13 saylı cəzaçəkmə müəssisəsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin səhhəti kəskin şəkildə pisləşib.
Bu barədə Turan-a sentyabrın 30-da axşam onun bacısı Əminə Hacıyeva bildirib.
Sentyabrın 26-da axşam C.Hacıyev karserə salınıb və etiraz əlaməti olaraq aclıq elan edib.
Həmin vaxtdan etibarən vəkillər onun yanına buraxılmırdı.
Ə.Hacıyevanın sözlərinə görə, şənbə günü doğmaları cəzaçəkmə müəssisəsindəki mənbələrdən C.Hacıyevin pisləşdiyi və həkim çağırdığı haqqında məlumat əldə ediblər.
Amma cəzaçəkmə müəssisəsi onun yanına həkim göndərməkdən imtina edib, deyə Ə.Hacıyeva bildirib. Onun sözlərinə görə, C.Hacıyev aclığı davam etdirir.
O qeyd edib ki, C.Hacıyevin onsuz da səhhəti ilə bağlı ciddi problemləri var idi və Beynəlxalq Qırmızı Xaçq Komitəsinin həkimləri bunu təsdiq ediblər.
Ə.Hacıyeva qardaşının taleyindən narahat olduğunu bildirib.
Vəkil Fəxrəddin Mehdiyev öz növbəsində xatırladıb ki, cümə günü saat 12.00-dan 17.00-a qədər cəzaçəkmə müəssisəsinin girişində dayanıb, amma "vəkillərlə görüş otağının məşğul olması" bəhanəsi ilə ona C.Hacıyevlə görüş verilməyib.
Karserə salındıqdan sonra C.Hacıyevin vəkilləri hələ onunla görüşməyiblər. Vəkillər bunu müdafiə hüquqlarının pozulması kimi qiymətləndirib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkarlanıb. ABB-nin keçmiş sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum ediliblər. Cahangir Hacıyev özünü təqsirli bilməyib.