Eldar Mahmudov yenə məhkəməyə çağırıldı

Eldar Mahmudov yenə məhkəməyə çağırıldı
3 Oktyabr 2017
Mətni dəyiş
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov yenidən məhkəməyə çağrılıb. Bu məsələ MTN generalı, nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevin məhkəməsində qaldırılıb.
Oktyabrın 2-də Bakı Hərbi Məhkəməsində həbsdə olan generalın işinə baxılarkən iş üzrə zərərçəkmiş, vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz silah saxlama ittihamı ilə həbs olunan Mətləb Mustafayev sabiq nazirin dindirilməsi haqda vəsatət qaldırıb.
"Gəlsin, cavab versin ki...”
MTN əməkdaşlarının onu şərlədiyini, evində silah olmadığını deyən Mustafayev Eldar Mahmudovu məhkəmə önündə görmək istəməsini isə belə əsaslandırıb: "Cinayət işinin materiallarındakı ifadələrdə, o cümlədən İlqar Əliyevin (Antiterror Mərkəzinin rəis müavini, həbsindən iki ay sonra Kürdəxanı təcridxanasında intihar edib - red.) ifadəsində var ki, digər zərərçəkmiş Maqsud Mahmudovdan alınmış 120 min nazirin göstəriş verdiyi pay üzrə bölünüb. Elçin Quliyev özü də ifadəsində deyib ki, MTN-ə çağırılan şəxslərlə bağlı göstəriş Eldar Mahmudovdan gəlib. Ona görə də Eldar Mahmudov bura gəlməli, deyilən məsələlərə aydınlıq gətirməlidir”.
Məhkəmədə şahid qismində dindirilən keçmiş MTN əməkdaşlarının bir neçəsi ittihamlar haqda danışarkən mərhum İlqar Əliyevin göstərişi əsasında iş gördüklərini bildiriblər.
"Əgər həqiqətən belə olubsa, o zaman cavab verilsin ki, əməkdaşlar onları qanunsuzluğa vadar edənlər haqda nazirə, onun müavinlərinə niyə şikayət etməyiblər?”, – zərərçəkmiş bildirib.
Məhkəmə prosesinə sədrlik edən Elbəyi Allahverdiyev deyib ki, Eldar Mahmudovla bağlı vəsatətə növbəti iclasda baxılacaq.
Təqsirləndirilən general isə Eldar Mahmudovun daxili telefonla ona zəng edərək, Mətləb Mustafayev və bacısının evində silah olması haqda məlumat verib. Elçin Quliyev həmin əməliyyat məlumatının surətinin məhkəməyə təqdim olunmasını istəyib.
Hakim bu vəsatətə də növbəti məhkəmə iclasında baxılacağını deyib.
MTN-in bir generalına görə o birinin məhkəməsi qaldı
Ardınca məhkəmədə dövlət büdcəsindən agenturaya ayrılmış vəsaitin mənimsənilməsi ilə bağlı Elçin Quliyevə verilmiş ittiham üzrə araşdırma aparılıb. Bu məsələ ilə əlaqəli sənədlər elan olunub. Araşdırılanlar arasında dövlət sirri sayılan məlumatlar olduğundan məhkəmə qapalı keçirilib.
MTN generalının məhkəməsi qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Çünki Elçin Quliyevin işinə baxan hakimlər başqa bir MTN generalı Akif Çovdarov və onunla birlikdə mühakimə olunan 3 nəfərin də işini araşdıran hakimlər kollegiyasına daxildir. Akif Çovdarovun işində məhkəmə yekunlaşır. Oktyabrın 4-də Çovdarov son sözünü desə, hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedəcək. Müşavirədə olduqları müddətdə isə hakimlər başqa işə çıxa bilməzlər.
Xatırlatma
2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu.
O, rüşvətalma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır. E.Quliyev onun tabeliyində işləmiş Azər Mehdiyevlə birlikdə mühakimə olunur.
2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Nazirliyin 20-dən artıq yüksəkçinli əməkdaşı saxlanıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun