Azad qadın - Cavid Ramazanov

Azad qadın - Cavid Ramazanov
6 Oktyabr 2017
Mətni dəyiş
Cavid Ramazanov

Fotoqraf Stiv Mekkuri 1984-cü ildə Pakistandakı qaçqın düşərgəsində bir əfqan qızının şəklini çəkir. Şəkildə köhnə, qırmızı başörtüsü taxmış yeniyetmə qızcığaz heyrətdən bərəlmiş, firuzə daşıtək işıldayan gözlərini fotokameraya zilləyib. Baş örütüsünün altında bir tutam dağınıq, şabalıdı saçları görünür, dodaqları bir-birinə sıxılıb, gözəl çöhrəsində qorxu, təlaş və həyacanın ifadəsi var.

Stiv Mekkuri əfqan qızının adını soruşmağa ehtiyac duymur, haqqında heç nə öyrənmədən şəkli redaksiyaya göndərir. Növbəti il foto “National Geographic” jurnalıda dərc olunur. Və dərc olunmağıyla ətrafında elə bir qasırğa qoparır ki, həm fotoqrafa, həm də əfqan qızına dünya şöhrəti gətirir. O vaxtdan bu yana bir çoxları əfqan qızının portretini Leonardo da Vinçinin şah əsəriylə müqayisə edir, onu yeni dövrün “Mona Liza”sı adlandırırlar.

İllər keçsə də, əfqan qızının sirli gözləri daha çox insanı öz sehrinə salır, onun kim olduğunu tapıb ortaya çıxarmaq artıq qarşısıalınmaz bir arzuya çevrilir.

Faktiki olaraq, 1990-cı illərdə naməlum əfqan qızını tapmaq üçün çoxsaylı uğursuz cəhdlər edilib. Kələk gəlib qabağa düşmək istəyən bir çox adamlar özlərinin ala gözlü qadınlarını gətirib, onların şəkildəki əfqan qızı olduğunu iddia ediblər, lakin istəkləri baş tutmayıb.

Həqiqi əfqan qızı şəklin çəkilməsindən iyirmi ilə yaxın müddət keçəndən sonra, 2002-ci ildə Əfqanıstanın ucqar bir kəndində tapılır. Qadın 3 qızı ilə birgə yaşayırdı. Adının Şərbət Gula olduğunu öyrənirlər. Şərbət şəklinin qopardığı hay-küydən tamamilə xəbərsiz idi, bir onu bilirdi ki, uşaq vaxtı kimsə bir neçə dəfə onun şəklini çəkib. Cəmi 30 yaşı olmasına baxmayaraq, təravəti itmiş, gözlərinin nüfuzedici parıltısı öləzimiş, artıq indidən yaşlı bir qadına bənzəyən Şərbət Gulanın ömrü boyunca həyatın minalanmış səthi üzərində gəzdiyi məlum olur. O, 6 yaşında ikən Sovetlərin Əfqanıstanı bombardmanı zamanı valideynlərini itirib yetim qalıbmış. Müharibədən qaçıb sığındığı düşərgədə Stiv Mekkuri şəklini çəkəndən cəmi bir neçə il sonra, 14-15 yaşlarında o, artıq ərdə idi. Sonralar Şərbət təzədən Əfqanıstana qayıtmış, orda da ərini itirib dul olmuşdu.

Həyatını 3 qızı ilə birgə məhrumiyyətlər içində keçirən, burka altında yaşayan qadın naməhrəm olduğu üçün Stiv Mekkuri ilə görüşmək istəmir, amma hər halda onu razı sala bilirlər. Görüş zamanı ondan heç olubmu ki, indiyədək özünü nə zamansa təhlükəsizlikdə hiss etmisən deyə soruşublar. “Xeyr, - deyib qadın: Amma “Taliban”ın dövründə həyat daha yaxşı idi, ən azından əmin-amanlıq və nizam-intizam varıydı”. Bəs indiyə qədər necə olub ki, sağ qalmısan sualına isə Şərbət belə cavab verib: “Allahın iradəsi belə olub”.

