25 Yanvar 2017
Mətni dəyiş
Akşin İbişov
Strateji yol xəritələri ölkə iqtisadiyyatını xilas edəcək mi?
Qısaca, yox!
Ümumi milli iqtisadiyyat və maliyyə xidmətlərinə dair olan yol xəritələrini oxudum. Keçmişin analizi və işlək iqtisadiyyatın necə olmalı olduğu prizmasından yanaşsaq normal sənədlərdir. Təbii ki, burda da əksikliklər var. Çox ümumi mətnlərdir. İqtisadiyyat quruculuğunda ölkənin coğrafi mövqeyinə, xalqın mentalitetinə, genetik bacarıqlarına istinad etmək lazımdır. Elə hey yazılıb ki, hər sahəni inkişaf etdirək. Bəlkə hər sahənin inkişafına və ya oraya xüsusi investisiya ayırmağa ehtiyac yoxdur və ya coğrafi mövqe, xalqın hazırki potansiyalı bəzi sahələrin inkişafı üçün əlverişli deyil. İqtisadiyyat quruculuğunda bunlar nəzərə alınıb yol xəritəsi yazılmalıdır.
Ancaq hər bir halda bu sənədlərin hazırladılmasının mahiyyəti onda olub ki, ölkə orda yazılanların sayəsində mövcud iqtisadi böhrandan xilas olsun, yəni böhran üçün həll yolu verilsin. Bu sənədlər isə əsasən normal iqtisadiyyatın necə işləməli olduğuna dair ümumiləşdirilmiş nəzəri biliklər toplusunu xatırladır. Bunlar 10-15 il öncə iqtisadi inkişaf şəraitində olduğumuz zamanlarda yazılsa və icraata verilsə idi yəqin ki, indi böhranın şiddəti bu qədər olmazdı. Hal-hazırda isə bu yol xəritələri çox məna kəsb etmir. Çünki hal-hazırda prioritet böhrandan ən az zərərlə xilas ola bilməkdir.
Əvvəla böhrandan xilas olmasaq yol xəritələrində yazılanları etmək mümkün deyil, ikincisi də orda nəzərdə tutulduğu kimi 5-10 illik planlar böhrandan çıxış yolu ola bilməz, böhrandan çıxış yolu maksimum bir ildə öz effektliyini göstərməlidir. Böhrandan xilas üçün sürətli və iqtisadi cəhətdən inqilabi işlər görülməlidir.
Bu yol xəritələri buna bənzəyir: Ağır xəstəlikdən yatağa düşmüş bir xəstəni müalicə edib sağaltması tapşırılan həkim gəlir və bu cür rəy bildirir; "vaxtında yatıb vaxtında qalxmaq lazımdır, düzgün qidalanmaq, şəkəri azaltmaq, hər gün təmiz havada gəzmək sizin sağlam olmağınız üçün ən vacib məsələlərdir". Halbuki, ay həkim, xəstənin vəziyyəti ağırdır, onun nə yeməyə iştahı, nə gəzməyə halı var. Sən onu düzgün diaqnozla, lazım olsa əməliyyatla, vitaminlə, dərmanlarla ayağa qaldır ki, o da ondan sonra sağlamlığının qeydinə qalsın.
Böhran da eynən yatağa salan xəstəlik kimidir. Əvvəla bu xəstəliyin düzgün diaqnozu qoyulmalı, ondan sonra yuxarıda qeyd edilən effekti dərhal hiss ediləcək əməliyyatlar aparılmalıdır, əks halda xəstənin halı daha da pisləşə və ölə bilər. Buna görə də böhran iqtisadiyyatı ilə normal iqtisadiyyatın idarəsi fərqlidir.
Hal-hazırki böhranın diaqnozu budur. Neft qiyməti düşdükdən sonra gərəyindən çox həyəcanlanaraq devalvasiya prosesinin düzgün idarə edilməməsi səbəbindən kəskin dəyərdən düşmüş milli valyutanın səbəb olduğu inflyasiya və inflyasiyanın səbəb olduğu iqtisadi gerilik və işsizlik. Əlavə olaraq lazımından artıq kəmər sıxma siyasəti və dövlətin lazım olduğu vaxt iqtisadi çarxa lazımi töhfəni verməməsi sayəsində dərinləşən böhran. Neft qiyməti 8-9 il qabaq da 50 dollarlar civarında idi, indi də, bəs necə olur ki, o vaxt Azərbaycan iqtisadi inkişafda olan, milli valyutası möhkəm, ümidverici iqtisadiyyata sahib ölkə idi, indi isə hər mənada əksinə.
Həll yollarından bəzisi belədir: Manata etimadı yenidən qaytarmağa çalışmaq, manatı bir az daha güclü etmək lazımdır. Dövlət qənaət yox, əksinə, bədxərclik və genişləmə siyasətini aparmalıdır, büdcəni nəzərdə tutulandan daha çox etmək lazımdır. Gömrük rüsumları ləğv edilmək dərəcəsinə yaxın minimuma endirilməlidir. İndiyə kimi Azərbaycanda baş tutmuş idman oyunları və tədbirlərin və edilən reklamların bəhrəsini yığmaq lazımdır- yəni turist gəlirlərini ciddiyə almaq, başda İran və Avropa ölkələri olmaqla bir çox ölkə ilə hətta birtərəfli qaydada da olsa viza rejimini qaldırmaq lazımdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.