Dünyanın nüfuzlu qəzetlıərindən “The Washington Post” qəzeti jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana təhvil verilməsi ilə bağlı redaksiya məqaləsi dərc edib.
Abzas.net xəbər verir ki, məqalədə Ə.Muxtarlının fəaliyyəti, prezidentin ailəsinə məxsus biznesin araşdırılması, Gürcüstandan necə oğurlanması və Azərbaycanda "peyda olması" və ittihamlarla bağlı ətraflı məlumat verilib.
Redaktorlar heyəti tərəfindən hazırlanan məqalədə Azərbaycan prezidenti İlham Əliyev avtoritar metodları təkmilləşdirməkdə və başqa diktatura rejimlərinin metodlarından istifadə etməkdə ittiham edilir:
“Biz bilirik ki, diktatorlar bir birlərindən metodlar və taktikalar öyrənir: xaricdə mənzillənmiş qeyri-hökumət təşkilatlarını bağlamaq, hər ağacın arxasında “xarici agent” gizləndiyi haqda xəbərdarlıq etmək, internetdə azad sözü boğmaq… Ola bilsin ki, İlham Əliyev sərhədlərdən kənarda dissidentləri oğurlayıb ölkəyə gətirməyi Çindən öyrənib”.
Məqalədə deyilir ki, İlham Əliyev qeyri-liberal vasitələrin elə ustasına çevrilib ki, o özü elə indilərdə diktatura üzrə seminar keçməyə başlaya bilər: "Kədərlidir ki, siniflər tam doludur".
Redaktorlar Əfqan Muxtarlının Azərbaycan hökuməti tərəfindən oğurlanıb həbs etdirməsinə Avropa və ABŞ-ın verdiyi rəsmi reaksiyaların zəifliyindən narazılığını ifadə edir.
“Dövlət Departamenti qısa bəyanatında oğurlanmadan narahat olduğunu deyib. Bu cür mülayimlik cənab Əliyevin düşüncəsində təsdiqləyə bilər ki, prezident Trump-ın rəhbərliyi altında ABŞ insan haqlarını, qanun aliliyini vecinə almır.”
Yazıda Əfqan Muxtarlının oğurlanmasında Gürcüstanın oynadığı qaranlıq rola da diqqət çəkir. Sual edilir ki, Avropa İttifaqına, demokratik ideallara can atan millət görəsən Azərbaycan hökumətinin sərhədlərarası adam oğurluğunda iştirak edibmi?
Bildirilir ki, indiyədək Gürcüstan rəhbərliyi oğurluq fakti ilə bağlı ortaya konkret heç nə çıxarmayıb.
“The Washington Post” Gürcüstan hökumətini məsələyə aydınlıq gətirməyə və rəsmi Bakını Əfqan Muxtarlını azad etməyə çağırır.
“Yaxşı olardı ki, daha çox hökumət cənab Əliyevin pis hiylələrini pisləsin. Bu, ola bilsin tiranları məhdudlaşdırsın”.