“Taliban”ın hakimiyyəti dövründə Əfqanıstanda vəziyyətin necə olduğunu bilənlər bilir. “Çərpələng uçuran” romanıyla Azərbaycanda da kifayət qədər tanınan əfqan yazıçı Xalid Hüseyni o dövrü əsərlərində çatdırıb. “Taliban”ın dövründə qadınlara ictimai yerlərdə tək görünmək, işləmək, təhsil almaq, kosmetikadan istifadə etmək (adicə dırnaq boyası  çəkənlərin barmaqları kəsilirdi), evin eyvanına çıxmaq, rəngli paltarlar geymək, şəklə, videoya çəkilmək qadağan idi. Qadınların ən sadə insani hüquq və azadlıqları əllərindən alınmışdı.

Heç bir təhsili olmayan, ömrünü sürgünlərdə, ağrı-acılarla, sevincsiz keçirən bir qadının “Taliban”ın idarəçiliyini istəməsi bəlkə də başa düşüləndir, nə də olsa, insan bütün azadlıqlarını itirəndə öz qandallarına daha da bərk-bərk sarılır. Lakin buna baxmayaraq, 12 yaşlı Şərbət Gulanın portreti müasir dünyada qadın hüquq və azadlıqlarının simvollarından biri sayılır.

***

Bakıda Nizami metrostasiyasının yaxınlığında bir qadın heykəli var, ətrafı hündür binalarla mühasirəyə alınıb. Çox nadir hallarda onun yaxınlığından keçərkən, bir allah bəndəsi başını qaldırıb heykələ diqqətlə baxar. Elə bir təəssürat yaranır ki, sanki heykəlin özündən savayı, heç kəsin onun mövcudluğundan xəbəri yoxdur. İnternetdə axtarış verəndə, “wikipedia” ensiklopediyasında heykəl haqqında quruca bir məlumat çıxır – bir cümləylə müəlliflərin adları qeyd olunub, vəssalam.

Halbuki Azad qadın adı verilən bu abidə əslində, çox böyük bir hekayəni, tarixi özündə əks etdirir. O, keçmişin buxovlarından xilas olub öz müstəqilliyini elan etmiş Azərbaycan qadınının şərəfinə ucaldılıb. Yüzilliklər boyu azərbaycanlı qadın da elə Əfqanıstanda “Taliban”ın qadınlara tətbiq etdiyi qadağalara bənzər şərtlər altında yaşayıb çünki - onun nə işləmək hüququ olub, nə təhsil almaq, nə də ki, müstəqil şəkildə özünü ifadə etmək hüququ. Vaxt keçib, dövran dəyişib və indi çoxları elə zənn edir ki, hər şey çox asanca başa gəlib.

Böyük böhranlar zamanı qadınlar böyük zərbələr alırlar, xüsusilə patriarxal, qadınlara basqıların yayğın olduğu cəmiyyətlərdə. İntihar edənlərin, depressiyaya düşənlərin, ən pis halda zərərli qruplara və təşkilatlara qoşulanların sayı artır. Halbuki böhranlar durub düşünmək, analiz etmək, keçmişə, gələcəyə boylanmaq, özünü tanımaq baxımından fasilə rolunu oynamalıdır. Təhsilə, mədəniyyətə, elmə yetərincə dəyər verən cəmiyyət olmadığımızdan əlimizdəki resurslar azdır, olanları isə  qiymətləndirə bilmirik. Uzun səyahətinə xəritəsiz, kompassız çıxan xam bir səyyahtək yolun ortasında azdığımızı başa düşəndə, taleyi lənətləyir, özümüzü dərhal qurban kimi qələmə verməyə tələsirik. Yetər ki, məsuliyyət bizim yox, başqalarının üzərində olsun.

