4 Yanvar 2017
Mətni dəyiş
Məhəmməd Talıblı
“Dünən qüsur sayılana bu gün əxlaq kimi baxırlar”
Roma filosofu Seneka, “Məktublar” əsəri
Yazıya qoyduğum başlıqdan elə başa düşülməsin ki, bu vergilər məcəlləsinə edilən yeni vergi növüdür. Bu vergini Tanrının insana verdiyi xüsusi istedad və ya ilahi vergi anlamında istifadə etmirəm. Yaltaqlığın mənfi bir sifət olmasına görə məhz insanın vergi ödəməsi kimi əcaib bir vergi növünü təklif edirəm. Onda bəlkə yaltaqlıq etdiyinə görə ödəniləcək vergi cəmiyyətdə onun azalmasına gətirib çıxara. Amma bizdə elə mənfi sifətlərin azalmasına və onların vergi yolu ilə məhdudlaşmasına çalışmaq əvəzinə, bu ildən vergi orqanları daha az gəlirli əhali qruplarını ödəyici kimi qeydə alacaqlar. Söhbət aşbazı, bağbanı, pinəçini, evlərdə təmizlik işinə baxanı, dayəni, tamadanı, klounu daha bundan sonra vergi ödəyicisi kimi qeydə alınmasından gedir.
Əslində onlardan 100 dəfələrlə daha çox pul qazanan müğənnilər üçün vergi intizamının sərtləşdirilməsi haqqında düşünsələr yaxşı olar. Çünki, bu azgəlirli əhali qrupları ilə müqayisədə vergi yığımlarında xüsusi payı olan və böyük mənbə hesab olunur. Qondarma “milli” bayramlarda mədhinə tərif yağdırdıqlarına görə böyük imtiyaz əldə edən müğənnilərin haqqında bəlkə də heç düşünmədikləri sahə vergi sahədir. Əslində vergidən yayınmaq üçün min bir hoqqadan çıxan və onu yaltaqlıqla kompensasiya etməyə can atan həmin müğənnilər məhkəməyə verilməlidir.
“Dünya bir səhnə, insanlar da aktyorlardır” deyən V.Şekspir həyatda aldadıcı rolunu belə vergi orqanlarının qarşısında belə oynaya bilməmişdi. Şekspir məhz vergidən yayındığına görə vaxtı ilə (1597) məhkəməyə verilmişdi. Artıq sivil dünyada reputasiyasının qayğısına qalanlar dövlət büdcəsinə daha çox vergi ödəyicisi kimi yaddaşlarda qalmalarına can atırlar. Bu ictimai rəydə olan insanlar üçün ən böyük sosial sərmayədir. Amma bizdə vergi ödəməkdən yayınmaq yollarından əsası yaltaqlıqdır. Əslində yaltaqlıq nəinki vergidən yayınmaq üçün çıxış yolu olmamalı, əksinə yaltaqlıq etdiyinə görə insanlardan vergi alınmalıdır. Bizim müğənnilər isə bir güllə ilə iki quş vururlar.
Azərbaycanda ən eybəcər bəlalardan biri də yaltaqlığa geniş meydan verilməsidir. Ən maraqlısı odur ki, bizdə yaltaqlı ən yüksək səviyyələrdə belə təşviq edilir. Əttökən tərif yağışı hesabına ağlagəlməz karyera əldə edənlərə baxsanız, bunun aksioma olduğunu görəcəksiniz. Sanki, karyera qazanmağın bundan artıq tələb olunan keyfiyyəti də yox. Həmin yaltaqlar öz aralarında yarızarafatla hətta biri-birinə deyirlər: “Filankəs yaltaqlığını da hörmətdən salıb.” Yaltaqlığın özü nə qədər hörmətsiz bir əməl olmasına baxmayaraq, onun da hörmətdən salınmasını demək, gerçəkdən nonsensdir.
Yaltaqlığın və verginin poetik ruhu
Yaradıcı insanların gəlirlərindən vergi verməsi təkcə maliyyə öhdəliyi deyil, həm də mədəniyyət məsələsidir. Vergi mədəniyyəti ən ciddi mədəniyyət sahəsidir. Sənin mədəniyyətin təkcə sosial məzmun daşımır, daha çox iqtisadi (fiskal) məqsədi özündə ehtiva edir. Çünki, sənin mədəniyyətindən büdcədən pensiya alan baban və nənən faydalanır. Bu zaman sənin boyun qaçırdığın vergi öhdəliyin onların dərmansız yaşamasının(daha doğrusu sürünməsinin) və yarıac yaşamasının əsas səbəbi kimi çıxış edir. Bu vacib əməli poetik dillə dahi Məhəmməd Füzuli ifadə edərək:
Mən fəqirəm, sən gənə,
Vergil zəkatı - hüsn kim,
Şər içində həm mənədir,
Həm sənə vacib zəkat.
Hətta SSRİ adında sosialist düşərgəsinin təbliğat maşınının vacib bir vintinə çevrilən yaltaqlığı belə bəzən sovet şairləri qamçılayırdı. Nekrasovun bu şer bəndi o zaman çox populyar idi:
Məni əsarətdə saxlayan yaltaq,
Necə utanmadan, çəkinmədən sən,
Başqa bir yaltağın əlini hər an,
Utanmaq bilmədən hey yalayırsan.
Diqqət edin. “Yaltaq” sözünün hecalara bölünməsində “yal” hissəsi var. “Yal” hecaya bölünəndə söz əmələ gəlir və məna yaranır. Yəni, itə aid olan qidalanmaq formasından söhbət gedir. İtə atılan yeməyə göz dikən canlı. İnsan özünü bu yerə qoyanda sosial varlıqdan çıxır, olur yalnız bioloji varlıq. Yalı istəməyən canlı, yaltaqlanmağı da özünə rəva bilməməlidir.
Höte və Kleystrin yaradıcılığına qiymət
Hətta sovetlərdə belə ayrı-ayrı fərdlər bunun necə böyük bir qəbahət olmasını dərk edirdilər. Amma bütün bunlara görə barmaqla sayılacaq insanlar, o cümlədən dissident Soljenitsinlər etirazını püskürürdü. Digərləri isə bunun daxillərində isə heç olmasa fərqində idilər. Veymarda olan sovet turistlərinin təəssuratları ibrətamizdir. Hötenin bu şəhərdə ev müzeyini gəzən jurnalistlərə muzeyin direktoru ilə söhbət əsasında məlum olmuşdu ki, Höte heç də onun sevimli şairi deyilmiş. Onun daha çox bəyəndiyi şair Kleyst imiş. Bunun səbəbini öyrənəndə muzey direktorunun cavabı çox məntiqi olmuşdu:
“Höte rejimlə sazişə gedərək əsərlərində acı reallıqları malalayıb. Kleystrin əsərlərində isə həyatın bütün təzadları öz əksini tapıb”.
Yəni, Kleystrin heç kimə yaltaqlanmadan belə əsərləri daha böyük dəyərə malik idi. Onun şəxsiyyət kimliyi yaradıcı kimliyindən daha öndə gəlirmiş.
Mən ixtisasca psixoloq deyiləm. Amma şəxsi müşahidələrim nəticəsində hər zaman bu qənaətdə olmuşam ki, yaltaq adamlar çox zaman istedadsız insanlar olurlar. Onlar özlərinin təsdiqinin başqa yolunu tanımadıqları üçün asan qələbə yolu tapırlar. İstedadına güvənən və rəqabət müstəvisində təkərləri sıradan çıxmayan insan isə bu mənəvi keyfiyyəti (daha doğrusu keyfiyyətsizliyi) özünün dəyərlər sistemində yer almasına imkan vermir. Belə insanlar başqalarının çirkli ayaqqabı ilə kimsənin özünün beynində gəzməsinə icazə vermir. Çünki, ora təmiz dünya olanda arzulanan yer olur. Bu mənada yaltaqlığı təkcə naqis əməl deyil, yaradıcı imkanları tormozlayan amil hesab edirəm.
Şəxsi həyatın ilahiləşdirilməsi və ictimai dəyərlərin deformasiyası
Şəxsi həyata aid olan mənfi hal kimi qiymətləndirdiyimiz bir mövzu dillər əzbəri olur. İctimai qınaq başlayır. Səni biabır edəcək qədər aqressiv kütlə üstünə gəlir. İctimai məzəmmət o qədər güclü olacaq ki, axırda sinir sistemi zəif olan və psixoloji müvazinəti stabil olmayan insan axırda intihara əl atır ki, özünün doğruluğunu hamı üçün sübuta yetirsin. Onu ölümə sürükləyən həmin aqressiv kütlə ölüm faktı baş verəndə isə dönüb olacaq humanist cəmiyyət. Artıq canlı qəhrəmanının şanlı tarixçəsini də uyduracaq. Yalançı qəhrəmanlıq səlnaməsi yaradacaq. Axı, ölməyən cəngavərə belə bizdə qəhrəman deyilmir. Ölməlisən ki, qəhrəmanlığın legitimləşsin!
Amma ictimai rəyi barmağına dolayan, özünü alçaldan və cəmiyyətə mənfi nümunələrlə iz qoyan yaltaq insanın üstünə nəinki heç bir ictimai qınaq qatarı, hətta bircə əzici velosiped belə getməz. Yaltaqları toyumuza çağırmayıb, salamını almayıb və bir masada oturmayıb ictimai qınağa tuş gətirmərik. Saxta mandat alıb parlamentdə oturacaq, ağzına su alıb susacaq və ildə bir dəfə də danışacaq, amma görüşəndə millət vəkili deyəcəyik. Ömründə bircə doğru söz danışmayıb milli maraqlara zidd bir fikrə etiraz cəsarətini özündə yaşatmayan elmi adı olan rüşvətxor müəllimə professor deyəcəyik. Halbuki, yaltaq adam təkcə özünə yox, cəmiyyətin sağlam gələcəyinə daha böyük zərbə vurur. Cəmiyyətdə münafiqliyin perspektivlərinə hamını inandırmağa çalışaraq simasızlığı təbliğ edir. Özünü alçaldaraq yüksəlməyin trayektoriyasını çəkib bizə göstərir. Özü də hamının gözünün önündə... Əslində bizi buna inandıracaq heç bir tarixi yaddaşımız yoxdur.
Buna hətta mənəvi irsimiz imkan vermir. Din inancımız və mənəvi kimliyimiz bunları inkar edir. Həzrət Əlinin dediyi bu fikir dərin mətləbləri bir daha sübut edir: “Ac qalmaq, alçalmaqdan daha xeyirlidir.”
Şəxsi həyatın ilahiləşdirilməsi və ictimai dəyərlərin deformasiyası
Şəxsi həyata aid olan mənfi hal kimi qiymətləndirdiyimiz bir mövzu dillər əzbəri olur. İctimai qınaq başlayır. Səni biabır edəcək qədər aqressiv kütlə üstünə gəlir. İctimai məzəmmət o qədər güclü olacaq ki, axırda sinir sistemi zəif olan və psixoloji müvazinəti stabil olmayan insan axırda intihara əl atır ki, özünün doğruluğunu hamı üçün sübuta yetirsin. Onu ölümə sürükləyən həmin aqressiv kütlə ölüm faktı baş verəndə isə dönüb olacaq humanist cəmiyyət. Artıq canlı qəhrəmanının şanlı tarixçəsini də uyduracaq. Yalançı qəhrəmanlıq səlnaməsi yaradacaq. Axı, ölməyən cəngavərə belə bizdə qəhrəman deyilmir. Olməlisən ki, qəhrəmanlığın legitimləşsin!
Amma ictimai rəyi barmağına dolayan, özünü alçaldan və cəmiyyətə mənfi nümunələrlə iz qoyan yaltaq insanın üstünə nəinki heç bir ictimai qınaq qatarı, hətta bircə əzici velosiped belə getməz. Yaltaqları toyumuza çağırmayıb, salamını almayıb və bir masada oturmayıb ictimai qınağa tuş gətirmərik. Saxta mandat alıb parlamentdə oturacaq, ağzına su alıb susacaq və ildə bir dəfə də danışacaq, amma görüşəndə millət vəkili deyəcəyik. Ömründə bircə doğru söz danışmayıb milli maraqlara zidd bir fikrə etiraz cəsarətini özündə yaşatmayan elmi adı olan rüşvətxor müəllimə professor deyəcəyik. Halbuki, yaltaq adam təkcə özünə yox, cəmiyyətin sağlam gələcəyinə daha böyük zərbə vurur. Cəmiyyətdə münafiqliyin perspektivlərinə hamını inandırmağa çalışaraq simasızlığı təbliğ edir. Özünü alçaldaraq yüksəlməyin trayektoriyasını çəkib bizə göstərir. Özü də hamının gözünün önündə... Əslində bizi buna inandıracaq heç bir tarixi yaddaşımız yoxdur.
Buna hətta mənəvi irsimiz imkan vermir. Din inancımız və mənəvi kimliyimiz bunları inkar edir. Həzrət Əlinin dediyi bu fikir dərin mətləbləri bir daha sübut edir: “Ac qalmaq, alçalmaqdan daha xeyirlidir.”
Yaltaqlıq - kölgədə bitən ağac
Mən yaltaqlığı kölgədə bitən ağaca bənzədirəm. Onun kölgə salmaq üstünlüyü yox, yalnız başqasının kölgəsində var olmaq şansı mövcuddur. Çinlilərin sevdiyim gözəl bir atalar sözləri var: ”Kölgədə bitən ağacın özünün kölgəsi olmaz.” Əgər sənin özün başqasının kölgəsində varlığını sürdürürsənsə, o zaman sənin kölgəndə də boy atan və dincələn olmaz. Axı, sən başqasının kölgəsisən... Başqasının kölgəsində qaldığın üçün sənin özünün digər canlıya (varlığa) kölgə salmaq imkanın yox. Bu mənada yaltaqlıq başqasının sənin özünün çevrəsinə aldığı mövsümü yoldaşlıqdır.
Həmin “parnikdə” səni payızın sərt küləyi vurmayacaq. Qışın soyuğundan və yayın istisindən qorunacaqsan. Amma bu müvəqqəti mühafizəsidr. Mədh etməyi yadırğaladınsa, bu çətərdən məhrum olacaqsan. Ona görə, səni o kölgəyə alırlar ki, bu bacarığınla onların yalançı simalarına aldadıcı forma gətirəsən. Deməli, yaltağın yeganə varlıq forması yarınmaqdır. Kiçik çəkmələri böyük ayağa necə uyğunlaşdıraraq hamıya sırımaq kimi bir missiyan var, vəssəlam.
Yaltaqlıq təkəbbürün tərz üzü kimi
Yaltaqlığın tərs üzü təkəbbürdür. Ozündən vəzifəcə böyük olanın yanında yaltaqlıq edən adam özündən vəzifəcə aşağı pillədə duranında yanında özünü hədsiz dikbaşlıqla və təkəbbürlə aparacaq. Çünki, o, hesab edir ki, digərləri də mütləq mənada ona eyni qaydada təəzim etməlidir. Yaltağa elə gəlir ki, dünyada hamı yaltaqdır və ya yaltaq olmalıdır. Yaltağın qüruru olmadığı üçün dik duruşu da olmaz. Necə ki, boş çuval dik durmaz (B.Franklin), eləcə də yaltaq insanın da düz qaməti və vüqarlı duruşu olmaz.
O zaman belə bir “keyfiyyət” daşıyıcısı olan qaraguruh niyə irəliləməlidir ki? Niyə yaltaqlıq cəmiyyətdə karyera etalonu kimi qəbul edilməlidir? Yaltaqlıq təkcə bir insanın daxili dünyasının elastiklik əlaməti və ya dəyişən şərtlərə sürətlə baş əyməsi deyil. Həm də cəmiyyətdə mənfi sifətlərin tirajlanması və həyat karyerası üçün norma halına gətirilməsi üçün neqativ nümunədir. Biz bunu qamçılamalıyıq! Yaltaqlığı yersiz tərif, muzdlu fəaliyyət və böyük şişirtmə kimi qəbul etməliyik.
Bütün bunlarla yanaşı layiq olanları tərif etməmək kimi komplekslərimiz olmamalıdır. Cəmiyyətdə yaxşı əməlləri tərif etmək vacibdir. Alman filosofu Fridrix Nitsşe deyirdi ki, dünyada ən dəyərli şeyin belə dəyərləndirəni olmasa, dəyərsizdir. Amma cəmiyyətimizdə yaltaqlıq insanlarda elə kompleks doğrub ki. hətta yüksək dəyərə malik olan insanı belə tərif etməkdən çəkinirik. Çünki, həmən yaltaqlıq etmək damğasından qorxuruq. Komplekssiz olaraq layiq olanları tərif etməli, yaltaqlığı isə təqdir etməməklə onu daim tənqid etməliyik!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.