Vəkil Cavad Cavadov yanvarın 9-u 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan REAL Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.
Bu haqa AzadlıqRadiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli məlumat verib.
N.Cəfərli deyib ki, İ.Məmmədovun sağlıq durumu qaydasındadır. Bir müddət öncə soyuqdəyməsi olub, hazırda durumu yaxşıdır:
"Vəkil ilə görüş isə Avropa Şurası Nazirlər Komitəsinin yanvarın 12-də keçiriləcək iclası ilə bağlı olub. İ.Məmmədov vəkili ilə bu iclasa hazırlıq məsələlərini müzakirə edib".
N.Cəfərli deyib ki, Avropa Şurası Nazilər Komitəsinin yanvarın 12-də keçiriləcək iclasında İ.Məmmədovun məsələsinin müzakirə ediləcəyi gözlənir.
REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilib. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.
Bu qurum dəfələrlə Azərbaycan hökumətini İ.Məmmədovu azad etməyə çağırıb.