə edirsən burda?" deyə soruşdu. "Özümə köynək alacam" - deyə cavab verib sağollaşdım və biz ayrıldıq.
Gün ərzində feysbukda Seymurun löhvəsinə baxırdım. Profilində bir qoca kişi şəkli var idi. Açığı, sırf Seymurun görəsən bu günki məsələ ilə bağlı nə deyəcək düşüncəsi ilə, elə bu qoca kişidən aldığım enerji ilə Seymura yazdım ki, Seymur bu kişi kimdir şəklin paylaşmısan? Ölüb, o da cəbhəçi idi? Çox heyf, Allah rəhmət eləsin - Seymurdan hələ cavab gəlməmiş ard-arda yazırdım.
Seymur "Yox, Cəmil Həsənlidir. Milli Şuranin prezidentliyə namizədidir" - deyə cavab verdi. Nə qədər qəddarcasına olsa da, mənim o dövr siyasətdən uzaq biri olduğumu nəzərə alıb incimərsiniz yəqin ki. Məni bu kişinin ölməməsindən, prezidentliyə namizdə olmasından çox, Seymurun siqaret mövzusunu açmaması sevindirmişdi.
27 sentyabr 2013 - Milli Şuranın seçkilərdən öncəki son mitinqindən bir gün əvvəl...
Feysbukdan təyinatı üzrə istifadə edib qızlara yazırdım ki, gözüm lentada bir elana sataşdı. Sabah mitinq olacaqdı. Mənim mitinqlə bağlı son xatırladığım Əli Kərimlinin başına dubinka vurulması idi. 10 yaşında idim, baxıb gülürdüm. Nə biləydim ki, o dubinka əslində Əli Kərimlinin başına vurulmurdu, bizim gələcəyimizə vurulurdu. O mitinqdə gələcəyimizi gəlməmiş, elə zamanın hamilə çağındaca döyülürdü. Düşündüm sabah da qırığın olacaq və açığı bu adrenalini canlı-canlı dadmaq istəyirdim.
Səhər ayılıb altdan-üstən 3 şalvar, 4 kofta geyinib getdim məhsula - mitinq nəzərdə tutulan məkana. Heç kəsi tanımırdım. Bizim yaşlı, gözlərində zəiflik olan, qulağı zəif eşidən Əlimərdan dayıdan başqa. O da qışqırıb nəsə deməyə çalışırdı, səsi çıxmırdı - ya da, kütlənin səsi onun səsin batırırdı. Mitinqdə ziyalılar və namizəd nitq söylədikdən sonra, qəşəng mahnılar qoşulurdu, gənclər oynayırdılar. Çox bəyənmişdim. Və açığı bir anlıq bitməsin deyə də düşünürdüm, amma hava da getdikcə qaralırdı.
Təkcə gözü görməyən, qulağı zəif eşidən, dili söz tutmayan Əlimərdan dayı bəs etmişdi ki, bütün məhlə məni müxalifətçi kimi tanıyırdı. Məhləyə gələndə qonşulardan ilk eşitdiyim "A bala sənə lazımdır?" "Ə, sən öl bunlar getsə də, bunlardan yaxşısı gəlməyəcək" "Ə, sizin evnizdən indiyə kimi bir səs çıxmayıb, niyə ocağınızı söndürürsən, a bala" kimi ifadələr oldu. Elə bu da mənim bu ifadələrlə ilk tanışlığım idi. Mənim qonşularım belə deyə-deyə məni müxalifətçi etdilər. Və açığı onların mənim üstümə gəlməsi mənim də xoşuma gəlirdi. Özümü onlardan daha qorxmaz, cəsarətli hesab edirdim. Hansı ki, nə etdiyimin mahiyyətinə varmasam da, ətrafımdakı reaksiyalardan qəhrəmancasına bir şey etdiyimi anlamışdım.
12 oktyabr 2013 - Milli Şuranın seçkilərdən sonraki ilk mitinqi...
Məni bu mitinqə gətirən keçən mitinqdəki qəşəng vətənpərvər mahnılar, gözü üzərimdə olan qonşular və adrenalin həvəsi idi. Açığı bu mitinqdə bunların hamısını tapdım. Mitinqdən öncə vətənpərvər musiqilər, liderlərin meydana izdihamlı girişi və mitinqdən sonrakı səhnə - çaxnaşma! İnşaatçılar metrosunun üstündə qırığın düşdü. Çox həyəcanlı və hərarətli idim. Bilmirəm niyə, amma gülürdüm. Hansı ki, içimdən heç gülmək gəlmirdi. Polislər kimi tuturdularsa, arxalarıca qaçır və onu maşına mindirənə kimi müşahidə edirdim. Nə üçün bilmirəm. Amma deyəsən kütlə psixologiyasına adaptasiya olurdum. Bir təhər həbs olunmadan məhləyə gəldim. Yenə keçən dəfəki səhnə - Məhlədən kənarda etdiyim müxalifətçilik məhlədə qəribçiliyə çevrilirdi.
Zamanla düzəlirdi artıq - bəzi qonşular ölkədəki vəziyyəti mənimlə müzakirə edər, mitinqin nə zaman olacaqın soruşardılar. Daha şən qonşularım "Əəəə, gəlmirsinqiz biz də bir gün görək?" deyə qışqırıqla "sual" edirdilər. Hər kəsə bir vəd, hər kəsə bir and, hər kəsə bir yalan - bu gün gəlirik, sabah gəlirik, bir aya gəlirik deyə-deyə qonşuları həvəsləndirirdim. Bu müddət ərzində yaxın günlərdə gələcəyimizi vəd etdiyim qonşulardan bəziləri dünyadan köçmüşdü.
Bir gün bir cəbəhçi qardaşla danışdıq ki, oturub bir çay içək, ölkədəki vəziyyəti müzakirə edək. Görüşdük. Nə üçün görüşdüyümüzü unudub, heç dərinliyinə varmadan dedik bir-iki əl nərd ataq. Oyunun ən qızğın yerində telefonuma zəng gəldi. Qonşu uşaqlardan biri "Həzi, Əlimərdan dayı can üstündədir, deyir Həzi demişdi ki, iki günə hakimiyyətə gəlirik, indi səni görmək istəyir" - deyə təşvişlə bildirdi. Açığı, elə bildim məni ələ salır, "Denən prezident aparatında iclasdadır, gələ bilmir" - deyə cavab verdim. Məhləyə gələndə çox üzüldüm, doğurdan da Əlimərdan dayı dünyadan köçmüşdü və son nəfəsdə də məni görmək istəyibmiş. Verdiyim cavabı ona çatdırıblar, kişi eşidib və dərindən nəfəs alaraq canın tapşırıb. Ölümünə üzülsəm də, bir yandan da xoşbəxt idim ki, Əlimərdan dayı dünyadan gözüaçıq köçmədi.
Artıq qonşuların mənə inamı itmiş, münasibətləri dəyişmişdi. Bu gün-sabah deyə-deyə vəd etdiyim qonşular məndən də, hökumətin dəyişməyindən də əl üzmüşdülər. Onlara elə bu inamı hökumət qaytardı. Və bu gün etiraz etmək, haqqlarını tələb etmək istədiklərini deyirlər. Heç cür qonşularla uzlaşa bilmirəm. Nəyə etiraz edirsiniz? 92-93-ü unutmusunuzmu?
Açığı, elə bu ifadəni də o vaxt qonşulardan eşitmişdim, özüm 2003-ə qədərin xatırlaya bilirəm...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.