Son bir neçə ildə Azərbaycana müsəlman ölkələrindən turist axını gəlir. Təkbaşına da gələnlər var, ailəli də, qohum-qardaşla da. Sərt müsəlman qanunlarının hökm sürdüyü ölkələrdən gələnlərin gözündə Azərbaycan qadının necə azad, cəmiyyətin müqayisədə necə fərqli göründüyünü təsəvvür etmək çətin deyil. Turistlərdən soruşulsa, yəqin, gəlişlərinin səbəbini başqa şeylərlə əlaqələndirərlər, amma əsas səbəb ölkədəki dünyəvi həyat tərzidir. Dünyəvilik bir mədəniyyət hadisəsi olduğundan, fərqlilik, rəngarənglik olduğundan cəzb olunub gəlirlər. Özümüz özümüzü yaxşı tanıdığımızdan, cəmiyyətə bələd olduğumuzdan fərqlilik, rəngarənglik iddiası bizə gülünc görünə bilər görünməyinə. Amma mənsub olduğumuz şərq, müsəlman sivilisasiyasında hələ bu günümüzlə belə ən fərqli, rəngarəng cəmiyyətlərdən sayıla bilərik. Bunu lap çoxdan fərq etsəydik, tamam başqa yerə olardıq, xəyalımıza belə gətirə bilməyəcəyimiz tamam başqa bir yerdə. Hərçənd bugünkü halımızla belə, bir çox şeylərin fərqində deyilik. Təkcə dünyadan deyil, özümüzdən də bixəbər halda yaşayırıq.

Mövzu qadın azadlıqları və hüquqları ilə əlaqədar olduğundan, sualın yükü daha çox qadınların üzərinə düşür: bizim ölkədə nə qədər qadın ayıqdır, təşəbbüskardır, öz hüquqlarını bilir?

Problemlər hədsiz dərəcədə çox olsa da, hələ də bu ölkədə həqiqətən təhsil almaq istəyən, dil öyrənmək istəyən, iş görmək istəyənlər bunları gerçəkləşdirə bilərlər. Ən azından öz şəxsi fədakarlıqlarının hesabına. Bəyənmədiyi, qarşısında əngəl kimi gördüyü şərtləri dəyişdirə, heç olmasa buna cəhd göstərə bilərlər. Bəs nə qədər insan bunun üçün çalışır? Nə qədər insan özünü-inkişafın, təhsilin necə vacib olduğunu dərk edir, bunu özünə, ətrafındakılara təlqin edir? Nə qədər insan vaxtın dəyərini bilir? Nə qədəri fəaliyyətsizlikdən, təxirə salmaqdan, pis vərdişlərdən yaxa qurtarmağa çalışır? Nə qədəri əlindəkilərin dəyərini bilir, heç olmasa bunları qorumağın vacibliyini düşünür? Nə qədəri öz ayaqları üstündə durmağın, fərd olmağın gərəkliliyini duyur? Yəqin ki, çox azı. Azdan da azı. Lap azı.

Bir çox faciələrin, müvəffəqiyyətsizliklərin kökündə əksər vaxt şəxsi fəaliyyətsizlik, biganəlik və bilgisizlik dayanır. Amma əksəriyyət barmağını hədəf göstərib başqalarını günahlandırmağa, asan çıxış yolu olduğundan özünü qurban elan edib taleyini pisləməyə, şəraiti, şərtləri bəhanə gətirməyə hazır dayanıb. Beləcə də heç nəyə cəhd etmədən, həyatda heç nəyə nail olmadan, səthi uğurlarla özünü aldadaraq, insan cəmi bir dəfə verilmiş həyatı güdaza vermiş olur.

Dünyanın gərdişindən görünür ki, qadınların cəmiyyətdən kənarda qaldıqları, özlərini ifadə edə bilmədikləri, yaxud ifadə etmək istəmədikləri ölkələr hədsiz böyük bəlalara düçar olurlar. Qadınların fəal olduqları, təhsilli, təşəbbüskar olduqları bütün cəmiyyətlər isə inkişaf ediblər.

Həqiqi təhsil, təşəbbüskarlıq, fəaliyyət həm mənəvi, həm də fiziki sağlamlığın əsasını təşkil edə bilər. Bunu ən yaxşı bilənlərdən biri Şərbət Gula idi bəlkə də. 2002-ci ildəki görüş zamanı o, bəzi ziddiyətli məsələlərdən danışsa da, bir ümidini də dilə gətirmişdi, demişdi ki, qızlarının təhsil almasını arzulayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun