"Sovet İttifaqının ana düşməni" - [DTK-nın məxfi arayışı]

"Sovet İttifaqının ana düşməni" - [DTK-nın məxfi arayışı]
31 Yanvar 2017
Mətni dəyiş
Nəsiman Yaqublu Tarix elmləri doktoru (DTK SƏDRİ  S.F. YEMELYANOVUN  MƏXFİ  ARAYIŞI – 1950-Cİ İLLƏR)
Sovet rejiminə qarşı mühacirətdə yaşayan Məhəmməd Əmin Rəsulzadənin çox kəskin mübarizə aparması 1950-ci illərdə də sovet dövlətini ciddi narahat edirdi. M. Ə. Rəsulzadənin 1920-ci illərdən başlayaraq Türkiyədə, Fransada, Polşada, Almaniyada müxtəlif təşkilatlar yaratması, qəzetlər, jurnallar, kitablar nəşr edib sovet dövləti əleyhinə mücadilə aparmasından bolşeviklər narahatlıq keçirir, xarici ölkələrdə onun fəaliyyətini nəzarətə götürməyə çalışırdılar. Bu mənada Azərbaycan SSR Dövlət Təhlükəsizlik Naziri  S.F.Yemelyanovun 1951-ci ilin mayın 7-də”SSRİ-yə qarşı müsavatçıların və digər milli ünsürlərin düşmənçilik və casusluq fəaliyyəti haqqında” hazırladığı arayışda sovet dövlətinin M. Ə. Rəsulzadə və silahdaşları ilə bağlı narahaçılığı bildirilir.
Həmin arayışdan: “Amerikalıların və ingilislərin tapşırığı ilə yeni antisovet təşkilatları yaradılıb: Ankarada  “Azərbaycanın Hüquqlarını Müdafiə Cəmiyyəti”, İstanbulda “Qarşılıqlı Dostluq Köməyi Cəmiyyəti”, Tehranda, Təbrizdə və İranın digər şəhərlərində - “Azad Azərbaycan”. Bu təşkilatlara Sovet İttifaqının ana düşmənləri, xarici kəşfiyyat agentləri – Məhəmməd Əmin Rəsulzadə, Mehdiyev Yaqub (Miryaqub – red.) Rəfibəyov qardaşları və digərləri rəhbərlik edərək SSRİ-yə qarşı casusluq – dağıdıcılıq işi, eləcə də respublikada bizə düşmən qüvvələri fəallaşdırmaq xəttini götürmüşlər”.
Məxfi arayışda bir məqam daha çox diqqət çəkir: Azərbaycanın DTK naziri M. Ə. Rəsulzadəni belə təqdim edir: “Sovet İttifaqının ana düşməni”.
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin 1951-ci ilin sentyabrın 14-də tam məxfidir qrifi ilə Azərbaycan KP (b) MK-ya, M. C. Bağırova göndərilən Türkiyə kəşfiyyatının agenti olaraq təqdim edilən  Oruc Gülmalı oğlu Zeynalovun istintaq protokolunda da maraqlı məlumatlar vardır.
Qeyd edilir ki, Sabirabad rayon  sakini, həbs edilənədək Türkiyənin İzmid şəhərində Sultan Yavuz adı ilə yaşayan Oruc Gülmalı oğlu Zeynalov, keçmiş sovet əsgəri olmuş, İkinci Dünya müharibəsində almanlara əsir düşmüş, sonra əsirlikdən qaçaraq Avstriyadan Yuqoslaviyaya, Bolqarıstana, 1944-cü ilin yanvarında Türkiyəyə gəlmişdir. Onun və dostunun (Mustafayev familiyalı) məqsədi Türkiyə və İran vasitəsi ilə öz vətənlərinə - SSRİ-yə qayıtmaq idi. O.Zeynalov Azərbaycana  Türkiyə-Gürcüstan yolu ilə keçmək istəyərkən həbs edilib.
İstintaqda ona Türkiyədəki yaşamağı və fəaliyyəti ilə yanaşı həmin dövrdə Ankarada yaşayan M. Ə. Rəsulzadə ilə də bağlı suallar verilir.
Həmin istintaq materiallarından.Sual:  Bu dəfə Ankaraya gəlməyinizi danışın.
Cavab: Yuxarıda qeyd etdiyim kimi Nağı Bayramgillə birlikdə 1951-ci ilin 18 iyununda Ankaraya gəldim. “Palas” mehmanxanasında qaldım... Ərzuruma getməmişdən öncə Nağı Bayramgilin təklifi ilə mən və həmkarım Yazqanla birlikdə Müsavat Partiyasının lideri, tanınmış “Azərbaycan-Kültür Cəmiyyəti”nin sədri Məhəmməd Əmin Rəsulzadəni ziyarət etdik. Bizimlə söhbətdə Məhəmməd Əmin bildirdi ki, dövlət “Əmniyyət Müfəttişliyi” (Türkiyə kəşfiyyatının orqanı – red.) təlimatı ilə SSRİ-yə göndərilməyimiz haqqında məlumatı var. Bundan sonra o, bildirdi ki, biz onun tapşırıqlarını yerinə yetirəcəyik və bu haqda Nağı Bayramgil danışacaq.
Bu söhbətdə Məhəmməd Əmin bizə danışdı ki, o, sovet hökumətinə qarşı mübarizə aparmaq üçün Rusiyadan olan bütün müsəlmanları birləşdirən “Qars-Qafqaz Komitəsi” yaradır. Məhəmməd Əminin dediyinə görə, bu Komitənin əsas məqsədi Müstəqil Azərbaycanın yaradılması olacaq və bununla əlaqədar o, guya ki, Parisə Əlimərdan bəy Topçubaşova məktub göndərmiş ki, o da Birləşmiş Millətlər Təşkilatının köməyinə nail olsun (Burada müttəhim yanlışlığa yol verir, çünki Ə. M. Topçubaşov 1934-cü ildə vəfat etmişdi – red.).
Bundan sonra Məhəmməd Əmin əlimizi sıxdı və bizə uğurlar arzuladı”.
Sual: Məhəmməd Əmin Rəsulzadənin tapşırıqları hansılar idi?
Cavab: Məhəmməd Əmin Rəsulzadənin Nağı Bayramgildən aldığım tapşırıqları aşağıdakı idi:
1. SSRİ-yə gizli olaraq hansı məntəqədən – yerdən keçməyi öyrənmək.
2. Azərbaycana çatan kimi öz etibarlı qohumlarımı və tanışlarımı müəyyənləşdirib gizli “Qars-Qafqaz Komitəsi”nə cəlb etmək.
3. Gizli “Qars-Qafqaz Komitəsi”nin rayonu göstərməklə Azərbaycanda yaradılma imkanlarını və məqsədyönlüyünü öyrənmək.
4. İmkan daxilində Sovet Ordusunda xidmət keçmiş şəxsləri Azərbaycandan Türkiyəyə keçməyini  təçkil etmək”.
Sonradan  davam etdirilən istintaqda M. Ə. Rəsulzadə ilə bağlı bu suallar verilir:
Sual: Məhəmməd Əmin Rəsulzadənin xarici görünüşünü təsvir edin
Cavab: Məhəmməd Əmin Rəsulzadənin 70-ə yaxın yaşı var, hündürboyludur, arıqtəhərdir, çalsaçlıdır, üzü ağ qırışlıdır, burnu düzdür, sifəti əzələlidir, kiçik bığı var.
Sual: Məhəmməd Əmin Rəsulzadənin ev ünvanını gösərin.
Cavab: Məhəmməd Əmin Rəsulzadə Ankara şəhərində, Yenişəhrdə, Anafatlar küçəsində yaşayır, evin nömrəsini isə xatırlamıram.
Sual: “Azərbaycan Kültür Cəmiyyəti” harada yerləşir?
Cavab: “Azərbaycan Kültür Cəmiyyəti” Məhəmməd Əmin Rəsulzadənin yaşadığı binada yerləşir.
