25 Yanvar 2017
Mətni dəyiş
"Jurnalist Rövşən Məmmədlini yanvarın 23-ü axşam saat 17 radələrində Yasamal rayon ərazisində saxlayıblar".
Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib
Vəkilin deməsinə görə, R.Məmmədli Yasamal Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535-1 (polisin qanunu tələblərinə tabe olmamaq) maddəsi ilə ittiham olunub və 30 sutka inzibati cəza alıb: "Səbəb də bunu göstərirlər ki, guya telefonla hündürdən danışaraq nalayiq sözlər deyir, söyüş söyürmüş. Hazırda Binəqədi rayonundakı müvəqqəti saxlanma təcridxanasındadır".
E.Sadıqov qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.
R.Məmmədlinin bu günlərdə mətbuatda hazırda həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Taleh Bağırovun müdafiəsi ilə bağlı yazısı dərc edilmişdi. Ondan 2 gün idi ki, yaxınları dəqiq məlumat ala bilmirdilər.
T.Bağırovun tərəfdarlarından Əhsən Nurüzadədən isə yanvarın 24-ü gündüz saatlarından xəbər yoxdur. O, da kütləvi informasiya vasitələrinə tez-tez Taleh Bağırovun müdafiəsi ilə bağlı açıqlamalar verirdi.