Departament rəisinin Türkiyədəki biznesi

Departament rəisinin Türkiyədəki biznesi
1 Oktyabr 2017
Mətni dəyiş

Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. R.Mehralıyev Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisidir.

Departamentin strukturuna 14 qurum daxildir. Onlardan bəziləri bunlardır: Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, "Lifttəmir" İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsidir.

Ər-arvad qapıbir qonşudur

Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib - Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

[caption id="attachment_47746" align="aligncenter" width="786"] Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatı.[/caption]

Uluğ ailəsinin Azərbaycandakı layihəsi

“AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfail Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini - həmin ilin mayında Almaz Səfərovaya verib.

Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır. Uluğ ailəsi Türkiyə mətbuatında Azərbaycanda da müxtəlif layihələri gerçəkləşdirdiklərini vurğulasa da, onların ölkəmizdəki fəaliyyəti haqda bilgi əldə etmək mümkün olmadı.

“Ulukar Holdinq”ə ünvanlanan sorğuya cavabda isə bildrilir ki, şirkət Dərnəgül yol layihəsini hazırlayıb. Araşdırma zamanı əldə olunan sənədlər də o da məlum oldu ki, Uluğlar Mehralıyevin ortağı Mualla Küfrevioğluyla daha bir ortaqlığa malikdir. Həmin ortaqlıqda da adı keçən azərbaycanlı var - Əyyub Məmmədov.

Daha bir milyonluq şirkət

R.Mehralıyevin daha bir milyonluq şirkəti isə “LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətidir. Şirkət 2012-ci ildə təsis olunub. Elə həmin il ölkə başçısı İlham Əliyev Mehralıyevi inşaat işçisi olaraq "Tərəqqi" medalı ilə təltif edib.

[caption id="attachment_47747" align="aligncenter" width="1001"] Türkiyə Vergi İdarəsinin rəsmi saytı.[/caption]

LEDA-nın nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsdir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik - Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.

Keçmiş polis rəisinin biznesi

Rəfail Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.

[caption id="attachment_47749" align="aligncenter" width="1124"] Naftalan İcra Hakimiyyətinin saytı.[/caption]

Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən "Nare" adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.

[caption id="attachment_47750" align="aligncenter" width="729"] Türkiyə Vergi İdarəsinin rəsmi saytı.[/caption]

Birlikdə öz adlarına 3 şirkət qeydə aldıran ailənin birinci şirkəti 2012-ci ildə təsis olunub. Həmin şirkətin adı "ALLİANCE” Eğitim Turizm İnşaat Gida Ticaret Limited” Şirkəti olub. Şirkət 2014-cü ildə qapadılıb. Bundan sonra Gülnarə Mehralıyeva "NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 000 lirəsi G.Mehralıyevaya məxsusdur. Üçüncü şirkət isə "İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə məxsusdur.

[caption id="attachment_47751" align="aligncenter" width="1136"] Türkiyə Vergi İdarəsinin rəsmi saytı.[/caption]

Mehralıyev zənglərə cavab vermir

Rəfail Mehralıyevin qeydiyyatda olduğu ev Əhməd Rəcəbli 6 ünvanında olsa da, 2 il əvvəl küçə nömrələri dəyişdirildiyindən sıralamada onu tapa bilmədik. Mehralıyevin işlədiyi departamentə, köməkçisinə zəng vurduq. Amma R.Mehralıyev zənglərə cavab vermədi.

Hesablama Palatası nəyi aşkarlayıb?

Hesablama Palatasının 2015-ci ilə olan hesabatında göstərilir ki, həmin il Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti dövlət satınalmalarını tender yolu ilə yox, birbaşa müqavilələr əsasında icra edib.

Palata hesab edib ki, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmayıb, işlərin istismara verilməsi barədə aktlar tərtib edilməyib və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmayıb. Palatanın məlumatına görə, audit tədbiri Bakı şəhərinin 12 inzibati rayonu üzrə Mənzil Kommunal Təsərrüfatı birliklərini (MKTB), 3 Xüsusi təyinatlı MKTB-ni və Departamentin strukturuna daxil olan 14 qurumu əhatə edib. 2015-ci ildə dövlət büdcəsindən Departamentə ayrılmış vəsaitlər “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 80,6%, əsaslı vəsait qoyuluşu üzrə 83,6%, ehtiyat fondu üzrə 77,5% səviyyəsində icra olunub.

Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondları üzrə 8 layihənin icrası nəzərdə tutulsa da, həmin layihələrdən 2-si üzrə, ümumiyyətlə, maliyyələşmə açılmayıb.

Hesabatda bildirilib ki, 2014-cü ilin gözlənilən xərcləri nəzərə alınmadığından mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və təmir xərcləri düzgün hesablanmayıb, mənzil fondunun zərərinin ödənilməsi üçün dövlət büdcəsi layihəsinə mənzil fonduna aid olmayan xərclər daxil edilib:

“Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” əsasında hesablanılmalı və təsdiqlənməli olan xərclərin proqnozlaşdırılması zamanı göstərilən normanın tələblərinə əməl olunmayıb.

[caption id="attachment_47752" align="aligncenter" width="906"] Bakının mərkəzində ''26'' adlı kafeyə basqın zamanı Rəfail Mehralıyev.[/caption]

Bəzi MKTB-lər tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılmış və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılıb”.

Liftdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılıb.

Hesabatda bildirilir ki, bəzi hallarda büdcə qanunvericiliyinə riayət olunmayıb. Dövlət büdcəsinin “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitdən “Mənzil və kommunal təsərrüfatı” bölməsinə aid olmayan (təyinatdan kənar məqsədə) vəsait yönəldilib.

Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmayıb, oxşar obyektlər üzrə analoji əmsallar tətbiq olunmaqla müəyyən edilib, işlərin istismara verilməsi barədə aktlar tərtib edilməmiş və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmayıb, bəzi hallarda tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi nəticəsində smeta sənədlərinə və qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib, layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib.

Departament tərəfindən dövlət əmlakının uçotu qismən aparılıb, yolların əsaslı təmiri və yeni salınmış yolların dəyəri uçota alınmayıb və balanssaxlayıcıya təhvil verilməsi təmin olunmayıb, eyni hal mənzil fondu üzrə də təkrarlanıb. Dövlət əsaslı vəsait qoyuluşundan və yerli xərclərdən mənzil fondunun əsaslı təmirinə və bərpa-gücləndirmə işlərinə ayrılan vəsait hesabına yerinə yetirilən işlərin dəyəri mənzil fondunda binanın qalıq dəyərinə aid edilməyib.

Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin yol verdiyi nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını bildirib. Digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və buna yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə sənəd göndərilib.

Hüquqşünas rəyi

Hüquqşünas Yalçın İmanov “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 9.3.3 maddəsini şərh edərək bildirib ki, qanun vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir.

Hüquqşünas deyir ki, Cinayət Məcəlləsinə görə 308-ci maddə vəzifə səlahiyyətindən sui-istifadə hesab olunur və buna görə cərimə cəzası, eləcə də 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun