Qaranlıqları işıqlandırmaq borcu və ya qaranlıqdan qorxmaq - Həzi Bəy

Qaranlıqları işıqlandırmaq borcu və ya qaranlıqdan qorxmaq - Həzi Bəy
23 Yanvar 2017
Mətni dəyiş
Həzi Bəy
Elmar Hüseynov, Rafiq Tağı, Rasim Əliyev nümunələrinin fonunda jurnalist olmaq və ya bu peşəni seçmək cəsarət tələb edir. Bu peşəni seçiriksə, nəzəri biliklərini öyrənmək bəzən məcburiyyət olur. Bu məcburiyyət bəzilərimizi elə problemlərin içinə, ocağı söndürülmüş qəhrəmanlarımızın evlərinə, sönmüş ocaqlarının başı küncünə aparır, bəzilərimizi də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə. Kim harada nə qədər öyrənir?
Məsələyə mənəvi tərəfdən baxsaq, çox acınacaqlı durum ortaya çıxır. Bəli, günümüzün reallıqları gündəmimiz olur. Gündəmimizdə nə var? Çox təəssüf edilməlidir ki, bəzən gündəmin formalaşmasında böyük rolu olan bu peşə, bu gün elə gündəm olur. Özü də ən çirkin formada.
Bəlkə də gələcəyin ən parlaq, ən perspektivli jurnalistlərinə bu gün Jurnalistika fakültəsində özünüsenzura təlqin edilməsi, onların hələ püxtələşməmiş qələmlərinin mürəkkəbini qurudur. Onların hədələnməsi, şantaj olunması onların gələcəkdə mütləq bir reket jurnalist olmaq ehtimalını artırır və buna rəvac verir.
Məlum səs yazısından sonra elə həmin fakültənin tələbələri, elə həmin müəllimənin yetişdirdiyi tələbə-jurnalistlərin yazdıqları, müəlliməyə haqq qazandırmaları vəziyyətin göründüyündən də acınacaqlı olduğunu göstərdi.
Bəzi tələbələr yazırdılar ki, müəllimə düz deyir, heç kim evinin sirrini çölə çıxartmamalıdır. Bu "Təhsil müəssisəsinə" evi kimi baxan tələbəni qınamıram. Bu tələbə ocağı sömüş bir evin sütunlarıdır. Özü bu qaranlıq evdən çıxmalıdır ki, gözləri işığı, baş verənləri görməlidir ki, sabah qaranlıqları işıqlandırmağın mənəvi yükünü qaldıra bilsin. Ocağı sönmüş, qaranlığa qərq olmuş bir evdə həqiqətləri görmək olmur. Biz jurnalistlərdə o qaranlığa işıq verdik, gözləri açılsın deyə o ocağı qaranlıqdan işıqlığa çıxartmaq istədik, dedilər ki, bir jurnalistin səs yazması etik deyil. Bax elə bu da savadsızlığın başıdır, ya da ki, başın savadsızlığı.
Əvvəla heç bir hüququ əsası olmayan, məsuliyyətə cəlb olunma zəmini yaradan, ictimai yükü olan və ən əsas da "jurnalistin evinə aid olmayan" bir təhsil müəssisəsində baş verən pozuntularla bağlı fakt jurnalistə çatırsa, onu ictimailəşdirmək onun peşə borcudur. Görünür Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin gənc fidanlarına bununla bağlı heç bir şey öyrədilməyib. Bu problem gündəmin qəhrəmanı olan, elə sizin müəlliməniz olan adamın şəxsi həyatı, məişət problemi deyil. Vəzifə sahibi olan, tələbələrin və dövlətin qarşısında öhdəlikləri olan bir ictimai şəxsin peşəsindəki pozuntudur. Bu pozuntunun ictimailəşdirilməsi qeyri-etik deyil, öyrənə bilmədəyiniz jurnalistikadır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun