5 Yanvar 2017
Mətni dəyiş
Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılırlar.
Nizamnaməyə görə, tətil bitdikdən sonra Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir.
Fevral ayının 1-də parlamentin yaz sessiyasının ilk iclası keçirilir. Yaz sessiyası mayən 31-dək davam edir.
Bəs deputatlar tətil müddətində hansı təminatlardan yararlana bilərlər?
“Deputatın statusu haqqında” qanuna əsasən, Milli Məclis üzvlərinə diplomatik pasport verilir. Bəzi deputatların tətil zamanı xarici ölkəyə getdiyini nəzərə alsaq, deyə bilərik ki, diplomatik pasportla bu, daha da asan başa gəlir.
Məlum olub ki, tətil zamanı müalicə və ya istirahət üçün deputatlara verilən pulun məbləği elə də az sayıla bilməz.
Belə ki, “Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini – 85 faizini alır.
Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.
Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.
Deməli, hansısa sıravi deputat tətil zamanı müalicə ya da istirahət üçün xaricə üz tutursa (ya da ölkə daxilində müalicə alırsa, istirahət edirsə) o, 3150 manat müavinət alır.
Komitə və komissiya sədrləri, onların müavinlərinə verilən məbləğ isə daha yüksəkdir.