Sentyabrın 29-da Bakıda RF Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşü keçirilib.
Maraqlıdır ki, bu qədər yüksək mövqe tutan şəxslərin görüşü haqqında Azərbaycan mətbuatında bir sətir belə yoxdur. Görüşdə RF XİN-in, Kommunikasiya və Rabitə Nazirliyinin, FTX-nin və Rusiya Prezident Administrasiyasının nümayəndələrinin də iştirak etdiyini nəzərə alsaq, bu, daha da qəribədir.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, görüşdə regional təhlükəsizlik, dini ekstremizmə və terrorizmə qarşı mübarizənin qanunvericilik bazasının təkmilləşdirilməsi, habelə beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə baxılıb.
Qeyd edək ki, son vaxtlar informasiya təhlükəsizliyi məsələlərində Moskvanın və Bakının mövqeyi bir-birinə uyğundur. Belə ki, Azərbaycan çox vaxt yerli və xarici QHT-lərin işini əngəlləmək, sosial şəbəkələrin rolunu minimuma endirmək və onların istifadəçilərini maksimum nəzarət altında saxlamaq məqsədilə RF-nin bu sahədəki qanunvericiliyini təkrarlayır.
Son vaxtlar Rusiya KİV və ilk növbədə rəsmi telekanallar "Qərb iradəsinin itaətkar icraçısı olmaq istəməyən Azərbaycan hakimiyyətinə qara yaxmaq" cəhdlərinə görə Qərbi fəal şəkildə tənqid edirlər.
Çox güman ki, Patruşevin səfəri məhz son vaxtlar rəsmi Bakının insan hüquqlarını pozan məmurlara qarşı sanksiyalar tətbiq edilməsini tələb edən Avropa Şurası, ABŞ Konqresi və bir çox beynəlxalq təşkilatlar tərəfindən güclü tənqidə məruz qalması ilə bağlıdır.
Məsləhətləşmələrə yekun vuran Patruşev Rusiya və Azərbaycanın ikitərəfli münasibətlər və çoxtərəfli əlaqələr məsələlərinə yanaşmalarından məmnunluğunu ifadə edib.
Azərbaycan tərəfdən görüşdə dövlət başçısının köməkçisi Əli Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.