Seymur Baycan
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloş müəllifi olduğu “Kölə edilmiş ağıl” əsərinin sonlarında “Niyə sosialist Polşasına qarşı çıxdım” sualına cavab axtarır və belə bir hadisə yazır:
“... Mənim həqiqi xoşbəxtlik üçün imkanlarım vardı. Müharibənin dağıntılarından sonra yenidən inşa edilən Varşavada Tarixin qanunları ilə razılaşıb işləyə bilər və baxışlarımı uzaq gələcəyə yönləndirərdim. Şekspiri tərcümə edirdim – dilin müqavimətini qırmaq və orijinaldakı sözlər kimi yığcam sözlər tapmaq böyük zövqdür! On altıncı əsr İngilis tarixinin marksist tədqiqatı ilə məşğul olardım. İnqilaba və onun banilərinə bağlılığımı sübut edən şeirlərimi çap etdirərdim. Dialektika ilə məşğul olub filosoflara qoşulardım. Özüm isə Baxı dinləyərdim, Svifti, yaxud Floberi oxuyardım.
....Mənə elə gəlir ki, təhtəlşüurumdakı motivlər çox dərinə, indi haqqında danışacağım bir hadisəyə gedib çıxır. İkinci Dünya müharibəsinin başladığı vaxt səfərlərimin birində çox qısa müddətdə Sovet İttifaqında olmuşdum. Ukraynanın böyük şəhərlərinin birində stansiyada dayanıb qatar gözləyirdim. Böyük bir bina idi. Divarlardan çox çirkin portret və plakatlar asılmışdı. Yarımkürk, mundir, qulaqlı papaq və yun yaylıqlı izdiham binanın içərisini doldurmuşdu və döşəmədəki palçığı tapdalayıb qarışdırırdı. Mərmər pilləkən mürgüləyən yoxsullarla dolu idi. Qış olmasına baxmayaraq, çılpaq ayaqları cır-cındırın içərisindən görünürdü. Başlarının üzərindəki reproduktorlar təbliğat şüarları hayqırırdı. Yolumla gedərkən birdən nə isə məni dayanmağa məcbur etdi. Divarın yanında kəndli ailəsi özünə yer eləmişdi. Ər, arvad və iki uşaq. Səbət və kisələrin üstündə oturmuşdular. Arvad körpə uşağı yedizdirirdi, qarayanız, qırış-qırış sifəti və qara sallaq bığları olan kişi çaydandan çay süzüb böyük oğluna verirdi. Öz aralarında sakitcə polyak dilində söhbət edirdilər. Onlara uzun müddət baxdım və birdən yanaqlarımda göz yaşlarınım süzüldüyünü hiss etdim. Kütlənin arasında məhz onlara diqqət yetirməyimin, birdən-birə həyəcanlanmağımın səbəbi, onların tamamilə başqa cür olması idi. Bu – sadə, bəsit bir insanlıq üçün nəyinsə çatışmadığı kütlənin içərisində ada idi, əsl insan ailəsi idi. Çay süzən əllərin hərəkəti, stəkanın uşağa diqqətlə, nəzakətlə verilməsi, dodaqların tərpənişindən təxmin etdiyim qayğıdolu sözlər, bu insanların kütlə içərisində xüsusiliyi – məni sarsıdan bunlar idi. Mən o vaxt bir anlığa nəyisə anladım və yenə dərhal unutdum...”
Olduqca incə söhbətdir. Tədbirlərin birində Dombrovski soyadlı polyak şairinə belə bir sual verdim: “Sizdə sosialist Polşasının xiffətini çəkən adamlar var?”. Eşitdiyim cavab çox kəskin oldu: “Hə, bizdə belə axmaqlar var”.
Onun belə kəskin cavab verməsini hardasa başa düşmək olar. Çünki ümumi götürəndə mədəni cəhətdən daha aşağı olan bir xalq mədəni cəhətdən daha üstün bir xalqı işğal etmişdi. Bu işğal nəticəsində, yəni sosialist Polşası zamanında polyakların mənsub olduqları mədəniyyətlə birbaşa əlaqələri zor gücünə kəsilmişdi. Baltikyanı ölkələrdə də eyni vəziyyət idi. Mədəniyyəti daha yüksək olan bir xalq mədəniyyəti daha aşağı olan bir xalqın işğalına məruz qalmışdı. Baltikyanı respublikalar elə Sovet vaxtı da hər mənada fərqli idilər. Filmləri də fərqli idi. Geyimləri də. Həyat tərzləri də. Sovetin ipə-sapa yatmayan sənət adamları, yarımdissidentlər gedib o biri respublikalarla nisbətdə daha azad ab-hava olan baltikyanı respublikalarda yaşayırdılar. Baltikyanı respublikalar hətta o qədər fərqli idilər ki, oralarda istehsal olunan mallar elə Sovet vaxtı da “importnı” sayılırdı.
İkinci dünya müharibəsi zamanı Avropaya doğru hərəkət edən Sovet əsgərləri abad evləri, evlərdəki mətbəxi, qab-qacağı, məişət əşyalarını, mebelləri, abad yolları, səliqə-səhmanı, ümumilikdə mədəniyyətin səviyyəsin görüb çaşırdılar. Çünki gördükləri mənzərələr rəsmi təbliğatda deyilənlərin tam əksi idi. Bizim yazıçılardan bu haqda İsmayıl Şıxlı “Cəbhə yolları” əsərində yazıbdır. İkinci dünya müharibəsində iştirak edən İsmayıl Şıxlı Almaniyanın abad yollarını, bağlardakı səliqə-səhmanı gördükdə valeh olur və xəyalında bu abad yolları, səliqə-səhmanı öz ölkəsinə aparır. Sabir Əhmədli isə “Gedənlərin qayıtmağı” əsərində bu mövzuya bir başqa tərəfdən toxunur. Bildiyiniz kimi Sovet əsgərləri Avropada qarət etdikləri geyimləri bağlamalarla evə göndərirdilər. Sabir Əhmədli yazır ki, arxa cəbhədəki adamlar aldıqları bağlamalardakı geyimlərdən, məsələn, tutaq ki, gecə köynəklərindən, şlyapalardan necə istifadə etməyi bilmirdilər, paltarları necə gəldi geyinirdilər və nəticədə gülməli şəkillərə düşürdülər.
Mövzuya uyğun olaraq rayonlardan birində baş vermiş bir əhvalat yadıma düşdü. Rayonun adın özüm yazmıram. Əminəm ki, buna bənzər əhvalat başqa rayonlarda da baş veribdir. Layka plaşın hiper dəbdə olan vaxtlarında vəzifədə olan atasının hesabına farmazonluq edən gənclərdən biri əyninə təzə aldığı layka plaşın geyinib gəlir avtovağzala. O vaxtlar səhv etmirəmsə, layka plaşın qiyməti üç yüz manatdan yuxarı idi. Onu da yüz məşəqqətlə, tanışlıqla tapıb almalı idin. Müəllim isə o vaxtlar yüz, yüz otuz manat maaş alırdı. Yəni bir müəllim yemədən, içmədən, heç hara pul xərcləmədən üç aylıq maaşını yığıb layka plaş ala bilərdi. Bunu layka plaşın əldə edilməsinin hər mənada nə qədər çətin olduğunu göstərmək üçün yazdım. Bəli, vəzifədə işləyən atasının hesabına farmazonluq edən gənc əynində layka plaş gəlir avtovağzala, özü kimi bir neçə avaranı da başına yığıb başlayır tumsatan qoca kişiylə mırt tutmağa. Bu kişi də İkinci Dünya müharibəsində iştirak edibmiş. Yəni veteran imiş. Tale elə gətirib ki, tum satmağa məcbur olub. Farmazon gənclə tumsatan kişinin arasında bir növ təxminən kərpickəsən kişinin əhvalatındakı kimi bir söhbət gedir. Gənc zarafatlarında əndazəni aşanda tumsatan kişi, İkinci Dünya müharibəsinin iştirakçısı ona deyir: “Sən əyninə geyindiyini indi görürsən. Mən onu 41-45-də nemeslərin əynində görmüşəm”.
Xülaseyi-kəlam, sosialist Polşasında mədəniyyəti yüksək olan bir xalq mədəniyyəti aşağı olan bir xalqın işğalına məruz qalmışdı. Ona görə şair Dombrovski həmin dövrün xiffətini çəkən adamları kəskinliklə axmaq adlandırır. Bizdə isə söhbət mübahisəlidir. Çünki bizdə Sovet hökuməti qurulanda hələ xalq deyilən bir şey formalaşmamışdı. Ona görə də Azərbaycan Sovet yazıçıları Sovet hökumətinin qurulmasından, inqilabdan bəhs edən əsərlərində ağızlarına gələni yaza, istədiklərini asanlıqla uydura bilirdilər. Bu barədə daha ətraflı “Qədir necə inqilabçı oldu” yazısında oxuya bilərsiniz.
Çeslav Miloş “Kölə edilmiş ağıl” əsərində sosrealizmi Polşada yaymağın nə qədər çətin olduğu haqqında da yazır. Yazır ki, sosrelizmi Polşada tətbiq etmək, oturtmaq asan deyildi. Nədən ki, klassik polyak yazıçılarının əsərləri ruslara, Rusiya imperiyasına qarşı nifrətlə dolu idi. Bu klassik yazıçıların hamısını kənara qoymaq, qadağan etmək mümkün deyildi. Daha sadə dildə desək, oturuşmuş anlayışlar mövcud idi. Bu anlayışların hamısını dəyişmək, yalanlar uydurmaq böyük güc, vaxt tələbə edirdi.
Bəs bizdə vəziyyət necə idi?
Bizdə vəziyyət o qədər ağır idi ki, Səməd Vurğun Müsavat hökumətini lənətləyəndə Rəsulzadə buna sevinirdi. Deyirdi, heç olmasa xalq Səməd Vurğunun lənətdolu sətirlərini oxuduqda bir vaxtlar Müsavat adlı hökumətin mövcud olduğundan xəbər tutacaq. Vəziyyət bu dərəcədə acınacaqlı idi. İlk respublika ilk jurnalın nəşrindən on iki il sonra elan edilmişdi. Jurnal da satirik jurnal. Rəsmlərlə, karikaturalarla saqqallı uşaqlara başa salmaq istəyirdilər ki, bunu etsək, yaxşı olar, bunu etsək, pis olar. Hələ bu jurnalı da nəşr etmək asan deyildi. Bu jurnalı nəşr edənlərə min yerdən lənət yağdırırdılar, hədə-qorxunun biri bir qəpik idi. İlk jurnalın nəşrindən on iki il sonra elan edilən respublika Sovet dövründə necə yaddaşlarda yaşaya bilərdi?
Məqsədim polyaklarla, baltikyani ölkələrin xalqları ilə azərbaycanlıları müqayisə etmək deyildi. Belə bir müqayisə aparmaq sarsaq bir xırdaçılıq olardı. Sadəcə onu demək istəyirəm ki, tarixi nöqteyi - nəzərdən və digər vacib nöqteyi-nəzərlərdən bu gün Azərbaycanda baş verən hadisələr qanunauyğun, tam təbii görünməkdədir. Əlahiddə heç nə baş vermir. İldə bir kitabı əvvəldən axıra qədər oxumayan yüz minlərlə insan yaşayır Azərbaycanda. Ömründə bir kitabı əvvəldən axıra qədər oxumayan cahillərin, çoxlu kitab oxuyub, oxuduqlarından daha maraqlı, daha əsaslı yalan danışmaq, yaltaqlanmaq üçün istifadə edən və bununla qürurlanan intellektual lakeylərin də sayı heç də az deyil.
Qadınlar acgöz, var-dövlət, daş-qaş, qızıl hərisi. Qızların fikri-zikri ancaq ərə getmək. Var dövlətdən savayı onları heç nə maraqlandırmır. Romantika, təbiət, meşə, dağ-dərə filan, maddi olmayan nə varsa, onlara əsla maraqlı deyil. Xoşbəxtliyi yalnız var-dövlətdə, bahalı geyimdə, maşında, villada, maddiyyatda görürlər. O qədər var-dövlət hərisidirlər ki, qan qusmağa da hazırdılar, təki qızıl teşt olsun. Üstəlik heç bir itki vermədən həqiqi insana xas hissləri “yaşamaq” (oxu: imitasiya etmək) kimi bir qabiliyyəti də ustalıqla mənimsəyiblər. Bir qohumum var idi. Nişanlı idi. Nə vaxt onlara gedirdim, görürdüm nişanlısı ilə oturublar və maqnitofonda ifrat qəmli musiqiyə qulaq asırlar. İkisinin də sifətindən kədər yağırdı. Adama elə gəlirdi, bu dəqiqə ikisi də hönkür-hönkür ağlayacaq. Başa düşmürdüm, niyə belə edirlər. Bir yerdədilər? Hə, bir yerdədirlər. Bəlkə ikisinin də başqa istədiyi varmış, onları zorla nişanlayıblar? Yox, zorla nişanlamayıblar. İkisi də razılıqla, xoşluqla nişanlanıblar. İkisi də nişanlanmaqlarından razıdılar. Bəs yaxşı niyə belə edirlər? Niyə oturub maqnitofonda belə kədərli musiqiyə qulaq asaraq özləri özlərini kədərləndirirlər? Özlərinə belə əzab verməyin, zülm etməyin mənası nədir? Niyə gedib gəzmirlər? O vaxtlar gənc və təcrübəsiz idim. Başım belə qaranlıq, qarışıq məsələləri qavramaqda çətinlik çəkirdi (Başı da qınamaq olmur. Baş yazıq neynəsin? Dərdin kimə söyləsin? Başa heç nəyi öyrətməyiblər. İyirmi yaşda bilməli olduğumuz ən sadə şeyləri qırx yaşa çatanda güclə öyrənirik). Sonralar həyat təcrübəm artdıqca bu kimi, buna oxşar çoxsaylı vəziyyətlərlə tanış olduqca başa düşdüm ki, bu sadəcə heç bir itki vermədən insana xas hissləri “yaşamaq” qabiliyyətidir. Ən doğru və ən sərfəli seçimini edirsən, hissləri isə heç bir itki vermədən, çətinlik çəkmədən uzaqdan-uzağa yaşayırsan. Çəkilən “love story”lərə baxın. Özlərin elə aparırlar, guya çəkilənlərin hamısı həyatda baş verib. Guya “love story”də nə çəkilibsə, hamısını ürəkdən yaşayıblar. Əgər Azərbaycanda yüzcə adamın bir-birinə qarşı təmiz, təmənnasız sevgisi varsa, Allah mənə lənət eləsin!
Kişilər isə... Onların da həyat fəlsəfəsi çox aydın, çox ibtidaidir. Bir arvad alırsan, yaxud alırlar. Bunun belə bir fərqi yoxdur. Toplananların yeri dəyişəndə cəm dəyişmir. Aldığına, alınana, onu geyinmə bunu geyin, ora getmə bura get deyirsən. Əməl edər, etməz, bu da o qədər də vacib deyil. Əsas odur, ora getmə, bura get, onu geyinmə, bunu geyin deməklə eqo təmin olunur. Vəssalam, özünü fərd, şəxsiyyət kimi hiss edə bilərsən. Azərbaycanda kişi olmaq vətəndaş olmaqdan asandır. Kişi olmağın cəmiyyətimizdə üstünlükləri çoxdur. Nə edirsən et, nə işlə məşğul olursan ol, hansı cinayəti törədirsən törət, nəyə, kimə xidmət edirsən et, təki kişi ol. Vətəndaş olmaq başdan ayağa baş ağrısıdır. Ən başlıcası vətəndaş olmaq düşünmək tələb edir. Düşünmək isə azərbaycanlılar üçün ən məşəqqətli məşğuliyyətdir. Bir dəfə televiziya kanallarından biri küçədə sorğu aparırdı. Jurnalist küçədəki adamlara yaxınlaşıb sual verirdi. Beləcə yaxınlaşdı xalqımızın bir nümayəndəsinə. Sualını verdi. Filan məsələ barədə nə düşünürsünüz. Adam böyük əziyyət çəkərək baş-altı sözü birtəhər bir-birinin dalınca düzüb nəsə dedi. Yanında da özü kimi biri dayanmışdı. Jurnalist mikrafonu uzatdı həmin adama. Sualını təkrarladı. Dedi ki, bəs siz bu barədə nə düşünürsünüz. Əntiqə bir cavab gəldi. Möhtəşəm idi. Adam bir cümləylə, laqeydcəsinə, pafossuz-filansız azərbaycanlıların bütün anatomiyasını açıb qoydu ortaya. Başıyla yanındakın göstərib dedi ki, o nə düşünürsə, elə mən də onu düşünürəm.
Heç bir itki vermədən uzaqdan-uzağa insani hissləri “yaşamaq” qabiliyyətini mənimsəmişlərlə, düşünməyi məşəqqət hesab edənlər cütləşir, cütləşdirilir və dünyaya övlad gətirirlər. Nəticədə, düşünməyi məşəqqət hesab edənlər ata, ana, nənə, baba olurlar. Bu uşaqlar böyüyür, məktəbə gedirlər. Məktəbdə seçki qutularına saxta bülletenlər daşıyan müəllimlər onlara yazmağı və pozmağı öyrədirlər. Bəzən heç bunu da öyrədə bilmirlər. Beləcə həyat davam edir. Beləcə şüursuz şəkildə artıb çoxalmaqla həqiqi insana xas həyat yaşadıqlarını zənn edirlər. Bu adamlar üçün hansı quruluşda yaşamağın fərqi yoxdu. Hansı quruluş olursa olsun, yetər ki, öz ibtidai ehtiyaclarını ödəyə bilsinlər. İbtidai ehtiyaclardan savayı yerdə qalan hər şey əhəmiyyətsiz şeylərdir. İbtidai ehtiyaclardan savayı nəsə başqa şey haqqında fikirləşmək, buna görə narahat olmaq axmaqlıqdır...
... Toya getmişdim. Foyedə siqaret çəkdiyim vaxt bir tanış peyda oldu. Qucağında da uşaq tutmuşdu. Soruşdu nə işlə məşğulsan. Dedim, ədəbiyyatla məşğulam, hekayələr yazıram. Dedi müəllim vallah ədəbiyyat zad boş şeydi, əsas budur. Başıyla qucağındakı uşağı göstərdi. Sonra da marçhamarçla uşağın üzündən öpdü. Guya bundan nəyin boş, nəyin dolu, nəyin əsas, nəyin əsas olmadığını soruşan vardı. Baxdım uşağın üzünə. Uşağın üzündə məsumluq olar. Üzdə bir qram məsumluq yoxdu. Uşağın üzündən şeytanlıq yağır. Özü də cazibədar şeytanlıq yox, həqiqi, itələyici, qorxuducu şeytanlıq. Bircə balaca buynuzu və quyruğu çatışmır. Axtarsan, bəlkə onları da tapa bilərsən.
İndi bu danabaşa necə başa salasan ki, əsas qucağında tutduğun deyil, qucağına tutduğuna verilən təhsil və tərbiyədir. Bu danabaşa necə başa salasan ki, qucağında tutduğundan şərq ölkələrinin küçələrinə, çöllərinə vaqon-vaqon tökülüb. Yığıb-yığışdıran yoxdur. 5 milyon əhalisi olan Finlandiyanın 168 milyon əhalisi olan Banqladeşdən dünyada hörməti ən azı, ölən yeri 168 dəfə çoxdur. Çənəni yorub belə söhbətlər etsən, bir şey qanacaqmı? Qanmayacaq. Şüursuz şəkildə artıb çoxalmaqla həqiqi insana xas həyat yaşadıqlarını, fövqəladə bir iş gördüklərini zənn edirlər.
İndi isə ən çox qorxduğum, vahimələndiyim günlərdən biri haqqında yazmaq istəyirəm. Bir nəfərlə görüşməli idim. Zəng etdim. Dedi, filan əyləncə mərkəzində çəkilişdəyəm, gəl bura. Getdim. Bir topa uşağı yığmışdılar zala. Nəsə veriliş çəkirdilər, reklam çəkirdilər, bilmirəm. Bu heç maraqlı və vacib də deyil. Əsas məsələ başqadı. Uşaqlar çox qorxulu görünürdülər. Qızların sifətindən ifritəlik yağırdı. Küpəgirən qarılara oxşayırdılar. Hərdən mənə elə gəlirdi ki, incidə bu dəqiqə süpürgələrə minib qəhqəhələr çəkərək zalda o tərəfə-bu tərəfə uçacaqlar. Hər an onların süpürgələrə minib qəhqəhə çəkərək uçacaqlarını gözləyirdim. Buna tam hazır idim. Təəccüblənməyəcəkdim. Niyə uçmadılar bilmirəm.
Oğlanlar isə potensial cinayətkarlara, durduğun yerdə adama şər-böhtan atanlara, xəbərçilik edənlərə oxşayırdılar. Balaca-balaca cinayətkarlar...Balaca-balaca xəbərçilər... Balaca-balaca yaltaqlar... Balaca-balaca rüşvətxorlar... Balaca-balaca ağa qara deyənlər... Danışıqlarına, hərəkətlərinə baxırdım və hiss edirdim ki, artıq cəngəllik qanunlarını yaxşıca mənimsəyiblər. “Necə yaşamağın qaydalarını” yaxşıca öyrəniblər. Üstümə qara enerji gəldi. Boğuldum. Bəlkə də bu balaca küpəgirənləri, bu balaca cinayətkarları ayrı-ayrılıqda görsəydim, bu qədər vahimələnməzdim. Topa halda isə onlardan gələn qara enerjiyə dözmək, bu enerjinin qarşısında dayanmaq, boğulmamaq, qorxmamaq, vahimələnməmək, sarsılmamaq, gələcək haqqında ümidsiz fikirlərə düşməmək mümkünsüz idi. Zalı tərk etdim. Getdim bulvara. İki-üç saat gəzdim. Sonra yemək yedim. Nə qədər yesəm də, xeyri olmadı. Üstümə çökən qara enerjidən xilas ola bilmirdim. Düşündüm, bəlkə atmosferi tam dəyişsəm, ovqatım da dəyişər. Məhz bu məqsədlə, bu niyyətlə, ayrı bir niyyətim olmadan hər cürə bayağı mahnıların yüksə dərəcədə sentimental hisslər oyatdığı “Təzə açılmış gəlin” adlı gecə klubuna getdim. Gecə klubu deyəndə xeyli təntənəli səslənir. Allah kəssin Azərbaycanın gecəsin də, onun gecə klubunu da. Gecə klubunda adam az idi. Pivə sifariş verdm. Masaya bir qız yaxınlaşdı. Başladı gic-gic danışmağa. O, gic-gic danışdıqca beynim dincəlirdi. Pivə istədi. Aldım. Bildiyiniz kimi bizim ölkəmizdə cinsi əlaqəyə müxtəlif adlar qoyublar. Olmaq, bərkitmək və sairə və ilaxır. Ölkəmizdə cinsi əlaqəyə qoyulan bütün adları burda sadalamağı münasib hesab etmirəm. Bir çox gecə klublarında isə cinsi əlaqəyə yaşamaq deyirlər. Bəli, məhz yaşamaq. Bu qədər sadə. Sakitcə pivə içdiyim yerdə qız birdən sual verdi: “Yaşamaq istəyirsən?”. Cavab vermədim. O, sualı təkrar etdi: “Yaşamaq istəmirsən?”. Yenə cavab vermədim. Növbəti dəfə isə daha ağır suala məruz qaldım: “Yaşamaq istəmirsənsə, bəs bura nəyə gəlmisən?”. Bəxtimdən klubda dava düşdü. Baş qarışdı. Mənim üçün tamam başqa məna kəsb edən bu çətin suallara cavab vermək zillətindən xilas oldum.
....Azərbaycanlılar çox paxıl camaatdı. İndi xeyli adam deyəcək ki, burda təzə heç bir xəbər yoxdu. Paxıllıq hər yerdə var. Razıyam. Paxıllıq hər yerdə var. Bununla belə yenə də təkrar yazıram; azərbaycanlılar dəhşətli dərəcədə paxıl camaatdı. Bu paxıllığın kvintesesiyasın Tiflisdə LGBT üzvlərinin döyüldüyü zaman bütün hüceyrələrimlə hiss etdim. O yazdı: bəy, bu da sənin gürcülərin. Bu dedi: bəy, bu da sənin Gürcüstanın. Elə bil mən gürcülərin, Gürcüstanın vəkili, səlahiyyətli nümayəndəsiyəm. Hər əməllərinə, hər baş verən pis hadisəyə görə izahat, cavab, şərh verməliyəm. Özü də kinayə, rişxəndlə “bəy, bu da sənin gürcülərin”, “bəy, bu da sənin Gürcüstanın” deyənlərin çoxu Allah qoymasa guya ölkədə demokratik dəyişiklik istəyən adamlar idi. Halbuki bir insan əgər doğrudan da demokratdırsa, öz ölkəsində demokratik dəyişiklik arzulayırsa, istər uzaq olsun, istərsə də yaxın hər hansı ölkədə demokratiyanın dayaqları sarsıldıqda təəssüf hissi keçirməlidir. Əgər bu ölkə qonşu ölkədirsə və digər qonşu ölkələrdə biabırçı rejimlər mövcuddursa, bu təəssüf hissi məntiqlə daha da dərin olmalıdır. Çünki Çeslav Miloşun təbirincə desəm, harda yaxşı, ya da pis bir şey varsa, mütləq başqa yerdə də olacaq. Həqiqi demokrat hətta Ermənistanda da demokratik dəyişikliyin baş verməsinə sevinməlidir. Həqiqi demokrat hətta Ermənistanda da demokratiyanın dayaqlarının sarsılmasına təəssüf hissi keçirməlidir.
Əgər bir adam həqiqətən də demokratdırsa, öz ölkəsində demokratik dəyişiklik arzulayırsa, qonşu bir ölkədə demokratiyanın dayaqlarının sarsılmasına niyə sevinsin ki? “Bu da sənin gürcülərin”, “bu da sənin Gürcüstanın” sözlərindən o qədər bezdim ki, axırda bu sözü deyən adamlara sərt cavab vermək məcburiyyətində qaldım. Dedim ki, burda yeddi-səkkiz LGBT üzvü aqqressiv bir kütlənin qabağından qaçmadı. Sizin Milli hərəkatınızın liderinə pıqq eləyən kimi qaçdı getdi oturdu kəndində, adın da qoydu mən vətəndaş müharibəsi istəmirdim. Guya elə çox vətəndaş müharibəsi eləyəsi adam vardı. Tərəfdarları da eyni sözü təkrarladılar. Çünki bu qaçışa qoyulan ad ürəklərindən idi.
Tarix kitabı əlçatmaz kitab deyil. Tarix kitabının hər səhifəsindən həqiqət bağırır. Con Steynbekin sözüdür. İlk baxışdan nə qədər sadə görünsə də, bu sözün çox dərin, geniş mənası var . Tarixi nöqteyi-nəzərdən və yuxarıda da qeyd etdiyim kimi digər vacib nöqteyi-nəzərlərdən baxdıqda yarımvəhşi həyat tərzi keçirən azərbaycanlılar tayfa, bəylik, xanlıq halında yaşamalıdırlar. Əslində, de-fakto elə belə də yaşayırlar.
Aydın Kazımzadə adında bir kinoşünas var. Əməkdar incəsənət xadimidir. Neçə illərdir televiziya kanallarında Azərbaycan kinosunun tarixindən danışır. Neçə illərdir danışır, hələ 50-ci, 60-cı illərdədir. Elə bil fransız, italyan kinosundan danışır. Azərbaycan kinosunun nə canı var ki, illərlə bu kinonun tarixindən danışasan. Sovet vaxtı Azərbaycan kinosu haqqında belə bir deyim yaranmışdı: “Biri var pis kino, biri də var Azərbaycan kinosu”. Yəni Azərbaycan kinosu heç pis kino da deyil, nəsə başqa kinodu. Ayrıca kateqoriyadı. Aydın müəllim neçə illərdir bax bu kinodan danışır. Bir dəfə cavan rejissorlardan biri Aydın müəlimə sual verir: “Aydın müəlim, bəs bizdən nə vaxt danışacaqsınız?”. Aydın müəllim əla cavab qaytarır: “Darıxmayın! Yavaş-yavaş gəlirəm”.
İndi Aydın müəllimin sözü olmasın, azərbaycanlılar yavaş-yavaş gedirlər. Hara getdikləri haqqında əminliklə danışanda belə bir haqlı sualla qarşılaşıram: “Hardan bilirsən?”.
Bu sualı eşitdikcə çox sevdiyim əhvalatı nəql edirəm. Bu kiçik, lakin ibrətamiz əhvalatı “Çox qorxulu oyunlar” adlı yazıda yazmışam. “Təkrar biliyin anasıdır” sözünü əldə əsas tutaraq həmin əhvalatı bir daha yazıram.
Vitold Qombroviç adlı bir polyak yazıçısı var. Böyük yazıçıdır. Qombroviç faşistlərin Polşaya girməsindən əvvəl ölkəni tərk edib. Dostlarının sən hara gedirsən sualına Qombroviç möhtəşəm bir cavab verib:
- Dostlar, bəyəm siz qəzet oxumursunuz?
İndi bu söz düşüb dilimə. Azərbaycanın hara getdiyi barədə əminliklə danışanda və haqlı olaraq “hardan bilirsən” sualı ilə qarşılaşanda, duruxmuram, incimirəm, coşmuram. Sakitcə deyirəm: “Dostlar, bəyəm siz qəzet oxumursunuz?”