Sual: Göstərin, şəxsən Sizə Məhəmməd Əmin Rəsulzadənin Türkiyədəki fəaliyyəti ilə bağlı nə məlumdur?
Cavab: Yuxarıda qeyd etdiyim kimi, siyasi mühacir Məhəmməd Əmin Rəsulzadə Ankarada “Azərbaycan Kültür Cəmiyyəti”nə başçılıq edir ki, onun funksiyası Ankarada yaşayan vətən xainlərini toplayıb təşkilatlandırmaq, onların arasında fəal antisovet işi aparmaq və onlara maddi kömək göstərmək, işlə təmin etməkdir.
Gizli olaraq SSRİ ərazisinə getməyimlə bağlı Məhəmməd Əmin Rəsulzadənin mənə verdiyi casusluq tapşırıqlarını nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, o – Məhəmməd Əmin Rəsulzadə və yuxarıda göstərilən cəmiyyətin rəhbərliyi hələ də SSRİ-yə qarşı dağıdıcılıq fəaliyyəti  ilə məşğul olurlar.
Bundan əlavə sonuncu dəfə 1951-ci ilin iyunun 19-u, yaxud 20-də Nağı Bayramgillə Ankarada Məhəmməd Əmin Rəsulzadəni ziyarət etdikdə, o, casusluq xarakterli tapşırıqlarını mənə çatdırdıqdan sonra, Nağıya təklif etdi ki, “Qars-Qafqaz Komitəsi” adlı antisovet Mühacirət Komitəsinin yaradılmasının mahiyyəti ilə məni məlumatlandırsın” .
Məhəmməd Əmin Rəsulzadədən ayrıldıqdan sonra Ankaradan Ərzruma getdiyimiz yolda Bayramgil yaranmış Komitənin fəaliyyəti ilə məni tam şəkildə tanış etdi. Bayramgil bildirdi ki, “QQK”-si siyasi mühacirlərin sovet hökuməti əleyhinə işini gücləndirmək üçün Məmməd Əmin Rəsulzadənin şəxsi təşəbbüsü ilə yaradılır. Bayramgilin sözünə görə “QQK” təşkilatı öz təlimatına uyğun olaraq Türkiyədə olan, İslam dininə məxsus bütün siyasi mühacirləri və vətən satqınlarını birləşdirməlidir. Bu Komitənin fəaliyyətinə həm də Zaqafqaziya ərazisinə gizli yolla göndərilmiş öz emissarları vasitəsi ilə Zaqafqaziya Respublikalarında – Azərbaycanda, Ermənistanda, Gürcüstanda Komitənin filiallarını yaratmaq, siyasi rejimdən narazı insanları silahlı üsyan qaldırmaq üçün hazırlamaq”.
“İstintaq saat 4:00-da başa çatdı.
İstintaq etdilər:
Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Nazirinin müavini – Polkovnik Kərimov.
 
Azərbaycan SSR Dövlət Təhlükəsizlik
Nazirliyinin istintaq şöbəsinin rəis
Köməkçisi – Polkovnik M. Əliyev”.
İstintaq   prosesinin hansı şəraitdə aparıldığını   söyləmək çətin olsa da, lakin sovet dövlətinin “M. Ə. Rəsulzadə” adından və onun yaratdığı “Müsavat”  təşkilatından ehtiyatlandığı hiss olunur. Əldə olunan digər faktlar da təsdiqləyir ki, İkinci Dünya müharibəsindən sonra, xüsusən də 1950-ci illərdən başlayaraq M. Ə. Rəsulzadənin  ya birbaşa, ya da digər vasitələrlə Azərbaycana təsir imkanları olmuşdur.
Bu da M. Ə. Rəsulzadənin öz əqidəsindən və Azərbaycanın azadlığı uğrunda apardığı mübarizədən geri dönmədiyini təsdiqləyir.
 
Arxiv:
Azərbaycan  Respublikası  Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi.Fond 1, siyahı 37, iş 166, v.10-11;47-54; 119-120.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun