"Post-Erdoğan Türkiyəsində başqanlıq sistemi" - Yaxın Şərq

"Post-Erdoğan Türkiyəsində başqanlıq sistemi" - Yaxın Şərq
29 Yanvar 2017
Mətni dəyiş
"Başqanlıq sistemi sayəsində ölkənin taleyi ilə partiyanin taleyinin bağlanması, bir mənada da Erdoğanın taleyinin ölkənin taleyi olması deməkdir"
Azərbaycan mediasının bir çox sahədə olduğu kimi, bu regionda yaşanan hadisələrə başlıca reaksiyası susmaqdır. Amma təcrübə onu göstərir ki, yaxın regionumuzda baş verən bu hadisələr bizim taleyimizlə də birbaşa bağlıdır. Necə ki, Ərəb dünyasindakı neft oyunları bizim ölkəmizdə də gedirsə, eləcə də artan terrorizm, separatizm, məzhəb və bir çox Yaxın Şərq tendensiyaları Azərbaycanda da paralellik göstərir.
21-ci əsirin ilk onilliyinin sonunda peyda olan “Ərəb baharı” dalğasının Suriyada qırılmaması halında Azərbaycana qədər gəlib çıxacağından heç kes şübhə etmirdi. Şərq ilə qərbi birləşdirən Azərbaycan hər iki regionun xüsusiyyətini daşıdığı, bir əsrdən çoxdur ki, şərqdən qopub qərbə qovuşmaq və eyni zamanda öz köklərini qoparmamaq mübarizəsindədir.
Bütün bunları nəzərə alaraq, hər nə qədər diplomatik qurumlarımızın yaxın şərqdəki hadisələrə biganə qalsa da şəxs olaraq buradakı hadisələri izləməli, baş verənləri dərk etməliyik. Mən də yazılarım ilə burada baş verənlərdən imkan daxilində həftəlik analizlər yazaraq, tarixi, indiki və gələcəkdəki proseslərə dair fikirlərimi sizlərlə bölüşmək istəyirəm. “Abzas.net”-i də bu məqsədə seçməyimin başlıca səbəbi fikirlərimin heç bir senzuraya uğramadan sizlərə çatdırılacaq olmasına inancımdır. Yazılarımda yuxarıda da qeyd etdiyim kimi başda “qardaş ölkə” adlandırdığımız Türkiyə, Yaxın Şərq və Orta Asiyadakı siyasi -iqdisadi proseslerin əsasən arxa səhnəsini ələ alınacaq.
Bundan əlavə, Ərəbistanli Lavrensin bir birinə qatdığı, mədəniyyətin beşiyi sayılan, hər üç İbrani dinin qaynağı olan, soyuq müharibənin hələ də davam etdiyi, onlarla diktatora, yenə də onlarla çevrilişə səhnə olan, “Böyük Qardaş”ların masalarda böldüyü Yaxın Şərqdəki proseslər olduqca maraqlı və məncə əyləncəlidir də. Yazılarım obyektiv hadisələrə dayanmaqla yanaşı subyektiv fikirlərdir.
Post-Erdoğan Türkiyəsində “Başqanlıq” sistemi
Yazılarıma ilk öncə uzun müddətdir gündəmdə olan və bizə də hardasa təsiri olan “qardaş ölkə” adlandırdığımız Türkiyədə şiddətli mübahisələrə səbəb “Başqanlıq” sisteminin gətirilməsi ilə başlayıram.
Uzun müddətdir ki, parlament sisteminin effektivliyinə şübhə ilə yanaşılan Türkiyədə başqanlıq hakimiyyət modelinin də tərkibində olduğu konstitusiya dəyişikliyi təklifi referenduma çıxarılmağa yetəcək qədər səslə parlamentdən keçdi. İqtidarda olan AKP-nin təklif ettiyi və Milliyətçi Hərəkat Partiyası tərəfindan dəstəklənən təklifin, mart-aprel aylarında keçirilməsi gözlənilən referendumda müsbət nəticə alması heç də təəcüblü olmayacaq. Hər iki partiya 1 noyabr 2015-də keçirilən parlament seçkilərində səslərin təxminən 60 faizini toplamışdılar.
Türkiyədə başqanlıq sistemi, parlametin əlilə hökümətin təyin olunması və nəzarət olunması vəzifəsini prezidentə həvalə edilməsini planlayır. Bununla bərabər, baş nazir vəzifəsi ləğv ediləcək, prezident özü təyin etdiyi nazirlərə nəzarət edəcək. Konstitusiya dəyişikliyində ayrıca, vitse-prezident vəzifəsinin təsisi, millətvəkili seçilmə yaşının 18-ə endirilməsi (Hər iki maddə 2016-ci ildə Azərbaycanda Konstitusiyaya dəyişikliyi üçün keçirilən referandum aktında da yer alırdı), deputat sayın 550-dən 600-ə çıxarılması, prezidentin partiya üzvü ola bilməsi, prezidentin məhkəmə sisteminə təsirinin gücləndirməsi, hardasa qanun hökmünə çatan “Prezident qərarnamələri”nin imzalama vəzifəsinin tətbiqi kimi reformları nəzərdə tutur.
Bir digər deyişlə, prezidentin qanunverici, hökümət və məhkəmə sistemini tam olaraq ələ alması konstitusiya reformunun əsas tərkib hissəsidir.
Hər nə qədər qorxunc görünsə də, bu hal Türkiyənin indiki vəziyyətinə ciddi təsir etməyəcək. Çünkü prezident Recep Tayyib Erdoğan qurucusu olduğu, Ədalət və Qalxınma Partiyasının  (AKP) kağız üzərində olmasa da de-fakto lideridir və partiya onun nəzarətində idarə olunur. Bu partiya qanunverici orqan olan Türkiyə Böyük Millət Məclisində çoxluğa sahibdir və bütün qanunlar onun nəzarəti ilə qüvvəyə minir. Hökümət olan Nazirlər kabinetinin bütün üzvləri bu partiyanin mənsubudur. Qanunverici sistemə gəldikdə isə, buradakı kadrlar uzun müddətdir ki, hakim partiya ilə həmfikir olanlar arasından seçilərək təyin olunur. Əslində dövlət qurumlarına belə qəbullarda iqtidara yaxın olan "yandaşlar" daha çox üstünlüyə malik olur. Beləcə, yalnız üst bürokratlar deyil, eyni zamanda bütün dövlət qulluqçuları bacarıqlarına görə deyil, hakim partiyaya yaxınlığı ilə seçilirlər. Bu tendensiya, dini, elmi və hərbi qurumlarda da mövcuddur. Bundan əlavə, AKP yerli özünü idarəetmə orqanları olan bələdiyyələrdə də çoxluqla söz sahibidir.
Bu qədər geniş qüvvəyə malik AKP-də isə, lideri baş nazir Binali Yıldırım olmasına baxmayaraq bütün qərarların tək mənbəyi Erdoğandır. Erdoğanın özü bu münasibətləri “könül bağları” adlandırır. Binali Yıldırımın AKP-nin lideri olması isə, Ahmet Davutoğlunun idarəçiliyindən vaz geçən Erdoğanın, “aşağı göstəricilərə sahib” birini axtarışında ikən təsadüf əsəri olmuşdur.
Erdoğan, gələcəkdə ona rəqib olabiləcəyi qorxusu ilə AKP-nin güclü və qurucu üzvlərini rahatlıqla arxa plana atmışdır (məs: Bülent Arinç, Abdullah Gül, Ahmet Davutoğlu, Taner Yildiz, Yalçin Akdoğan). Hal-hazırda AKP-nin əsas vəzifələrində əksəriyyət sonradan partiyaya qatılanlardır. Bu taktika ilə Erdoğan partiyada kökləşmənin qarşısını alaraq, ona qarşı cəbhə açılmasından sığortalanıb. Amma bu taktikanın tək əksikliyi özündən sonra mirasçı qoymamağıdır. Erdoğan təmsil etdiyi ideolojik görüşdə tək liderdir və ikinci yoxdur, yalnız çox sayıda "sonrakılar" var. Belə vəziyyəttə başqanlıq sistemi sayəsində ölkənin taleyi ilə partiyanin taleyinin bağlanması, bir mənada da Erdoğanın taleyinin ölkənin taleyi olması deməkdir.
Bunun daha yaxşı izah edilməsi üçün Bolivarçi Venesuela Respublikasından nümunə verməyə ehtiyac var.
Hugo Chavez, uğursuz hərbi çevriliş cəhdi və həbsi sonrasında Venesuelanın prezidenti seçildi. Ölkəsində bir sıra reformlar keçirdən bu xarizmatik lider, ölkədə konstitusiya deyişiklikləri də edərək, bolivarçi sosiyalizmi və təkmərkəzli idarəçiliyi tətbiq etdi. Chavez vəfatina qədər ölkəsini böyük uğurla idarə etdi. Amma Chavezin ölümü vəziyyəti radikal şəkildi dəyişdirdi.
Ölüm döşəyində Chavez başqanlıq vəzifələrini köməkçisi Nicolas Maduroya etibar etmişdi. Chavezin vəfatı ilə bu vəzifələri məharətlə istifadə edən Maduro 2013 ili seçkilərdə 50 faizdən çox səs toplayaraq Venesuelanın yeni başqanı oldu. Chavez qədər xarizmatik olmayan Maduronun seçilməsi xalq tərəfindən etirazla qarşılandı. Maduro daha da sərt davranaq protestoçuları kütləvi şəkildə həbs etdirdi, senzuranı artırdı. Dünyada neftin qiymətinin aşağı düşməsi ən böyük neft rezervlərinə sahib ölkədə iqdisadi çöküşü başlatdı. 2015-də keçirilən parlament seçkilərində müxalifətin daha çox səs almasına baxmayaraq, hələ də hökümət, ordu, məhkəmə və polis Maduronun əlində idi, parlamentin qərarlarının qüvvəyə minməsi üçün O, imzasından keçməli idi.
Parlament 2019 ilində həyata keçirilməsi planlanan Prezident seçkilərini daha əvvələ keçirilməsi üçün qanun qəbul etdi amma prezident bunu da rədd etdi. Venesuela konstitusiyasina görə vaxtından əvvəl seçkilər üçün seçicilərin 20 faizinin imzasının yığması ilə də mümkün idi. Müxalifət 4 milliyon imza yığsa da Maduronun təyin etdiyi Seçki Komissiyasi bu imzalari qəbul etmədi. Müxalifətin Konstitusiya məhkəməsinə şikayəti də təmin olunmadı. Çünkü oranın da üzvləri prezidentin adamları idi.
Bu cür siyasi xaosun olduğu Venesuelada inflyasiya 800 faizə yaxındır, işsizlik və kriminal vəziyyətə görə dünyanin zirvəsindədir. Təbii rezervlərlə zəngin olan Venesuela xarici ölkələrin humanitar yardımı ilə ayaqda, Maduro isə hələ də hakimiyyətdə qalır.
Eyni hadisələrin Türkiyədə təkrarlanmayacağına dair heç bir qarantiya yoxdur. Chavez kimi xarizmatik olan Erdoğanın hakimiyyətində başqanıiq sistemi uğurlu ola bilər. Bəs, Erdoğandan sonra?! Özündən sonrası olmayan iqtidarında post-Erdoğan dövründə siyasi parçalanmaların olması, cəbhələşmə, bölünmə qaçınılmazdır. Belə olacağı halda, iqtidarı əlində tutanın ideolojik parçalanma nətivəsində xalqdan dəstəyini itirərsə, diktatorluq refleksi ilə davranmayacağına, ölkəni uçuruma aparmapayacağına dair qarantiya yoxdur. Və bu sadalanan hadisələrin yaşanma ehtimalı olduqca qüvvətlidir. Bu səbəbdən başqanlıq sistemi Türkiyədə yaxın gələcəkdə müsbət nəticələr vəəd etsə də, uzun gələcəkdə nəticələri heç də yaxşı görünmür.
Bu səbəbdən Erdoğanın onsuz da sahib olduğu vəzifələr üçün, Türkiyənin gələcəyini riskə atmaq heç də uğurlu addım deyil. Erdoğan sonrası Türkiyədə başqanlıq fiasko ilə nəticələnəcək. Bunu deməklə zənnimcə heç də yanılmayacağam.
 
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun